“Bəzi müəlliflərin Şəddadilərin kürdəsilli olmasına dair iddialarının heç bir əsası yoxdur...”-Akif Nağıdan tariximizə fərqli baxış...
Elm və Təhsil
5150
12 Apr 2024 | 20:39

“Bəzi müəlliflərin Şəddadilərin kürdəsilli olmasına dair iddialarının heç bir əsası yoxdur...”-Akif Nağıdan tariximizə fərqli baxış...

Sacilər və ya Rəvvadilər dövləti yox, Sacilərin və ya Rəvvadilərin hakimiyyətdə olduğu Azərbaycan dövləti...
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada: )
 
Sacilər və ya Rəvvadilər dövləti yox, Sacilərin və ya Rəvvadilərin hakimiyyətdə olduğu Azərbaycan dövləti...- XVI mövzu
 
Azərbaycanda Xilafətin mövqelərinin zəifləməsi və yeni yerli sülalələrin hakimiyyətə gəlməsi...
 
IX əsrdə Ərəb Xilafəti zəifləmişdi. Abbasilər imperiyasına qarşı xalq azadlıq hərəkatlarının başlıca mərkəzlərindən biri olan Azərbaycanda müstəqillik meyli daha güclü idi. İri torpaq sahiblərinin Abbasilərdən asılılığı getdikcə formal xarakter daşıyırdı. Azərbaycanın ayrı-ayrı vilayətlərini faktiki olaraq müxtəlif yerli sülalələr idarə edirdi. Təbriz, Mərənd, Miyanə, Urmiyə, Muğan, Şirvan, Beyləqan, Şəki, Qəbələ, Dərbənd ayrı-ayrı nəsillər tərəfindən idarə olunurdu. Onların bəziləri ərəb mənşəli olsalar da, artıq yerli əhali ilə qaynayıb qarışmışdılar.
 
Ərəb Xilafətinin zəiflədiyi dövrdə Azərbaycanda müstəqil dövlətçilik ənənələri bərpa olundu. İlk olaraq Şirvanşahlar siyasi arenaya çıxdı. Sasanilər tərəfindən VI əsrin əvvəllərində Arranda Arsaklılar sülaləsinin hakimiyyətinə son qoyuldu, lakin eyni vaxtda qədim Şirvan torpağında dövlətçiliyin bərpa olunması üçün şərait yetişdi. Yeni dövlətin  təməli Şabrançay  və Gülgilçay arasındakı ərazidə qoyuldu, yeni qurumu idarə edən hakimlər “Şirvanşahlar” titulunu daşıyırdılar. Sasanilərin vaxtındakı Şirvanşahlarla bağlı dəqiq məlumat yoxdur. Şirvanşahlar ilk dövrlərdən ərazilərini qismən, bəzən isə tam müstəqil idarə edirdilər [20]. Əsası ərəb mənşəli Azərbaycan hakimi Yəzid ibn Məzyəd (VIII əsrin II yarısı -801) tərəfindən qoyulan Məzyədilər sülaləsi 861-ci ildə Azərbaycanın şimal- şərq torpaqlarında Şirvanşahlar dövlətinin müstəqiliyini elan etdi. Bu sülalənin ilk hökmdarı Heysam ibn Xalid (861-881) oldu. O, Bərdə şəhərində anadan olmuşdu. Dövlətin sərhədləri şimalda Dərbənd şəhəri və Samur çayını, cənubda Kür çayını, qərbdə indiki Göyçay və Şəki bölgələrini, şərqdə Xəzər dənizini əhatə edirdi. Dövlətin paytaxtı Şamaxı və Dərbənd arsında yerləşən Şirvan şəhəri (861-918), Şirvanşah Əbu-Tahir qədim Şamaxını 918-ci ildə bərpa etdikdən sonra isə Şamaxı şəhəri (918-1192) olub. Şirvanşahlar dövləti 917-ci ildə Layzan (indiki Lahıc) bölgəsini özünə birləşdirdi, 981-983-cü illərdə Şabran, Bərdə və Qəbələ şəhərlərini özünə tabe etdi [23]. Məzyədilər sülaləsi ölkəni 1027-ci ilə qədər idarə etdilər. Həmin ildən onları digər yerli Kəsranilər sülaləsi (1027-1382) əvəz etdi. Bu sülalələr nümayəndələri yerli əhali ilə qaynayıb-qarışmış, ərəb köklərini tamamilə itirmişdilər. 
 
Təxminən eyni vaxtda Azərbaycanın digər ərazisində Sacilər və yaxud Sacoğullar sülaləsi hakimiyyətə gəldi [16;10, s.138]. Sülalənin banisi Əbu-Sac Divdad Xilafətin ən tanınmış türk sərkərdələrindən biri idi. O, xüsusi xidmətlərinə görə IX əsrin ikinci yarısında  Azərbaycana hakim təyin edilmişdi. Onun oğlu Məhəmməd ibn Əbu Sac 889 -cu ildə dövlətin müstəqiliyini elan etdi. Məhəmməd ibn Əbu Sac Marağanı paytaxt elan etmişdi, amma əsasən Bərdədə otururdu, orada da dəfn olundu. Yusif ibn Əbu Sacın dövründə (901-928) dövlət daha geniş ərazilərə yayıldı. Dövlət Azərbaycanın Araz çayından cənuba doğru ərazilərində meydana gəldi, sonra isə şimala doğru Dərbəndə qədər geniş əraziləri əhatə etdi. Sacilərin Azərbaycan dövlətinin paytaxtı əvvəlcə Marağa (889-901-ci illər), sonra isə Ərdəbil (901-941) şəhərləri oldu [18, s.195, 203, 215; 4, s.208-209]. Sacilər 912-ci ildə Xilafətə xərac göndərilməsini tamamilə dayandırdı. Sacilərin əsas xidməti ondan ibarət oldu ki, tarixi Azərbaycan torpaqlarını vahid dövlətin tərkibində birləşdirdilər, Qərbdə Dvin və ya Dəbil (fars dilində “təpə” mənasını verir) şəhərindən şərqdə Xəzər dənizinə qədər, Cənubda Zəncandan şimalda Dərbəndə qədər Azərbaycanın geniş əraziləri bu dövlətin tərkibinə daxil idi, Yusif ibn Əbu Sacın hakimiyyəti zamanında digər Azərbaycan dövləti olan Şirvanşahlar da Sacilərdən nominal asılılığı qəbul etmişdi. Müasir coğrafi terminlərlə desək, İranın Azərbaycan vilayətləri, Azərbaycan Respublikası, indi Ermənistan deyilən ərazilər və Dağıstanın cənub hissəsi Sacilərin hakimiyyətdə olduğu Azərbaycan dövlətinin tərkibinə daxil idi.
 
Sacilər sülaləsinin Azərbaycan tarixində xüsusi yeri olmuşdur. Məhz onların dövründə Azərbaycanın bütün ərazilərini birləşdirən vahid dövlət yaradıldı. Vahid Azərbaycan dövlətçiliyi onların adı ilə bağlıdır. Bu sülalənin ən parlaq nümayəndəsi isə Yusif ibn Əbu Sac idi. Sacilər də Babəkə qarşı döyüşlərdə fərqlənmiş Afşin Heydər ibn Kavus kimi Orta Asiyanın türk mənşəli nəsillərindən idilər [3, s.259-260]. Bu nəsillərin sərkərdə, hökmdar səviyyəsinə yüksələn nümayəndələri “Afşin” titulunu qəbul edirdi. Sacilər də həmin ənənəyə uyğun olaraq “Afşin” titulunu götürmüşdülər [14, s.147]. Afşin Heydər ibn Kavusun bu nəslə aid olduğu bir neçə mənbədə təsdiq olunur. O, eyni kökdən olduğuna görə Babəkə xüsusi münasibət göstərmiş, bu səbəbdən xəlifə onu Babəklə gizli əlaqələrdə ittiham edərək zindana atmış, orada öldürtmüşdü [6]. Sülalənin banisi Əbu-Sac Divdad türk nəslinin nümayəndəsi kimi “Afşin” titulunu qəbul etmişdi, sonrakı nümayəndələr də bu titulla tanınırdı, lakin mənbələr onları daha çox “Sacilər” kimi təqdim etməyə üstünlük verirdi.
Yusif ibn Əbu Sac tariximizə bütün Azərbaycan torpaqlarını vahid dövlət sərhədlərində birləşdirən hökmdar, görkəmli sərkərdə, dinin mübariz qoruyucusu kimi daxil olub. Hökmdar kimi güclü dövlət yaradıb, sərkərdə olaraq bütün döyüşlərində qalib gəlib, din müdafiəçisi kimi “qərməti” deyilən təriqətçilərə qarşı döyüşdə həlak olub [2]. Yusif ibn Əbu Sac hakimiyyəti dövründə Rey, Qəzvin, Zəncan fəthləri, uğurlu Kartli hərbi yürüşü [21], Dərbənd divarlarının bərpası və digər böyük əməlləri ilə məşhur olmuşdur.
 
