Fevralın 8-də Ümid Partiyasının Mərkəzi Qərargahında partiyanın Ali Məclisi növbəti sessiyasını keçirib. “Qafqzzinfo”ya daxil olan məlumata görə, partiyanın sədri, millət vəkili İqbal Ağazadə Sessiyada iştirak edərək, ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı maraq doğuracaq çıxış edib. Partiya sədri qeyd edib ki, ictimai-siyasi vəziyyətlə bağlı çox danışmaq niyyətim, prezident seçkilərindən az müddət keçdiyi üçün əslində köhnələri təftiş etmək fikrim yoxdur. Səhvlər və hakimiyyətə yönəlik mesajlarala bağlı ilin sonunda keçirdiyimiz tədbirdə danışmışıq , mövqeyimizi ifadə etmişik. Təəssüflər olsun ki, istəməsək də zamanında verdiyimiz proqnozlar doğru çıxır. Hakimiyyətin suçu vəzifəsini yerinə yetirməməsi, Azərbaycan konstitusiyasının tələblərinə əsasən üzərinə götürdüyü vəzifələri icra etməməsi, oturduğu kürsünün məsuliyyətini dərk etməyərək Azərbaycan xalqına layiqincə xidmət göstərməməsidir. Biz bunların hamısını bildiyimiz üçün müxalif mövqedəyik. Amma bizim də müxalifət olaraq günahımız bütün bunların hamısını görə-görə illər uzunu eyni taktikadan istifadə etməyimizdir. Dəyişməyə cəhd edirik və çalışırıq. Bu istiqamətdə nəhayət ki, 2012-ci ildən bu günə qədər apardığımız mübarizənin sonucu olaraq yaxın günlərdə bəzi ciddi addımlar atacağıq . 2015-ci il parlament seçkilərinə cəmiyyətin müxtəlif spektrinin iştirakı ilə hərəkat formasında gedərək, dəyişmək fikrimiz var. Nə qədər uğurlu alınması isə bizdən, bizim işimizdən, qarşımıza qoyduğumuz məqsədlərə inamla, ardıcıl şəkildə getməyimizdən asılıdır.
Dünya dəyişir. Demokratiyanın sərhədlərinin eyni ilə qalmayacağını, genişlənəcəyini, eyni zamanda postsovet məkanında olan dövlətlərlə bağlı Avropanın, o cümlədən dünyanın yeni münasibətlər sisteminin müəyyənləşəcəyini keçən iclaslarımızda da qeyd etmişdim. Faktiki olaraq Ukraynada bu proseslər gedir. Azərbaycan coğrafiyanın həssas, həm də qarışıq bir bölgəsidir. Bir tərəfdən şərqin qapısı, bir tərəfdən Rusiyanın qonşuluğu. Nəticə etibarı ilə coğrafiyanın proseslərdə ikinci plana salınması kimi görünür. Əslində belə deyil. Bu proses mərhələli gedir. Avropa öz sərhədlərini genişləndirəcək. Avropa sərhədlərini bizə və Ukraynaya sevgisindən genişləndirmir, bunun fundamental səbəbləri var. Bu səbəblərin içərisində birinci növbədə Avropanın özünün təhlükəsizliyi var. Bunu ciddi şəkildə düşünür və öz təhlükəsizliyinə biganə deyil. XX əsrin sonuncu on illiyinə qədər Avropa dünyanın ən qarışıq bölgəsi olub. Ideoloji və hərbi savaşlar, iki dünya müharibəsi, vətəndaş müharibələri, o cümlədən sistemlərin mübarizəsi- bunlar hamısı Avropada, Avropanın coğrafiyasında baş verib. Bu coğrafiya ilk dəfə olaraq mövcud olduğu dönəmdən indiyədək təhlükəsiz bir zolağa çıxarılıb. Bunu kimsəyə güzəştə getməyəcəklər və bunu Rusiyanın təhdid etməsinə, o cümlədən Rusiyanın bu coğrafiyanı qatışdırmasına, regionda özünə müttəfiqlər tapıb balansı və sabitliyi poza bilməsinə şans verilməyəcək. Avropa