Prezident seçkiləri ərəfəsində ayrı-ayrı nazirlərin bölgələrə üz tutaraq sadə əhali ilə görüşlər keçirməsi davamlı hal alıb. İndiyə qədər bir neçə nazir kurasiyalarında olan rayonlara səfərlər edib, vətəndaşların problemləri ilə maraqlanıblar.
Bu görüşlərin qalmaqallarla, səs-küylə müşahidə olunması da göz önündədir. Vətəndaşlar üçün əlçatmaz olan nazirlərdən biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Xatırladaq ki, FHN şefi 28 iyun 2013-cü ildə Gəncədə vətəndaşların qəbulunu təşkil etməli idi. Moderator.az-ın məlumatına görə, Kəmaləddin Heydərovla görüşmək üçün Gəncə və ətraf rayonlardan minə yaxın vətəndaş onun qəbuluna gəlib. Ancaq Kəmaləddin Heydərov bir neçə nəfəri qəbul etməklə kifayətlənib. Onun əvəzində isə vətəndaşlarla görüşü müavinləri keçirməli olub.
Bu isə əhalinin narazılığı ilə qarşılanıb. Səs-küy o səviyyəyə çatıb ki, FHN-nin Gəncə Regional İdarəsinin ətrafına polis qüvvələri yerləşdirilib. Ancaq nazirin şəxsən qəbuluna düşmək istəyənlər isə polisin əli ilə ərazidən kənarlaşdırılıb.
Kəmaləddin Heydərova müraciət edənlər əsasən iş yerləri axtaranlar olub.