Təxminən eyni ərazidə Saciləri digər Azərbaycan sülaləsi-Salarilər əvəz etdi. Onlar mənşəcə Kəngərli türk soyundan idilər, əsasən Xəzər dənizinin cənub-qərb sahillərində, Deyləm əyalətində cəmləşmişdilər [9, s.12]. Azərbaycan dövləti mövcudluğunu davam etdirirdi, sadəcə, dövlətə rəhbərlik edən sülalələr dəyişirdi. Hər dəfə yeni dövlətin yaranması təsəvvürü yanlışdır.Orta əsr ənənələrinə uyğun olaraq hər yeni sülalə dövləti özünün adı ilə adlandırmağa üstünlük verirdi. Bu hal bütün dünya ölkələri üçün səciyyəvi idi. Bu mənada Azərbaycan da istisna təşkil etmirdi. Azərbaycan dövlətində yerli Salarilər sülaləsinin hakimiyyəti 941-ci ildən 981-ci ilə qədər davam etdi [14, s.148]. Sülalənin hakimiyyətə gəlmiş ilk nümayəndəsi Mərzban ibn Məhəmməd (941-957) Sacilərin sonuncu nümayəndəsi Deysəm ibn İbrahimi məğlub edərək 941-ci ildə paytaxt Ərdəbil şəhərini ələ keçirdi. O, az sonra indiki Azərbaycan Respublikası, Ermənistan deyilən Azərbaycan torpaqlarını, indiki Şərqi Gürcüstanı, həmçinin Dərbəndi özünə tabe etdi. Beləliklə, Salarilərin dövründə Azərbaycan dövləti şimalda Dərbənd keçidindən başlayaraq, cənubda Dəclə və Fərat çaylarının yuxarılarına qədər, şərqdə Gilan (Deyləm) da daxil olmaqla Xəzər sahillərindən, qərbdə Qərbi Azərbaycan (indiki Ermənistan) və Şərqi Gürcüstan (indiki Borçalı və yaxın ərazilər) daxil olmaqla geniş əraziləri əhatə edirdi, paytaxtı Sacilərin vaxtında olduğu kimi Ərdəbil şəhəri idi. Mərzban ibn Məhəmmədin bir xidməti də vergilərin nizama salınması üçün “Qanunnamə” hazırlaması olmuşdur. Bu vaxt Azərbaycanın bütün tarixi torpaqları vahid dövlətdə birləşdirilmişdi [4, s.209-210]. Böyük bir regionda Azərbaycan dövləti ilə müqayisə olunacaq başqa bir dövlət yox idi. Mərzbanın ölümündən sonra onun qardaşı Vəhsudanın (957-960) və oğlu İbrahimin (960-981) dövründə dövlət zəiflədi, hakimiyyətə yeni sülalənin gəlməsi üçün şərait yarandı. Vahid Azərbaycan dövləti parçalandı, iki yeni sülalənin hakimiyyəti bərqərar oldu.
 
Salarilər hakimiyyətinin zəifləməsi şəraitində Azərbaycanda iki yeni sülalə -Rəvvadilər və Şəddadilər mübarizə meydanına çıxdılar. Hər ikisi yerli sülalə idi. İki Azərbaycan dövləti eyni vaxtda mövcud idi.
 
Rəvvadilər mənşə etibarı ilə ərəb idilər, VIII əsrdə Azərbaycana indiki İraqın Bəsrə bölgəsindən köçürülmüşdülər. Orta əsrlərdə xalqların vaxtaşırı bir ərazidən digərinə köçürülməsi adi hal idi, məsələn, azərbaycanlıların bəzi tayfaları İraqa və digər yerlərə köçürülürdü. Rəvvadilər də digər ərəb tayfaları kimi yerli əhali ilə, IX əsr ərəb müəllifi əl-Bəlazurinin dediyi kimi, “azərbaycanlılarla qaynayıb-qarışmışdılar” [22]. Rəvvadilər VIII əsrdə Marağa, Təbriz, Əhər və digər Azərbaycan şəhərlərində yerləşmişdilər, xəlifənin nümayəndəsi kimi bu əraziləri idarə edirdilər. Yenə də əl-Bəlazurinin verdiyi məlumata görə, xəlifə Harun ər-Rəşidin (786-809-cu illər) vaxtında, təxminən VIII əsrin sonlarında Rəvvadilərin nümayəndəsi Vacna “azərbaycanlıların mərkəzi hakimiyyətə qarşı narazılığından istifadə edərək” Marağada özünü müstəqil elan etdi. Lakin xəlifə az sonra onu yenidən özünə tabe edə bildi [22]. Rəvvadilərin ən nüfuzlu nümayəndəsi Əbülhica ibn Hüseyn (981-988-ci illər) 981-ci ildə Salariləri devirərək Azərbaycanda hakimiyyətə gəldi. Sülalənin hakimiyyəti 981-ci ildən 1071-ci ilə qədər davam etdi. Onlar Təbrizi paytaxt seçən ilk sülalə oldular. Bu sülalənin nümayəndələri “Azərbaycanşah” titulu daşıyırdılar [12, s.201-202]. Rəvvadilər sülaləsi paytaxt Təbriz olmaqla Azərbaycanın Araz çayından cənuba doğru bütün ərazilərini və Muğan bölgəsinin bir hissəsini idarə edirdi [17, s. 32].
 
Azərbaycanın digər hissəsini bu dövrdə Şəddadilər sülaləsi idarə edirdi. Şəddadilər Azərbaycanın qədim Dvin (Dəbil) şəhərində (moğolların hücumu zamanı 1236-cı ildə məhv edilib, xarabalıqları İrəvandan 35 km cənubda qalır) yerləşmişdilər. Onları Türkiyə mənbələri daha çox Şəddadoğulları kimi təqdim edirlər [5]. Sülalənin banisi Məhəmməd ibn Şəddad 951-ci ildə Dvin şəhərində öz hakimiyyətini elan etdi. Bu, Şəddadilər sülaləsinin Azərbaycanda hakimiyyətə gəlmək üçün ilk cəhdi idi. Az sonra Azərbaycan dövlətinin Salari rəhbərliyi onların cəhdinin qarşısını aldı. Şəddadilər 971-ci ildə istəklərinə nail oldular. Sülalənin təmsilçisi Əli Ləşkəri ibn Məhəmməd həmin ildə Salarilərin Gəncə hakimini kənarlaşdıraraq hakimiyyətə gəldi, Gəncəni özünə paytaxt elan etdi. Bununla Azərbaycanın digər hissəsində Şəddadilər sülaləsinin hakimiyyəti başladı. Onların hakimiyyəti 1075-ci ilədək davam etdi. Şəddadilər sülaləsinin hakimiyyəti əsasən Azərbaycanın Arran bölgəsini, Kür-Araz çayları arasındakı torpaqları, o cümlədən, Bərdə, Şəmkir və digər şəhərləri, həmçinin Dvin (Dəbil) şəhəri də daxil olmaqla Qərbi Azərbaycan ərazilərini əhatə edirdi [19, s.20; 15]. 
 
Bəzi rus və Qərb müəlliflərinin Şəddadilərin kürd əsilli olmasına dair iddialarının heç bir əsası yoxdur, bu iddialar heç bir ciddi mənbə ilə təsdiq olunmur, erməni mirzələrinin nə vaxtsa ortaya atdığı saxta informasiyadan başqa bir şey deyil. Onlar yerli Azərbaycan nəsli və sülaləsi idilər. Bu saxtalaşmanı aparan müəlliflər Şərəfxan Bidlisi, Yaqut Həməvi kimi bir neçə müəllifin əsərlərinə istinad edirlər. Bu mənbələrdə çox vaxt təhriflərə yol verildiyi məlumdur. Rusiya şərqşünası V. Minorski, “İranın Kembric tarixi” deyilən toplunun müəllifləri də bu yanlış mənbələrə əsaslanaraq , həqiqətə uyğun olmayan məlumatı tirajlamışlar. Əslində “İranın Kembric tarixi”ndə sülalənin kürd mənşəli olması deyil, onların içərisində bir neçə kürd tayfasının olması ehtimalından bəhs olunur. Həqiqət isə ondan ibarətdir ki, sülalə “Şəddadi” yox, “Şadlı” tayfasının adı ilə bağlıdır. Bu soy Xəzər xaqanlığı dövründə Qərbi Azərbaycan və Naxçıvan ərazilərində yaşayıb. Ərəblərin gəlişinə qədər türk əsilli bu tayfanın yaşadığı ərazi “Şadlı torpaqları”, “Şadın ölkəsi” adlanırdı [11; 1, s.13]. Türkiyəli alim Vəli Saltık yazır ki, XI-XII əsrlərdə Kür və Araz çayları arasında, Aran adlanan bölgədə Şadlılar hökmran oldular, dövlət qurdular [8].
 
Beləliklə, Ərəb Xilafətinin zəiflədiyi dövrdə müstəqil Azərbaycan dövlətçiliyi bərpa olundu. Azərbaycanda Məzyədilər, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər (Şadlılar) sülalələri hökmranlıqlarını bərqərar etdilər. Onların hakimiyyəti müxtəlif dövrlərdə ya ölkənin bütün ərazisini, ya  onun bir hissəsini əhatə edirdi.
 
IX əsrin sonlarından başlayaraq Azərbaycan yeni xarici hücumlara məruz qaldı. Əvvəllər Don-Volqa-Xəzər vasitəsilə Azərbaycanda və Azərbaycanın torpaqlarından keçərək Bağdadla ticarət əlaqələri yaradan slavyanlar Xəzərsahili vilayətlərə soyğunçuluq yürüşləri təşkil etməyə başladılar. Xəzər sahillərinə və Azərbaycana yürüşlər edən Kiyev Rus dövlətinin hərbi dəstələri “ruslar” adlanırdı. Kiyev Rus dövləti hərbi qüvvələrinin xeyli hissəsi muzdla tutulmuş Skandinaviya mənşəli varyaqlardan (vikinqlərdən) ibarət idi.
 
914-cü ildə slavyanların Xəzər sahillərinə daha qorxulu yürüşü oldu. Bu yürüş daha mütəşəkkil təşkil olunmuşdu. Hər birində 100 nəfər döyüşçü olan 50 gəmi Xəzərə daxil oldu. Onlar Bakı ətrafında və Xəzərin Azərbaycan sahillərində olan Pirallahı, Zirə, Sara yarımadalarında möhkəmləndilər və buradan sahil məntəqələrinə basqın etməyə başladılar. 914-cü il yürüşü zamanı Azərbaycanın Xəzər sahili qarət olundu. Dinc əhaliyə divan tutdular. Lakin Xəzərin şimal sahillərində 1500 nəfər Müsəlman-türk qoşunları ilə qarətdən qayıdan slavyan dəstələri arasında vuruşma oldu. Üç gün davam edən döyüşdə slavyanlar darmadağın edildi [7, s.78]. Bu vuruşmadan sonra bir müddət Xəzər sahillərinə, Azərbaycana yürüşlər təkrar olunmadı.
 
