Bu ilin mart ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 515 min barel səviyyəsində olub.
“2023-cü ilin mart ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632 min barel olub. Bunun 515 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib”, - məlumatda bildirilir.
Qeyd olunur ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
Beləliklə, Azərbaycan mart ayında "OPEC+" çərçivəsində kvotasından 169 min barel geridə qalıb.
Xatırladaq ki, "OPEC+" 2020-ci ilin may ayında koronavirus pandemiyasının səbəb olduğu neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9,7 mln. barel azaldıb. 2022-ci ilin avqust ayından etibarən alyans bu ixtisarlardan çıxmaq üçün son mərhələyə keçdi, lakin noyabr ayından hasilatı yenidən azaltdı - avqust ayı üçün mümkün olan maksimum səviyyədən gündəlik 2 mln. barel. Bu qərar 2023-cü ilin sonuna qədər qüvvədədir.
Bundan əlavə may ayından etibarən bəzi “OPEC+” razılaşması ölkələri gündəlik neft hasilatını əlavə olaraq 1,66 mln. barel azaldacaq.