Ermənistanın müdafiə naziri Rusiyaya səfər edib. Səfər əsnasında David Tonoyanın Rusiyanın müdafiə naziri ilə görüşü planlaşdırılır.
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvan səfərinin ardınca Tonoyanın Rusiyaya səfəri nə ilə bağlıdır? Tonoyanı Moskvaya aparan səbəb Azərbaycan ordusunun təmas xəttindəki son uğurlu hərbi əməliyaytları ola bilərmi?
Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu təmas xəttində yaşanan son olayların Rusiyada müzakirəsini tamamilə mümkün hesab etdiyini vurğuladı:
“İrəvan Azərbaycan-Ermənistan sərhəddin baş verənləri gündəmə çıxarmaq istəyir. Biri var ki, Qarabağda döyüş gedə, bir də var ki, Ermənistanla sərhəddə. Ermənistanda belə hesab edirlər ki, Rusiya onların təhlükəsizliyinə cavabdehdir və Azərbaycan tərəfi hansısa adım atarsa, gərək Rusiya sərt bəyanat versin. Bu baxımdan mümkündür ki, Qazax rayonu istiqamətindəki son uğurlu əməliyyatlarımız Ermənistanı ciddi narahat edir və Rusiya ilə bu məsələni müzakirə etməyə ehtiyac duyurlar. Istəyirlər ki, Rusiya Azərbaycana təzyiqi artırsın. Bu məsələnin müzakirəsini istisna etmirəm.
Rusiyanın baş verənlərlə bağlı hansı mövqe sərgiləyəcəyi çox maraqlıdır. Ordumuz Qazaxda əməliyyat keçirərəkən Rusiyanın Təhlükəsizlik Şurasının katibi Patruşev İrəvanda səfərdə idi. Buna Patruşev də reaksiya vermədi. Düşünürəm ki, Rusiya bu məsələyə soyuqqanlı yanaşsa, Ermənistan arzusunda olduğu cavabı Kremldən ala bilməyəcək”.
Seymur ƏLİYEV