944-cu ildə slavyan dəstələri yenidən Xəzər sahillərində göründülər. Bu yürüşdə onların məqsədi “Arranın baş şəhəri” Bərdəni tutmaq və Azərbaycanda həmişəlik möhkəmlənmək idi. Kiyev knyazı İqorun (912-945) drujinaları və muzdlu qoşunlarından ibarət olan slavyanlar həmlələrlə Kürün mənsəbinə yetişib buradan Bərdə istiqamətində hərəkətə başladılar. Slavyanlar Bərdəni tutaraq əhalini qılıncdan keçirdilər, əhalidən tələb etdilər ki, 3 gün ərzində şəhəri tərk etsinlər. Bərdəlilər bu tələblə razılaşmadıqlarından əhali yenidən qılıncdan keçirildi. Bərdəni müdafiə etmək üçün Salari hökmdarı Mərzban ibn Məhəmməd şəhəri mühasirəyə aldı. Salarilərin mühasirəsi zamanı slavyanlar tələfat verdilər və şəhərdən qaçdılar. Oradan Kür sahilində Mübarəki adlı yerdə onları gözləyən gəmilərə minərək Xəzərə çıxıb öz ölkələrinə qayıtdılar. Bu basqın Bərdəyə çox böyük ziyan vurdu. Yarım ildən çox slavyanların əlində qalan şəhər dəhşətli qarətə və dağıntıya məruz qaldı [13]. Məşhur Bərdə əvvəlki əhəmiyyətini itirdi. Şəhərdə pul kəsilməsi dayandırıldı. Sonralar isə Şəddadilərin (Şadlıların) Gəncəni paytaxt seçməsi Bərdənin əhəmiyyətini daha da azaltdı.
 
Ümumilikdə, yerli sülalələrin hakimiyyəti altında Azərbaycanın qədim dövlətçilik ənənələrinin bərpası böyük əhəmiyyətə malik idi.
 
Ədəbiyyat:
 
1. Abdullayev S. Azərbaycan XI-XIV əsrlərdə (“İranın Kembric tarixi” əsasında). Avtoreferat. Bakı, 2017.
2. Azərbaycan torpaqlarını ilk dəfə birləşdirən hökmdar.- “Azadlıq”, 2013, 16 aprel, s.14.
3. Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı, “Şərq-Qərb”, 2007.
4. Əliyarlı S. Azərbaycan tarixi. Bakı, “Çıraq”, 2009.
5. İslam Tarihi Ansiklopedisi, c.9. Şəddadilər.- ehlisunnetbuyukleri.com/İslam-Tarihi-Ansiklopedisi/ Detay/SEDDADİ-LER/648.
6. Qaraoğlu F. Tarixdə iz buraxanlar: Yusif Əbu Sac.- “Bakı Xəbər” qəzeti, 2017, 14 iyul, №123, s.13.
7. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək). Bakı, “Elm və təhsil”, 2019.
8. Saltık V. Şadiler ve Kockiriler. Ankara, “Kuloğlu”, 2011.
9. Süleymanov N. Azərbaycan IX-XIII əsrin əvvəllərində. Metodik vəsait. Bakı, ADPU nəşriyyatı, 2020.
10. Şen M.E. Azərbaycanda hökm sürmüş bir türk dövləti: Sacoğulları (IX-X əsrlər).-“Akademik Tarih və Düşüncə Dərgisi, 6 (5) Kış 2019.
11. “Şəddadilər” adlı dövlət olmayıb.- axar.az/news/kult/771702.html (2023.08.05).
12. Tarix.-Azərbaycan VII əsrin ortaları- XIII əsrin əvvəllərində, səh. 201-202. “Azərbaycan Milli Ensiklopediyası. “Azərbaycan” cildi. Bakı 2007.
13. According to Yaqut, they stayed for a whole year. “Bardha`a”. Encyclopaedia of Islam.
14. Bosworth C.E. The New Islamic Dynasties: A Chronological and Genealogical Manual.- Columbia University, 1996.
15. Encyclopedia İranica. Shaddadids.-iranicaonline.org/articles/ shaddadids#p+1.
16. Minorsky V. Studies in Caucasian history.-Cambridge University Press, 1997.
17. The Cambridge History of İran/Edited by J.A.Boyle, John Andrew Boyle.-Cambridge University Press, 1968, c. 5.
18. Wittow M. “The Making of Byzantium: 600-1025”, Berkley: University of California Press, 1996.
19. Альтман М.М. Исторический очерк города Гянджи. Баку, издательство АН АзССР, 1949, hissə I.
20. Государство Ширваншахов.- 1905.az/ru/qosudarstvo-shirvanshov/.
21. Ибн аль-Асир. Полный свод истории.- vostlit.info/Text/rus/Athir_2/text4.phtml?id =7969.
22. Раввадиды: interpretive.ru/termin/ravvadidy.html.
23. Рыжов К.В. Все монархи мира. Мусульманский Восток. VII-XV вв. Москва, издательство Вече, 2004.
 
Link kopyalandı!
Son xəbərlər