bu səbəbdən sərhədlərini genişləndirir. Əgər Ukrayna, Cənubi Qafqaz , Türkiyə, Belarus, Moldova, yəni postsovet ölkələri, bundan sonrakı mərhələdə Orta Asya, Rusiyanın özü demokratikləşməyə doğru getməyəcəksə, idarəetmə, yaşam tərzi, yanaşmalar, münasibətlər sistemi yeni mərhələyə qədəm qoymayacaqsa, Avropa üçün ciddi təhlükələr olacaq. Çünki, ən azı bir sistemi qorumaq üçün onun həm bufer zonası, həm tompon zonası olmalıdır ki, oradan süzülüb gələn, istər insan, istərsə də düşüncə, fikir, ideya resursu süzgəcdən keçə-keçə gəlib ən təhlükəsiz zolağa çıxsın. Buna görə də hesab edirəm ki, bu proses dayanmayacaq. Bizdə proseslərin ləng getməsinin isə səbəbləri hakimiyyətin idarəetməsinin mahiyyətinin başqa ölkələrə nisbətən daha sərt olmasıdır. Məsələn Ukraynaya nisbətən bizdə idarəetmə metodları, siyasi institutlara, siyasi proseslərə yanaşmalar daha sərt və daha aqressivdir. O, cümlədən qanunların icrası zamanı münasibətlər sisteminin fərqli formada təşəkkül tapması, proseslərə münasibətlərdə adekvat olmayan güc tətbiqləridir. Azərbaycan idarəetməsində aşağıdan yuxarı baxsan, nazirlərdən, nazir müavinlərindən , komitə sədrlərindən, icra başçılarından və s. ibarət bir siyahı düzəltsən görəcəksən ki, hamısı biri-biri ilə qohumdur. Və bu qohumluq əlaqələrinə görə onlar sanki Azərbaycanda daha çox öz qohumluq münasibətlərini və imkanlarını əldə saxlamaq üçün çaba göstərirlər.
Xalq prosesdən uzaqlaşdırılıb. Bu istiqamətdə hansı mesajları versək, mesajlarımızı qəbul etməsələr belə günah onların deyil. Çünki illər uzunu təkrarlanan proseslər, xalqın bu məsələlərdə itirdikləri nəticə etibarı ilə əks effekt yaradır. Deyilən şüarlara, verilən mesajlara, yanaşmalara belə adekvat olmayan cavab alınır. Amma nəhayət ki, şüurlu düşünə bilən , analiz edə bilən, bu proseslərdən çıxış yolunu görə bilən bir qismin verdiyi mesajlar əsasında aşağıdan yuxarı təşkilatlanma fərqli şəkildə həyata keçirilməlidir və bu təşkilatlanmanın nəticəsində də dəyişiklik olacaqdır.
Bu ölkənin ən azı 80 faizi mövcud iqtidardan narazıdır. Amma bunların hamısı məişət narazılarıdır. Hamı evdə, mətbəxdə, çayxanada dostlarla, qohumlarla söhbətdə, əməkhaqqı alanda, iş yerlərində, işsiz qalanda narazıdırlar. Siyasi narazılar deyil. Bunları siyasi institutlar təşkilatlandırıb məişət narazılarından siyasi narazılara çevirməlidirlər. Təəssüflər olsun ki, siyasi partiya olaraq bunun öhdəsindən gəlməmişik. Mən dəfələrlə qeyd etmişəm, bu gün də inamla qeyd edirəm. Ümid Partiyasının qoyduğu yol, tutduğu mövqe uğur qazanmayacaqsa , Azərbaycan müxalifətində heç kimin getdiyi yol uğur gətirməyəcək. Bu sözləri pafos, motivasiya üçün demirəm. Mən inansam ki, Azərbaycan siyasi fikir, ictimai-siyasi hərəkat tarixində başqa bir yol məqbuldur və bu yolun Azərbaycanda gerçəkləşməsini istəyən, çaba göstərən, çalışan siyasi partiya, namizəd, insan , xətt, yol, qrup varsa məmnuniyyətlə onun arxasında, yanında dayanaram. Önünə keçmərəm.
