Ukraynanın MDB-dən çıxmasıyla bağlı qərar verməsi bu qurumun gələcəyini sual altında qoydu. Elə ona görə də Azərbaycanda da bu qurumun gələcək aqibəti barədə fikirlər haçalanır və bizm də həmin qurumdan çıxmalı olduğumuz qənaətində olanların sayı günü-gündən artmağa başlayır. Amma fərqli düşünənlər və bir qədər də gözləməyi təklif edənlər var.
Moderator.az-a açıqlama verən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da belə hesab edir ki, 90-cı illərin əvvəllərində Azərbaycanın buraxdığı siyasi səhv təkrarlanmamalıdır:
“Mən
buna mənfi yanaşıram. Çünki indiki situasiyada Rusiyanın hədsiz dərəcədə
dünyaya meydan oxuduğu bir zaman kəsiyində və Qarabağ probleminin həll
olunmadığı bir situasiyada Azərbaycanın belə bir addım atması ölkəmiz üçün çox
ciddi problemlər yarada bilər. Onsuz da MDB dağılmaq üzrədir. Gürcüstan
qurumdan çıxıb, artıq Ukrayna da qurumu tərk edəcəyi barədə bəyanatını verib, gələcəkdə
Moldovanın da MDB-dən çıxacağı heç kimdə şübhə doğurmur. Bundan başqa Türkmənistan
da bu qurumda işirak etmir, Özbəkistan da yoxdur. Mən həmin iclaslarda iştirak
edən bir şəxs kimi deyə bilərəm ki, bu qurumun tədbirlərində ən çox fəal
iştirak edən Belarus, Qazaxıstan və Qırğızıstandır. Ona görə də biz bu
kataklizmlərin içərisində olmalı deyilik. Biz təmkinlə proseslərin səngiməsini,
suların durulmasını gözləməliyik və 90-cı illərin əvvəllərində buraxmış
olduğumuz siyasi səhvləri yenidən təkrarlaya bilmərik. Ona görə də hesab edirəm
ki, rəsmi qurumlar da baş verənləri çox təmkinlə izləməli və beynəlxalq hüquq
normalarına uyğun hərəkət eməlidirlər.”