Milli Məclisin sədr müavini Bahar Muradova cəbhədə şəhid olan Füzuli rayonundan həqiqi hərbi xidmətə çağırılmış Eşqin Quliyevin yas mərasimində iştirak edib. Moderator.az vitse-spikerin yas mərasimindəki təəssüratlarını paylaşdığı statusu təqdim edir:
"Bir millət vəkili kimi mənə Eşqin Quliyevin toyunda
deyil, yas mərasimində iştirak etmək qismət oldu. Çox ağır dəqiqələr idi. Azərbaycan
bayrağının üzərində asılmış şəkildə bir cüt göz aramsız olaraq bizi izləyirdi.
Bu göslər həm də ciddiyyət və məsuliyyət ifadə edirdi. Özünə arxayınlıq və inam
da vardı onlarda. Öz gücünə, cəsarətinə və dəyanətinə inam. Bütün bunların
arxasından isə bir kədər və qayğı oxunurdu onlarda. Sevinci isə çox axtardım,
tapmadım. Elə bil alnına tuşlanan güllə səsindən perik düşmüş, daha rahat, daha
təhlükəsiz bir yerdə gizlənmişdi. Əmisi Vaqif kişi onun haqqında çox həzin,
titrək səslə, ancaq qürurla danışır:
-Bahar
xanım, vallah, desəm inanmazsınız. Eşqini elə bil ki, yüzlərlə ağır, sanballı və
müdrik ağsaqqal kişilərdən yoğurub yapmışdılar. Heç 25 yaşlı gənc bir
oğlana bənzəmirdi. Bir az da qaraqabaq və qapalı görünərdi həmişə. Böyüklə
böyük, kiçiklə kiçik idi. Həyatın gözəllikləri, rəngarəng zövqlərinə marağı, əyləncə
və vaxt keçirməklə arası yox idi. Heç kimin qəlbinə dəyməz, heç kəsin sözünü
çevirməzdi. Hansı işə buyursan, canla-başla yerinə yetirər, heç nədən şikayətlənməzdi.
Özündən böyüklərin gözlərinə çox az hallarda baxardı. Daim öz aləmi və iç
dünyası ilə baş-başa idi elə bil. (bunları söyləyərkən dodaqları səyriyir,
lakin özünü ələ alaraq sözünə davam edir). Bu da bizim öz dədə-baba
torpaqlarımızdır. Kəndimiz Aşağı Seyidəhmədli isə işğal altındadır, bütün evlərimiz
dağıdılıb, - deyir. Biz bu yerlərə qayıdıb yenidən məskunlaşanda öz qəbristanlığımız
yox idi. Dünyasını dəyişənləri digər kəndlərin qəbristanlığında, ya da məskunlaşdıqları
yerdə basdırardıq. Sonra kənd ağsaqqalları yığışdıq, bir az yuxarıda təpənin
başında qəbristanlıq üçün yer müəyyənləşdirdik. İndi orada 300-dək həmkəndlimiz
dəfn olunub. Artıq Eşqinin də son mənzili ordadır ”“ atasının yanında. (daha
danışa bilmir, başını aşağı salıb susur). Özünü ələ aldıqdan sonra sözünə davam
edir.
-Neynəmək
olar, ay qızım, hər kəsin bir taleyi var, hərə bu dünyadan bir cür köçür. Onun
da qisməti beləymiş. Amma şərəfli ölüm hər şeydən üstündür. Bir təsəllimiz var
ki, o, bu torpağın azadlığı yolunda, namus, qeyrət üçün vuruşub, bu yolda da şəhid
olub. Vallah qürur duyuruq, fəxr edirik ki, o, özü bu yolu seçdi, “mənim yerim
ön cəbhədir” ”“ deyib, cəsarətlə irəli atıldı. Düşmənlə üz-üzə ən sonuncu mövqedə,
təmas xəttindən 200 metr ara məsafəsində xidmət edirdi. Döyüş yoldaşları da
deyir ki, hərbi tapşırıqları yerinə yetirəndə heç öz təhlükəsizliyinin qeydinə
qalmaz, səngərin üzərinə qalxaraq düşmənin həmlələrinə cəsarətlə cavab verərdi.
