Koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkəmizdə tətbiq edilən karantin rejiminin daha da sərtləşməsi müşahidə edilir.
Bəs hazırkı şəraitdə Azərbaycan mediası insanları məlumatlandırmaq, baş verən proseslərə çevik reaksiya göstərmək işinin öhdəsindən lazımınca gələ bilirmi? Medianın bu yöndəki fəaliyyəti nə dərəcədə qənaətbəxşdir:
Moderator.az-a açıqlama verən media eksperti Elçin Şıxlı, mövcud durumun ümumilikdə qənaətbəxş olduğunu vurğuladı:
“İndiki məqamda KİV üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır. Televiziyalara, oxunan saytlara baxanda medianın bu yöndıki səyləri hiss olunur. Ümumən, bir çoxları bunun nə demək olduğunu anladığı üçün insanları evdə qalmağa səsləyir. Televiziyaların, rəsmi qurumların operativliyi artıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tez-tez məlumat verir, normal işləyir. İbrahim Məmmədovun mütəmadi açıqlamalarına rast gəlirik. Bu baxımdan iş çox yaxşı qurulub.
Təcrübə göstərir ki, əgər rəsmi mənbə hər hansı bir informasiyanı gecikdirir, yaxud hanssıa suallara cavab verməkdən yayılırsa, o zaman şaiyələr baş qaldırır. Əsas odur ki, şaiyələrin yayılmasına imkan verilməsin və verilmir.
Rusiyanın ayrı-ayrı vilayət və quberniyalarında müxtəlif saytlar var ki, vətəndaşlar həmin saytlara müraciət edərək, onları məlumatlandıraraq evdən çıxırlar. Ordan müəyyən bəndlər var ki, bunlardan da biri ev heyvanları ilə bağlıdır. Mənim özümüm də ev heyvanım olduğum üçün o bənd mənim üçün də maraqlıdır. Vətəndaş həmin sayta evdə saxladığı iti və ya pişiyi çölə çıxarmaq istədiyini bildirir. Hansı ki, bu, gigiyenik normalara uyğundur. Heyvanın təbii ehtiyaclarını ödəmək üçün çölə çıxarılmalıdır. Bizdə bu bənd yoxdur. Halbuki, şəhərdə bir çox insanın evində ev heyvanı var. Xüsusilə itləri gəzdirmək lazımdır. Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bunları nəzərə alacaq və əlavələrini edəcək. Çünki hər bir halı, hadisəni 100% əhatə etmək çətindir. KİV-in bir işi də ondan ibarətdir ki, bu cür məqamları mütəmadi işıqlandırsın ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ağlabatan nüansları nəzərə alsın”.
Seymur ƏLİYEV