Hörmüzdən KEÇİD pullu olacaq? – İran RİSKLİ qərarın bir addımlığında
128
13:56, Bu gün

Hörmüzdən KEÇİD pullu olacaq? – İran RİSKLİ qərarın bir addımlığında

İran parlamenti öz fəaliyyətini bərpa etdikdən dərhal sonra Hörmüz boğazından keçmək üçün yeni prosedurlar haqqında qanun qəbul ediləcək. TASS-ın məlumatına görə, bu barədə parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Burucerdi məlumat verib.

O bildirib ki, “Hörmüz boğazı təhlükəsizlik planının” hüquqi və beynəlxalq aspektlərini nəzərdən keçirmək üçün çoxsaylı iclaslar keçirilib. Bu plan parlamentin fəaliyyəti bərpa edildikdən dərhal sonra məcburi qanun kimi qəbul ediləcək və həyata keçirilməsi üçün hökumətə göndəriləcək.

Burucerdinin sözlərinə görə, İran Mərkəzi Bankı Hörmüz boğazından keçmək üçün rüsumları toplamaq məqsədilə İran rialı, yuanı, dolları və avrosu ilə dörd xüsusi hesab açıb. Rəqəmsal valyuta infrastrukturu işə düşdükdən sonra rialla ödənişlər məcburi olacaq.

Bəs ABŞ buna imkan verərmi? O halda bu, İranın daha bir uğuru sayılmazmı? Neft-qaz qiymətləri necə olacaq?

Bu arada “Blumberq” məlumat yayıb ki, İranın neft saxlamaq üçün yerləri tükənmək üzrədir və təxminən 12-22 günlük tutumu qalıb. “ABŞ-ın dəniz blokadası ixracı təxminən 70% azaltdığı üçün Hörmüz boğazı vasitəsilə daşımalar, demək olar ki, dayanıb və heç bir tanker keçə bilmir. Bu vəziyyət davam edərsə, İran may ayının ortalarına qədər gündəlik neft hasilatını daha 1,5 milyon barel azaltmağa məcbur olacaq. Buna baxmayaraq, maliyyə təsiri dərhal hiss olunmayacaq, çünki neft daşımalarının alıcılara çatması və ödənişlərin həyata keçirilməsi vaxt aparır. Bu isə artan təchizat çatışmazlığına baxmayaraq, İrana bir neçə ay vaxt qazandırır”, - məlumatda qeyd olunub.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov Musavat.com-a bildirib ki, İran Mərkəzi Bankının Hörmüz boğazından keçmək üçün rüsumları toplamaq məqsədilə İran rialı, yuanı, dolları və avrosu ilə dörd xüsusi hesab açması vəziyyətdən çıxış yolu deyil.

Onun sözlərinə görə, nə ABŞ buna imkan verəcək, nə də bu addımla blokadadan xilas mümkün olacaq: “Artıq elə bir vəziyyət yetişib ki, xilas yolu yoxdur. İran rejiminin 47 il regionda sərgilədiyi siyasətin acınacaqlı nəticələri ortadadır. Bir vaxtlar regionun ən inkişaf etmiş ölkələri sırasında olan İran bu gün ağır durmdadır. Rejim yarım əsrə qədər bir zaman kəsiyində İranı elə bir hala saldı ki, bu gün artıq İranın regionda bir dövlət kimi qalması sual altındadır.

ABŞ-İsrail cütlüyünün İranla başlatdığı müharibənin taleyi həll olunub, buna heç kim şübhə etməsin. İran bu müharibəni uduzmalı idi və uduzub. İndi SEPAH-ın aqressiv idarəçiliyində olan İran məğlubiyyətini etiraf etmək əvəzinə, sona qədər dirəniş göstərmək istəyir. Bu da rejimin növbəti səhvi və reallaıqlarla barışmamaq istəməməsi deməkdir”.

Sabiq nazirə görə, on illər uzunu İran neftinin satışından əldə olunan yüz milyardlarla dollar vəsait İran insanının normal yaşamını təmin edən istiqamətlərə yox, regionda quldur dəstələri kimi fəaliyyət göstərən proksilərin maliyyələşdirilməsinə xərclənib: “Bu yol isə İranı bir dövlət olaraq uçurumun kənarına gətirdi. İndi ABŞ istədiyi gün İrana son zərbəni vurub onu uçurumdan sala bilər. Lakin Birləşmiş Ştatalar buna tələsmir, çünki öz oyununu oynayır. Daha dəqiq desək, bir güllə ilə bir neçə “dovşanı” vurmaq məqamını gözləyir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər