Azərbaycanda QHT-lərin fəaliyyətinin qanunvericilik səviyyəsində məhdudlaşdırılmasına etiraz olaraq bir qrup üçüncü sektor fəalı AŞPA-nın dünən öz işinə başlayan qış sessiyasına bəyanat ünvanlayıb. Müəlliflər ölkədə siyasi motivli həbslərin davam etdiyini, hazırda 9 jurnalist, 2 hüquq müdafiəçisi və 12 söz azadlığı fəalının həbsdə olduğunu qeyd ediblər.
Bu sırada REAL Hərəkatının lideri Ilqar Məmmədov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi xüsusi vurğulanıb. Bəyanat müəllifləri həmçinin ifadə və sərbəst toplaşmaq azadlığı sahəsində tətbiq edilən məhdudiyyətlərin vətəndaş cəmiyyətinə və ictiami fəalların işinə böyük maneələr yaratdığını xatırladıblar: “2013-cü ilin martında rəsmi Bakı QHT-lər haqqında qanuna bu qurumları nəzarətdə saxlamağa hesablanan dəyişikliklər edib. 2013-cü ilin dekabrında isə qanuna növbəti dəyişikliklər olunub ki, bu da vətəndaş cəmiyyətinin boğulmasına gətirib çıxaracaq”.
Müəlliflər bu müraciətlə AŞPA rəhbərliyindən növbəti sessiyada rəsmi Bakıdan Azərbaycanda insan hüquqlarının durumunun yaxşılaşdırılmasını israrla tələb etməyə çağırırlar.
Eyni zamanda AŞPA rəhbərliyinə ölkədə azadlıqların məhdudlaşdırılmasına səbəb olan qanunlara edilmiş dəyişiklik və əlavələrin ləğv olunması məsələsini qaldırmağı təklif ediblər. 100-dən çox QHT-nin imzaladığı müraciət dünən AŞPA rəhbərliyinə çatdırılıb və deputatlara paylanılıb