Türkiyə baş nazirinin müavini Bülent Arınç "Todays Zaman"ın azərbaycanlı müxbiri Mahir Zeynalovun baş nazir Rəcəb Tayyib Ərdoğanla bağlı sosial şəbəkələrdə yazdığı fikirlərdən sonra ölkədən deportasiya edilməsinə münasibət bildirib.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Arınç bu məsələ ilə bağlı olduqca sərt açıqlama verib: “O dəyərli dostumuza demək istəyirəm ki, twitterdən Türkiyənin baş naziri haqda səsləndirdiyi fikirləri öz ölkəsində, ölkəsinin baş naziri və prezidenti üçün deyə bilirmi? Və ya Türkiyədə işləməyə davam etdiyi təqdirdə Azərbaycan prezidenti və baş naziri ilə bağlı hansısa bir məsələ olsa idi, bir mesaj yaza biləcəkdimi? Türkiyə ilə öz ölkəsinin müqayisəsi mümkündürsə, jurnalist dostumuza bunun üçün bir cəhd etməsini məsləhət görürəm”.
Xatırladaq ki, Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsinə səbəb yazdığı bu twitlər olub: “Türk hakimlər polisə "əl-Qaidə" ilə bağlantısı olan şəxsləri həbs etmə qərarı verdi, Ərdoğanın təyin etdiyi polis rəisləri isə buna əməl etmədi, Ərdoğanın təyin etdiyi şəxslər əməliyyatların qarşısını aldığından, "əl-Qaidə"nin Türkiyədəki adamları qaçdı”.