Azərbaycan Diplomatik Akademiyasında xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Moderator.az-ın xəbərinə görə, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi rəhbərliyinə daxil olan şəxslərin qatıldığı görüşdə xaricdə təhsil alan tələbələrlə “profilaktik” söhbət aparılıb. Diplomatik Akademiyanın prorektoru Fariz İsmayılzadə bəzi xarici qüvvələrin Azərbaycanda seçki öncəsi təxribatlar planlaşdırdığını deyib. O bildirib ki, Azərbaycan gəncləri ərəb ölkələrində baş verənlərdən dərs götürməli, ölkəni inqilaba sürükləyən planlara qarşı olmalıdır.
Fariz İsmayılzadə Azərbaycanda Misir hadisələrinin təkrarlanmaması üçün gəncləri mövcud hakimiyyətə dəstək olmağa çağırıb.
Ancaq xaricdə təhsil alan tələbələrdən bir neçəsi söz alaraq, ölkədə insan hüquqları və demokratiya sahəsində durumu tənqid edib. Buna cavab olaraq isə həmin tələbələrə bildirilib ki, zamanla bu problemlər çözüləcək. Əsas olan ölkənin müstəqilliyinin qorunması və daxili sabitliyin təmin olunasıdır.