Koronavirus bəşəriyyətin seçki tarixində də ciddi yeniliyə səbəb ola bilər.
Moderator.az xəbər verir ki, koronavirus pandemiyasının davam etdiyi müddət ərzində seçki keçirməyin çətinliyi yeni axtarışlara təkan verib. Belə ki, artıq ABŞ-da qarşıdakı seçkilərin poçt vasitəsi ilə keçirilməsi ilə bağlı təkliflər aktuallaşıb. Bəzi seçki mütəxəssisləri hesab edir ki, koronavirus təhlükəsinin davam etdiyi müddət ərzində seçkilərin poçt vasitəsi ilə keçirilməsi dünya seçki tarixində ciddi yeniliyə yol açmaqla yanaşı, seçki prosesinin gələcək simasını da həmişəlik dəyişə bilər.
Lakin seçkilərin poçt vasitəsi ilə keçirilməsi təklifinə qarşı çıxanlar da az deyil. Məsələn, ABŞ prezidenti Donald Tramp hesab edir ki, seçkilərin poçt vasitəsi ilə keçirilməsi böyük saxtakarlıqlara yol aça bilər. Trampın fikrincə, seçkilərin tamamilə poçt sistemindən asılı hala düşməsi, çoxlu sayda saxta bülletenlərin dövriyyəyə girməsinə səbəb ola bilər. ABŞ prezidenti hesab edir ki, seçkilərin poçt vasitəsi ilə keçirilməsi həmin seçkini bəşər tarixinin “ən saxta seçkisinə” çevirə bilər.
Ancaq bununla belə, mütəxəssislər hesab edir ki, hər şey koronavirusla mübarizənin nəticələrindən asılı olacaq. Əgər seçki dövrünə qədər koronavirusla mübarizədə mühüm nəticə əldə edilməsə, o zaman seçkilərin poçt vasitəsi ilə keçirilməsi yeganə çıxış yolu kimi vaşkeçilməz ola bilər.
Seymur ƏLİYEV