Azərbaycanda media yayımı il bağlı ciddi problemlərin mövcudluğu heç kimə sirr deyil. Bu gün on minlərlə vətəndaşın məskunlaşdığı Bakı kəndlərində bir dənə də olsun qəzet köşkünün olmaması, eyni problemin müxtəlif şəkildə əyalətlərdə də müşahidə edilməsi deyilənlərə nümunədir.
Maraqlıdır, Bakı kəndləriundə qəzet köşklərinin yoxluğu nə ilə bağlıdır? Doğrudanmı məlum problem insanların qəzetə olan marağının azlığı ilə bağlıdır? Yoxsa informasiya texnologiyasının bütün sərhədləri aşdığı XXI sərdə belə, hələ də kimlərsə əhalinin informasiya almaq imkanını məhdulaşdırmağa, bu yolda süni əngəl yaratmğa çalışır?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili belə bir problemin mövcudluğunun inkaredilməz olduğunu vurğuladı. A.Mərzilinin qənaətincə, bu problem Bakı kəndləri ilə yanaşı rayonlar üçün də aktualdır:
“Nəinki Bakıətrafı kəndlərdə, rayonlarda da qəzet problemi mövcuddur. Mən Ağdam bölgəsinə gedəndə məndən birinci soruşduqları söz “qəzet gətirmisən?” olur. Buna görə də Bakıdan rayona gedəndə maşının yük yerini qəzetlərlə doldurur və özümlə qəzet aparıram. Rayonda insanlar qəzeti gözünə təpir.
Bu problemin niyə ortaya çıxdığı, hardan qaynaqlanmasına gəlincə, bunu ciddi şəkildə araşdırmaq lazımdır. Ola bilsin ki, kimlərsə informasiya qıtlığı olmasında maraqlıdır. Lakin bir məsələ də var ki, indiki dövrdə insanların informasiya almaq imkanını bu şəkildə məhdudlaşdırmaq mümkün deyil. Çünki elə bir zamandır ki, telefonla da informasiya almaq mümkündür. Görünür, kimlərsə tərəfində çap mətbuatını məhv etmək siyasəti aparılır. Hər halda baş verənlərdən bu qənaətə gəlmək mümkündür”.
Seymur Əliyev