2010-cu il seçki öncəsi də, 2013-cü ildə də fikrimizi bildirmişik, demişik və dediklərimiz doğru çıxıb. Arzular başqa bir şeydir. Seçkidən öncə regionlarda belə bizim təbliğat qrupları işləyəndə çoxlu suallar ünvanlanırdı. Milli Şura və Milli Şuranın edəcəkləri ilə bağlı. Biz mesajımızı verirdik, deyirdik ki, bu doğru yanaşma deyil. Sizcə insanlar niyə prosesin içərisinə girmirlər?- Həyatlarından razıdırlarmı?- Bu iqtidar doğurdan da onların mənafe və istəklərinin ifadəçisidir? -Yox. Bəs niyə prosesdə iştirak etmirdilər? Nədən bizim ifadə etdiyimiz kimi laqeyd qalırlar?- Yox laqeyd deyillər. Bir neçə fundamental səbəb var. İnsanlar qorxudulub- iş yerini itirməkdən, həbsxanaya getməkdən, şərlənməkdən qorxanlar var, yaxınlarının, doğmalarının, elinin obasının, əhalisinin, kəndinin içərisində hörmətdən salınmasından, qohumlarına, çevrəsinə təzyiq olunacağından qorxanlar var. Bu qorxunu hakimiyyət yaradıb. Amma biz o, qorxunu müxalifət olaraq durdurmaq üçün də addımlar atmamışıq. Mən bunu çox tez-tez deyirəm. 20 ildə Azərbaycan iqtidarı Azərbaycan müxalifətinə bir radikal portret cızıb ki, sən belə görünməlisən. Hətta görünmək istəməyəndə belə iki yolu qalır, ya onu döyə-döyə, əzə-əzə radikal edir, özünə qarşı ən radikal mövqeyə çıxardır, yaxud da radikal mövqeyə çıxarda bilməyəndə məcburən sürüşdürüb ictimai fikirdə, düşüncədə, rəydə özünün yanında saxlayır ki, mənimkidir. Onun özünün müəyyən etdiyi portret, öz cildində, düşüncəsində, qabiliyyətində cəmiyyətə özünü təqdim etməyə imkan vermir. Çünki insanlar özü olanda, digər insanları da prosesə gətirəcəklər. Sizcə bu iqtidar niyə bu radikal portreti cızır? -20 ildən artıq mövcud bir hakimiyyət özünə qarşı sərt, radikal mövqedə olan insanların ortada olmasını arzulayarmı? Bunun sadə bir səbəbi var. O, radikalın böyüründə, başında olan budaqları o qədər doğrayıb, o qədər əzir, onu o qədər çılpaq vəziyyətdə qoyur ki, onun yerindən bir balaca pöhrə çıxmağa belə imkan olmur. İnsanlar hamısı qaçır. O qalır orada tək. Mübarizə aparmaq üçün bircə özü qalır. Yəni özü deyəndə kiçicik bir dairə. Böyük dairəni hakimiyyət qoymur yaranmağa. Çünki, o radikal olmasa, onu məcburən o sifətə salmasa, insan kimi cəmiyyətdə münasibətlər sistemini saxlasa, adamlar gəlib dayanar onun arxasında, doğru fikrin yanında. Söylənilən doğru fikri o qədər qamçılayırlar ki, o da hirsindən. hikkəsindən. ona olunan ədalətsizlikdən, qeyri-qanuni hərəkətlərdən bezir usanır, ağzını açır, gözünü yumur və iqtidar istədiyi nəticəni alır. Mən prezident seçkilərində bir məsələyə diqqət yetirdim. Hörmətli namizədlərdən birinə sual verdim, bu sizin obraz deyil axı, siz niyə belə çıxış edirsiniz?- Cavabı belə oldu. Gömürsünüzmü namizədlərdən biri mənimlə necə danışır? məni bu cür danışığa məcbur eləyirlər. Dedim bax, indi bir ziyalı kimi düşünəcəksən o, namizəd kimdir?- Hakimiyyətin adamı. Orada nədən ötrü oturub?- Hakimiyyətin mənafelərini müdafiə etmək üçün. Əgər, həmin namizəd səni gətirib o vəziyyətə salırsa ki, sən bu cür danışacaqsan, demək hakimiyyətə sənin bu obrazın lazımdır. Bəs sən niyə getdin ona?
Biz barış və dialoq deyirik. Bəzən dostlar arasında, hətta partiyadaşlar arasında da məni səhv başa düşürlər. Barış və dialoq təkcə iqtidar üçün deyil, siyasi proseslərə qatışmayan, qorxan, çəkinən xalq üçündür. Onlara mesaj verirəm ki, mən onunla döyüşmürəm, bu döyüş səhnəsinə, anonsuna görə sən qorxub kənarda durma, gəl dur arxamda, yanımda, gəl proseslərə qoşul. Burda oturanlardan hər biriniz yaxınlarınızla yol gedərkən küçədə iki adam dalaşanda, qolundan dartıb aparasınız ki, qarışma, nə işinə qalıb, gəl çıxaq gedək. Ən yaxşı halda yaxşı vətəndaş 102-ni yığaraq polisə xəbər verər. Azərbaycan müxalifətini əlində zopası olan, ordusu olan, polisi olan, repressiya maşını olan iqtidar dava müstəvisinə dartıb çıxarır və bizə deyir ki, sən xalqı çağır gəlsin bu davaya. Xalq heç gələrmi o davaya, çıxarmı o müstəviyə ki, bu qədər imkanı olan biri ilə dalaşsın, mübarizə aparsın? Xalq yavaşca çəkilib gedir. Çünki bu iqtidara bu cür lazımdır.
Bəzən dostlar inciyir ki, biz daha radikal mövqe ortaya qoymalıyıq. 20 il bundan əvvəlin ritorikası siyasətdə bir başqa ola bilərdi. Bu gün siyasətin ritorikası bir başqadır. Sabah bir başqa olacaq. Bu gündəlik dəyişən bir şeydir. Sizlərin arasında kifayət qədər təcrübəli müəllimlər var. Sizcə 20 il bundan əvvəl orta məktəb şagirdləri ilə sinifdə, auditoriyada indiki kimi davranırdınızmı? Bəs nədən körpəcik bir şagirdlə 20 ildən sonra davranışlar dəyişibsə, bu siyasətin ritorikası dəyişməməlidir, siyasət yeni bir müstəviyə çıxarılmamalıdır? Türkiyənin ictimai-siyasi həyatındakı 20 il bundan əvvəlki ritorika eyni idimi? ”“Yox, tamam fərqli ritorikalar, yanaşmalar var idi. Bundan əvvəl Türkiyədə kim dini siyasətin içinə gətirə bilərdi? Həmən ordu o, partiyanı da qapadardı, adamlarını da içəri atardı. Amma 20 il sonra Türkiyə ictimai-siyasi düşüncəsində dini dəyərlərə sahib çıxmaq uğrunda daha çox siyasi partiya mübarizə aparır və kim ondan daha çox yararlanıb insanları sıralarına cəlb edəcək deyə bir çaba göstərirlər. 20 il bundan əvvəl qonşumuz Gürcüstan ritorikası bu günlə birdirmi? Qamsaxurdiyanın, Şivarnadzenin mövcud olduğu, sistemlərin, yanaşmaların, dillərin fərqli olduğu bir Gürcüstan var idi. Biz nədən o ritorikaları dəyişməməliyik? Niyə hamı hesab edir ki, biz 1988-92-ci ilin ritorikası ilə proseslərə yanaşmalıyıq?- 20 il bundan əvvəl bu günkü gündə Azərbaycanın işğal olunmuş torpaqlarında qanlı döyüşlər gedirdi və Bakıda da aşağı yuxarı hərbi güclər var idi. Hələ 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri olmamışdı, neft kontraktları bağlanmamışdı. 20 il sonra da dövrlərin fərqi yoxdurmu?
Əgər bu gün BMT-nin 4 qətnaməsi, Avropa Birliyinin, Avropa Şurasının qətnaməsi varsa, torpaqlarımızı işğaldan azad etmək üçün əlimizdə hər cür hüquqi imkan olduğu dönəmdə, bizə bunu etməyə imkan vermirlərsə, atəşkəs rejiminə əməl edəcəksən, münaqişəni hərbi yolla həll etməyəcəksən deyirlərsə, Bakının mərkəzində siyasi proseslərin ritorikası başqa ola bilərmi, buna imkan verərlərmi?
Siyasət təkcə danışmaq elmi deyil, həmdə ciddi ağıl tələb edir. Bir zamanlar siyasətə siyasətdən xəbərsiz, təsadüfü adamlar gəldi. Hakimiyyət isə ağıllı adamların siyasətə gəlməsinə imkan vermədi. Yeni mərhələyə çıxmaq istəyirik və bütün bunların hamısını görürük, amma çox təəssüflər olsun ki, cəmiyyətin içərisindən siyasətdəki elmi yeniliyə bir basqı var. Bu bizim günahımız deyil. Siyasətdə o qədər elmsiz, savadsız adamlar var ki, iqtidarında marağında deyil ki, elmli və savadlı adamlar ortaya çıxsın. Bəzən hər ikisi bu istiqamətdə birləşir və imkan vermir. Amma Azərbaycanda proseslərin qarşısını alacaq heç bir güc yoxdur və bu mümkün deyil.
Bu hakimiyyəti uzun illər korrupsiyada ittiham edirdik. Artıq hakimiyyət özü-özünü ittiham edir. Artıq dövlət başçısı çıxıb deyir ki, bu qara yaranı içimizdən təmizləməliyik. Demək vəziyyəti dəyişən bir mərkəz, bir güc, ictimai-siyasi düşüncə, fikir var. Asan xidmət yaradılıb. Bu niyə yaradılıb?- çünki aşağıdan yuxarı ona etiraz edə biləcək insanların etirazı hansı xidmət növünə qarşı idi onlar bilirdilər. Hakimiyyət addım-addım geri çəkilir. Bir az güclü olub, təzyiqi artırsaq, ictimai nəzarət mexanizmini bərpa etsək çox sürətlə Azərbaycan dəyişəcək. Artıq zaman bunu diktə edir. Indi baş verənlər Andarpov dövrünü xatırladır. Içəridə bir qorxu, bir sıxıntı var. Hakimiyyətin içində də bir narazılıq var. Sistem dəyişməlidir. Bu sistemlə davam etmək olmaz. Partiya olaraq ciddi şəkildə ayaqda olmalıyıq. Bu proses uzun çəkməyəcək. Bu demokratiya küləyi Azərbaycanı basır. Onda milləti, dövləti xalqı ayaqda saxlamaq üçün hökmən siyasi institut ortada olmalıdır və o, siyasi institutlar içərisində bu gün ən düzgün yanaşma, mövqe sərgiləyən məhz Ümid Partiyasıdır. Bunu artıq hər kəs bilir. İnamla, ümidlə, ardıcıl şəkildə mübarizə aparmaqla bu prosesi sona çatdıracağıq.