Həmin gecə də belə olub, deyirlər. Doğrudur, mən orda olmamışam, yalan danışa
bilmərəm. Əsgər yoldaşlarının söylədiklərini deyirəm. Yenə də yarıyadək səngərdən
qalxıb atəş açırmış, onu çəkib aşağı salıblar ki, düş aşağı, müəyyən olunmuş atəş
nöqtələrindən cavab ver. Snayper gülləsi də elə onu burada yaxalayıb. Düşmən həmin
nişan nöqtəsində onu başından vurub. (yenə səsi titrəyir, ancaq elə bil kövrəldiyi
üçün özünü günahkar sayır. Onun ruhu və bizi izləyən gözləri qarşısında zəif
görünmək istəmir, özünü ələ alaraq sözünə davam edir). - Bahar xanım, bu hadisədən
bir həftə əvvəl ona fiziki keyfiyyətləri və döyüş bacarıqlarını nəzərə alaraq,
xüsusi hissələrdə xidmət etmək təklifi olunub. O isə qəti imtina edib. Ön cəbhədə
qalmaq istədiyini deyib. Bir sözlə, öz taleyini şüurlu şəkildə özü seçdi,bu
torpaq, bu xalq üçün canını belə əsirgəmədi. “Təki Vətən yaşasın” ”“ dedi...
Onu diqqətlə dinləyirəm. Bu sadə, müdrik ağsaqqal sanki bizə,
onun dərdinə şərik olmağa gəlmiş Füzuli icra başçısı Alı müəllimə, rayon
ağsaqqallarına, idarə və müəssisə rəhbərlərinə və s. təskinlik verir. Elə bil
çox kədərlənəcəyimizdən ehtiyat edir. Eşqinin toy mərasimində daha ürəklə
iştirak etməli olan bizləri daha artıq ağrıtmaq istəmir. Dağ qüruru, dağ dəyanəti
ilə dayanır qarşımızda. Sanki bayaqdan önümüzdə dayanan Eşqin adlı şəhidlik
zirvəsi ilə yanaşı bir müdriklik zirvəsi də ucalır. Bu cəsarətin dözüm və mərdliyin
ailədən, Eşqini yetirən, boya-başa çatdıran insanlardan qaynaqlandığını düşünürəm.
Və heç nəyin həyatda təsadüfi baş vermədiyinə bir daha inamım möhkəmlənir. Dövlətimizə,
xalqımıza təşəkkür edir. Vaqif kişi ”“ sağ olsun çox hörmətli Prezidentimiz, cənab
Ali Baş Komandanımız. Çox böyük diqqət və qayğı göstərdilər. Yerli icra
orqanları, rayon rəhbərləri bütün bu müddət ərzində yanımızda oldular, bizə
dayaq durdular. Xidmət etdiyi hərbi hissə rəhbərliyi, döyüş yoldaşları çox
böyük ehtiramla yanaşdılar hər şeyə. Yeni Müdafiə nazirimizə uğur və cansağlığı
arzulayıram. Bu məsələlərə diqqət çox yüksək səviyyədədir. Bizi qane edir.
İnşallah qələbəyə inamımız böyükdür. Nə qədər ki, Eşqin kimi oğullar var, Azərbaycan
dövləti öz vətəndaşının və əsgərinin yanındadır, inanırıq ki, biz öz
torpaqlarımıza qayıdacağıq. O, bunu o qədər əminliklə söyləyir ki, insanda heç
bir şübhə yeri qalmır.
Düşünürəm, bu qoşa zirvəni fəth edən Vaqif vəEşqin
Azərbaycanın dünəni və bu gününün vəhdəti timsalında sabahına uzanan müqəddəs
bir yolun yorulmaz yolçularıdır. Vaqif kişi öz kökləri üzərində möhkəm
dayanan Azərbaycan adlı bir ağacın gövdəsi, Eşqinlər isə onun günbəgün pərvazlanan
qol-budağıdır. Bu kök o qədər möhkəmdir, onun yerləşdiyi bu torpaq o qədər
münbitdir ki, qırılan hər budağın yerinə onlarca yenisi göyərəcək və hər zaman
da yaşıl olacaq. Qəlbim iftixarla doludur Azərbaycan adlı bir məmləkətin işğala
məruz qalmış Füzuli bölgəsinin Aşağı Seyidəhmədli kəndində kədərdən
boğula-boğula şəhid vermənin qürurunu yaşayan bir el ağsaqqalını dinləyirəm.
Özüm danışmağa lüzum görmürəm. Zatən hər şey deyilmiş..."