Türkiyə Ermənistan və İranla sərhəddə 11,7 milyon kvadratmetr sahəni minalardan təmizləmək barədə qərar qəbul edib. ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, prosedur Türkiyə Daxili İşlər Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən gerçəkldəşdiriləcək.
Daxili İşlər Nazirliyinin 2014-cü il üzrə iş proqramında yer alan layihənin məqsədi aşağıdakı kimi izah edilir: “Minalar təmizlənərək AB-nin inteqrasiya edilmiş sərhəd idarəçiliyi siyasəti və strategiyaları çərçivəsində qeyri-qanuni miqrasiya və bütün sərhədi aşan cinayətlərin qarşısının alınması və texnoloji dəstəkli müasir sərhəd nəzarəti sisteminin qurulması üçün humanist və təsirli sərhəd nəzarəti vasitələri ilə təmin ediləcək”.
Yəni sərhədə modern izləmə cihazları yerləşdiriləcək. Layihə çərçivəsində 26 ədəd kəşfiyyat-müşahidə vasitəsi alınacaq. Toplam büdcəsi 52,45 milyon avro olan layihənin büdcəsinin 75 faizini Avropa Birliyi, qalan hissəsini isə Türkiyə Müdafiə Nazirliyi ödəyəcək.
Türkiyənin “Akşam” qəzeti yazır ki, mina təmizlənməsi ilə Türkiyənin Ermənistanla sərhədinin açılması məsələsi gündəmə gəlir. “Dağlıq Qarabağdan bəzi bölgələrin Azərbaycana verilməsi şərti ilə Türkiyənin Ermənistanla sərhədi açaraq dəmir yolu nəqliyyatına yenidən başlanacağı bildirilir. Bir qədər öncə İqdır yaxınlığındakı Türkiyə-Ermənistan sərhədində də tikinti işləri başlamışdı”.