“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Moderator.az-a açıqlamasında Cümhuriyyətin 100 illiyi dönəmində Cümhuriyyət dəyərlərinin təbliği, xalqın Cümhuriyyət ideyalarına bağlılığı ilə bağlı fikirlərini dilə gətirib. Z.Məmmədlinin sözlərinə görə, bu gün baş verənlər xalqın Cümhuriyyət ideyalarına sadiqliyini sübut edir:
“Cümhuriyyətin 100 illiyi dönəmində bəlli olan bu oldu ki, Azərbaycan xalqı, Azərbaycan türkü 100 il bundan qabaq baş verən böyük tarixi hadisənin fərqindədir, onu ruhuna hopdurub. Sosial şəbəkələrə nəzər salsanız görərsiniz ki, bütün insanlar sağlı, sollu hamısı eyni nöqtəyə vurur, bu böyük gün münasibəti ilə bayramlaşırlar. Onlar Cümhuriyyətçiliyə hazır olduqlarını bəyan edirlər. Onların hamısı ədalətli cəmiyyət arzusundadırlar. Rəsulzadə və onun silahdaşları timsalına azad, ədalətli cəmiyyət quruculuğu arzulayırlar. Bu, millətimizin mövqeyidir.
Avropa və dünyanın digər yerlərində hər hansı tapşırıq verilmədən Cümhuriyyətlə bağlı yüksək səviyyəli tədbirlər keçirilir.
Dövlətin də bu məsələdə üzərinə düşən bir sıra öhdəlikləri var ki, bunlar da siyasi mübarizənin bir-birinin mövcudluğuna ehtiram fonunda həyata keçrilməsi, bu mübarizənin parlamentə daşınması, demokratik islahatların həyata keçirilməsi, siyasi qürbləşmənin dərinləşməsinin qarşısının alınması və s.-dir. Bundan başqa, Rəsulzadənin adına layiq böyük bir abidənin ucaldılmasına da ehtiyac var.
Mən Cümhuriyyətin 100 illiyi münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Ümid edirəm ki, qarşıdakı zamanda Cümhuriyyət dəyərlərinin təbliği istiqamətində daha böyük, daha əhatəli işlər həyata keçiriləcək”.
Seymur Əliyev