Ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Dərnəyinin (TÜMKİAD) İdarə Heyətinin sədri İlhami Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında görüş keçirilib. Səfər əsnasında türk nümayəndə heyəti işğaldan azad edilən Azərbaycan ərazilərinin bərpası prosesində iştirak etmək, sənaye müəssisələri tikmək niyyətlərini dilə gətiriblər.
Türkiyə şirkətlərinin Qarabağda sənaye müəssisələri inşa etməsi, həm bura köçürüləcək vətəndaşlarımızın məşğulluq probleminin həlli, həm də ümumilikdə Qarabağ regionu və ölkəmizin iqtisadi inkişafı baxımından nə dərəcədə faydalı ola bilər?
Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov Türkiyənin Qarabağdakı layihələrdə iştirak etmək haqqının digər dövlətlərdən daha çox olduğunu vurğulayıb:
“Işğaldan azad edilən ərazilərdə aparılan əsas quruculuq işlərindən biri də burada müəyyən müəssisələrin yaradılmasıdır. Bu ərazilərdə kənd təsərrüfatı və turizm ilə yanaşı, həm də sənaye sahələrinin yaradılmasına çox böyük ehtiyac var. Vaxtiylə bu rayonlarda iri sənaye obyektləri olub. Hərbi-sənaye müəssisəsi, maşınqayırma müəssisəsi və s. fəaliyyət göstərib. Bu gün isə Qarabağda Sumqayıt Səanye Parkı kimi parkalrın yaradılmasına ehtiyac var.
Türk şirkətlərinin təmsilçiləri bundan öncə də bir neçə dəfə Azərbaycanda olublar, müəyyən danışıqlar aparıblar. Qarabağda fəaliyyət göstərməyə Türkiyə şirkətləri digər dövlətlərdən daha çox layiqdir. Türkiyə 44 günlük müharibədə Azərbaycanın yanında oldu və bu gün də ölkəmizin yanındadır.
Qarabağda xırda sənaye müəsisələri, emal müəssisələri tikilməsinə daha çox ehtiyac var. Qarabağda üzümçülük təsərrüfatının qədim tarixi var. Bu baxımdan şərabçılıq zavodunun yaradılmasına da ehtiyac var. Çox istərdim ki, orada hərbi-sənaye müəssisəsi də olsun. Əvvəllər Ağdam şəhərində belə bir zavod var idi. Orada müəyyən hərbi sursatlar istehsal olunurdu. Bu gün də belə bir müəssisənin yaradılması arzuedilən olardı.
Bu gün Qarabağa investisiya qoymaq istəyən dövlətlər çoxdur. Amma cənab prezidentin bu sözünü heç vaxt yaddan çıxarmaq olmaz. Ölkə başçısı qeyd etdi ki, 44 günlük müharibədə öz dostumuzu və düşmənimizi tanıdıq. Qarabağdakı investisiya layihələrində yəqin ki, bizim dostlarımz olan Türkiyə, Pakistan, İtaliya kimi dövlətlər yaxından iştirak edəcəklər”.
Seymur ƏLİYEV