Quranın təhrif olunmadığını necə sübut etmək olar?..-SUAL-CAVAB 
Elm və Təhsil
390
06:46, Bu gün

Quranın təhrif olunmadığını necə sübut etmək olar?..-SUAL-CAVAB 

"Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (Qurani-Kərim, əl-Hicr, 9).
 
“Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl-Bəqərə, 75).
 
Moderator.az bir sıra oxucuların mövzuya marağını nəzərə alaraq Zikr.az saytında dərc olunmuş aşağıdakı materialı diqqətinəz çatdırır:
 
Sual: 
Əs salamu əleykə rəhmətullah və bərəkətuh. Quranın təhrifə məruz qalmadığını necə bilmək olar?
Cavab: 
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bu cavabları oxuyun:
 
Qiyamət gününədək qorunan Kitab...
 
Əzəmətli Quran özündən əvvəlki ilahi kitablar kimi dəyişkənliyə məruz qalmamışdır. Uca Allah Quranı təhrif olunmaqdan qorumuşdur. O buyurur: 
 
"Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (əl-Hicr, 9).
 
ət-Tabəri (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə demişdir: "Yəni biz Quranı qoruyacağıq ki, onun hökm və fərzlərinə başqa bir şey daxil edilməsin və ya əlavə bir şey artırılmasın".
 
Uca Allahın Quranı hər bir təhrifdən qoruması ilə bağlı başqa bir ayədə buyurur: 
 
"Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir". (Fussilət, 42).
 
Həmçinin buyurur: 
 
"Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri təsbit olunmuş, sonra da ətraflı izah edilmiş bir Kitabdır". (Hud, 1).
 
Başqa bir ayədə isə buyurur: 
 
"Cəbrail sənə Quranı nazil etdikdə onu tələmtələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir". (əl-Qiyamət, 16-17).
 
Bütün bu ayələr göstərir ki, Uca Allah Quranın həm ayələrini, həm mənasını, nazil olan gündən ta Qiyamət gününədək qoruyur və onda hər hansı bir dəyişkənlik baş verməsinə imkan vermir. O, Quranı Öz Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) öyrətmiş, sonra onu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qəlbində cəm etmiş, sonra onu insanlara bəyan etmiş və onun hədisləri vasitəsilə izah etmişdir. Sonra da əsrlər boyu Quranı əzbərləyəcək və yazıb qoruyacaq adil insanlar yaratmışdır. Beləliklə də, Quran Peyğəmbərə (salləllahu aleyhi və səlləm) nazil olunduğu kimi həm böyüklər, həm də kiçiklər tərəfindən daim oxunaraq bütün batillərdən qorunmuşdur. 
 
Alimlər, Tövrat təhrif olunduğu halda Quranın təhrif oluna bilməməsi barədə danışmışlar. Əbu Amr əd-Dəni, Əbu Həsən əl-Muntəbdən belə rəvayət etmişdir: "Bir gün mən Qazi Əbu İshaq İsmail ibn İshaqın yanında idim. Ondan: "Nə üçün Tövrat əhli (öz kitablarını) təhrif edə bildi, Quran əhli isə yox?" - deyə soruşdular. Qazi dedi: "Uca Allah Tövrat əhli barəsində buyurur: 
 
"Din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər". (əl-Məidə, 44).
 
Onu qoruyub saxlamağı onların özlərinə tapşırdığı üçün təhrif edə bilmişdilər. Quran barəsində isə belə buyurur: 
 
"Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (əl-Hicr, 9).
 
Odur ki, onlar Quranı təhrif edə bilməmişlər". Sonra dedi: "Mən Əbu Abdullah əl-Muhamilinin yanına getdim və hekayəni ona söylədim. O dedi: "Mən bundan daha gözəl əhvalat eşitməmişəm".
 
Tövrat və İncil təhrif olunmuşdur…
 
Allah təala Qurani Kərimdə Kitab əhlinin - yəni yəhudi və xaçpərəstlərin onlara nazil edilmiş kitabları təhrif etdiyini və dəyişdirdiyini bildirir. Yəhudilər barədə Uca Allah belə buyurur:
 
“Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl-Bəqərə, 75).
 
Həmçinin buyurur: 
 
“Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir” (ən-Nisa, 46).
 
Nəsranilər barəsində isə Allah belə buyurur:
 
“Biz xaçpərəstik! – deyənlərlə də əhd bağlamışdıq. Onlar da özlərinə öyrədilənin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir” (əl-Maidə, 14).
 
Bu ayələrdən, yəhudilərin və xaçpərəstlərin müqəddəs kitabları təhrif edərək dəyişdirdikləri aydın olur. Bu təhrif isə bəzən nəyi isə artırmaqla, bəzən də nəyi isə əskiltməklə olur. Uca Allah buyurur:
 
“Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi” (əl-Maidə, 15).
 
Qeyd etdiyimiz ayələr kitab əhlinin ümumilikdə Allahın kəlamını təhrif etmələri barədə idi. Bundan əlavə Tövrat və İncilin təhrif olunmaları barədə ayrıca dəlillər də vardır. 
 
Tövratın təhrif olunması barədə Uca Allah buyurur:
 
“De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər sizə öyrədilmişdir”. Sən: “Allah!”– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər” (əl-Ənam, 91).
 
Yəni Musanın gətirdiyi Kitabı gizlədərək, onu, habelə Peyğəmbərin gələcəyi barədə olan dəlilləri təhrif etməklə istəklərinizə nail olmaq istəyirsiniz. Uca Allah həmçinin buyurur:
 
“Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl-Bəqərə, 75). 
 
Burada Tövrat nəzərdə tutulur. Onlar onu dəyişdirmişdilər. Onlar Allahın nazil etdiyi Tövratı təhrif edərək, oradakı haramları halal, halalları isə haram etmiş, haqqa batil, batilə isə haqq donu geyindirmişdilər.
 
İncilin təhrif olunması barədə isə Uca Allah buyurur:
 
“ “Biz xaçpərəstik!”– deyənlərlə də əhd bağlamışdıq. Onlar da özlərinə öyrədilənin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir. Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi” (əl-Maidə, 14-15).
 
Uca Allah onların bir çox məsələləri dəyişdirib təhrif etdiklərini, ayələri başqa mənaya yozduqlarını və Allaha iftira yaxdıqlarını bəyan edir. Bir çox şeylər də artıq və mənasız olduğu üçün bunları bəyan etmir. Bütün bu qeyd olunan ayələr Tövrat və İncilin təhrif olunduğuna dəlalət edir...”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər