“Bütün səmavi dinlərə görə, “bəşərin atası”, Allahın yaratdığı ilk insan Adəm olmuşdur... Təkamül nəzəriyyəsinə görə isə, insan təkamül və kamilləşmə nəticəsində xüsusi növ və sonralar kökü kəsilmiş meymunlardan əmələ gəlmişdir...”
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
Azərbaycan tarixi AKİF NAĞININ təqdimatında
II mövzu
Azıxantropun, yoxsa Adəmin övladları?..
Bəşəriyyətin yaranması 4 milyon il ərzində baş vermişdir. Bu dövr ərzində insan ibtidai varlıqdan müasir insan tipinə qədər uzun yol keçmişdir. İnsanın yaranması ilə bağlı təkamül nəzəriyyəsi və dini yanaşma mövcuddur. Bütün səmavi dinlərə görə, “bəşərin atası”, Allahın yaratdığı ilk insan Adəm olmuşdur. Ümumi mövqeyə görə, onun yerə endirilməsi təxminən 6-7 min il əvvəl baş vermişdir. Təkamül nəzəriyyəsinə görə isə, insan təkamül və kamilləşmə nəticəsində xüsusi növ və sonralar kökü kəsilmiş meymunlardan əmələ gəlmişdir. Bu nəzəriyyə Adəmdən yüz min illər əvvəl yaşamış ibtidai insan qalıqlarına istinad edir. Ortaq mövqe olaraq, hesab edilir ki, Adəmin dövrünə qədər də yer üzündə insanlar olmuş, inkişaf etmiş, Adəmin gəlişi ilə yeni nəsil insanlar ümumi prosesə qoşulmuşdur...
İnsanın yaranması prosesi 3 əsas dövrü əhatə etmişdir: daş, tunc, dəmir dövrləri. Daş dövrü təxminən 4-3.5 milyon ildən başlayıb, e.ə. IV minilliyə qədər davam edib. Tunc dövrü e.ə. IV-II minillikləri əhatə edib, dəmir dövrü e.ə. I minillikdə başlayıb. Daş dövrü 3 əsas mərhələyə-paleolit, mezolit, neolit mərhələlərinə bölünür. Paleolit (qədim daş mərhələsi) 4-3.5 milyon ildən e.ə. XII minilliyə qədər, mezolit (orta daş mərhələsi) e.ə. XII-VIII minillikləri, neolit (yeni daş mərhələsi) e.ə. VIII-VI minillikləri, aralıq mərhələ olan eneolit (mis-daş mərhələsi) e.ə. VI-IV minillikləri əhatə edir [10, s.27].
İnsan yaranması prosesinin ilk nümunəsi- pitekantropun (yunanca “meymun adam”) qalıqları 1891-ci ildə Yava adasında (İndoneziya) aşkar edilib. Pitekantroplar 1.2 milyon-30 min il bundan əvvəl yaşamışlar. Ondan sonra qədim insan qalıqları Almaniyanın Heydelberq şəhəri yaxınlığında (Heyderberq adamı), Almaniyanın Neandertal dərəsində (neandertal), Fransanın Kromonyon mağarasında (kromonyon) tapılıb. Bu insanabənzər meymunlar Avropa, Asiya, Qafqaz və Afrikada yaşamışlar [3, s.28-29].
İnsanabənzər meymundan müasir insan tipinə qədər 3 böyük mərhələ keçilmişdir: arxantroplar (yunanca “ən qədim insan”), paleantroplar (yunanca “qədim insanlar”), müasir insanlar. Birincidən ikinciyə keçid alətlərin düzəldilməsi, ikincidən üçüncüyə keçid müasir quruluşla insanın əmələ gəlməsi ilə baş vermişdir. [10, s.26]. Arxantropların ilk nümayəndəsi Homo Habilis (yunanca “bacarıqlı adam”) olub. O, təxminən 2.5 milyon il əvvəl formalaşmağa başlayıb. Onun qalıqları Olduvay dərəsində (Tanzaniya) tapılıb. Daşdan primitiv alətlər düzəltdiyinə görə “bacarıqlı adam” adlandırılıb. Pitekantrop, Heyderberq adamı, sinantroplar da (Pekin yaxınlığında tapılıb) arxantroplara aiddir. Bu dövr 300 min il bundan əvvələ qədər davam edib. Azərbaycanda qalıqları tapılmış azıxantrop da arxantroplara, daha dəqiqi, arxantroplardan paleantroplara keçid dövrünə aid edilir. Təxminən 300-120 min il əvvəl paleantropların dövrü başlayır və 35 min il bundan əvvələ qədər davam edir. Onların ən tipik nümayəndəsi neandertallardır. Neandertallar Avropa, Asiya, Afrika və digər yerlərdə yaşamışlar [3, s.30-31].
Azərbaycan ərazisində bəşəriyyətin inkişafını əks etdirən maddi mədəniyyət nümunələri kifayət qədərdir. Paleolitə aid materiallar Azıx (Xocavənd bölgəsi), Tağlar (Xocavənd bölgəsi), Daşsalahlı (Qazax bölgəsi), Qazma (Naxçıvan bölgəsi), Buzeyir (Lerik bölgəsi) mağaralarında aşkar edilib. Azıx mağarasında hündürlüyü 13.5 m. olan 10 mədəni təbəqə müəyyən edilib [2, s.55,60,61]. Buradakı materiallar Quruçay mədəniyyətini (Azıx mağarası Quruçay sahilində yerləşir) təşkil edir. Quruçay arxeoloji mədəniyyəti 1.2 milyon il əvvəldən – 700 min il əvvələ qədərki dövrü əhatə edir. Burada Quruçay mədəniyyətindən sonra Aşel mədəniyyəti (Fransanın Sent-Aşel yaşayış məntəqəsində tapılan ilk nümunələrə görə belə adlanır) izləri müşahidə olunur. Deməli, Quruçay mədəniyyətinin birinci inkişaf mərhələsi Aşelə qədərki dövrü əks etdirir. Bu mədəniyyət dövrləri və mərhələləri əldə olunan materialların xarakterik xüsusiyyətlərinə görə müəyyənləşdirilir. Aşel mədəniyyəti təxminən 1.7 milyon- 120 min il bundan əvvəlki dövrü əhatə edir. İlkin Aşel 1.7-1 milyon, orta Aşel 1 milyon-500 min, son Aşel 500-120 min il bundan əvvəli əhatə edir.
Quruçay dərəsində ilk vaxtlar açıq düşərgələrdə yaşayan qədim insanlar iqlim şəraitinin dəyişməsi ilə bağlı yaxınlıqdakı Azıx mağarasına köçmüşlər. Mağarada insanların təxminən 1 milyon il əvvəl yaşamağa başladıqları güman edilir [6].
Mağaranın ən qədim dövrə aid təbəqələrində ibtidai insanların işlətdikləri kobud daş alətlər tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır. İbtidai insanlar bu alətlərdən ovladıqları heyvanları kəsmək, doğramaq işlərində istifadə etmişlər. Azıx mağarasında əldə edilən materiallar alt paleolit (3.5-1 milyon il əvvəl) dövrünə aid edilir.
Azıx mağarası Azərbaycanın Xocavənd rayonunda, Quruçay dərəsinin sol yamacında yerləşir. Mağara 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən qeydə alınmışdır. Azıx mağarası dəniz səthindən 1400 m. yüksəkdə yerləşir. Qafqazın ən iri karst mağaralarından olub, içinin uzunluğu 230 m-dir. Mağara altı böyük salondan ibarətdir. Eyni zamanda mağaranın giriş və çıxışı vardır. Mağaradan əmək alətləri ilə yanaşı, nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır.
Azıx mağarasında aşkar olunmuş ən qədim ocaq qalığının 700 min ilə yaxın yaşı var. Qədim insanların oddan istifadə etməsi onların həyatında çox mühüm hadisə olmuşdur. İlk vaxtlar ildırım çaxması və ya üzvi maddələrin öz-özünə yanması nəticəsində əmələ gəlmiş təbii oddan istifadə edilmişdir. Sonralar insanlar quru ağac parçalarını, çaxmaqdaşını bir-birinə vurmaqla od əldə etməyi öyrənmişlər. Od, ocaq insanların həyatında böyük rol oynamışdır. Ocaqdan isinmək, yemək hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün istifadə olunurdu.
Azıx mağarasında 1968-ci ildə arxeoloq M. Hüseynov tərəfindən İbtidai insanın alt çənə sümüyünün qalığı tapılmışdır. Bu, dünyada ən qədim tapıntılardandır. Antropoloqlar həmin İbtidai insanı Azıxantrop, yəni “Azıx adamı” adlandırmışdır. Azıxantroplar 350-400 min il bundan əvvəl yaşamışlar. Azıx çənə sümüyü Azərbaycanın qədim insanının formalaşdığı ərazilərdən biri olduğunu sübut edir [8].
Orta Paleolit (1 milyon-35 min il əvvəl) dövründə qədim insanların ətraf mühitə münasibətində, dini görüşlərində dəyişikliklər yaranmışdır. Axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdı. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir.
100 min ildən 35 min il bundan əvvələ qədər mustye mədəniyyəti (ilk nümunələri Fransanın Mustye şəhərində tapıldığı üçün belə adlanır) dövrü hesab edilir. Bu vaxt neandertallar yaşamış, kobud daş alətlərdən itiuclu alətlərə keçilmiş, dəfn qaydaları yaranmışdır. Azərbaycanda bu dövrə aid zəngin materiallar Tağlar mağarasında aşkar edilib [2, s.67].
35 min il əvvəl mustye mədəniyyətini üst paleolit əvəz edib və e.ə. XII minilliyə qədər davam edib. Bu dövrün adamları müasir insan tipində olub. Onlar Homo Sapiens (yunanca “ağıllı adam”) adlandırılıb. Bu adamın meydana gəlməsi mustye ilə üst paleolit arasında, 30-35 min il əvvəl baş verib [2, s.78-79].
Mezolit - Orta Daş dövrü Azərbaycan ərazisində e.ə. 12-ci minillikdən e.ə. 8-ci minilliyə qədər bir dövrü əhatə edir. Bu dövrdə yaşayış üçün daha əlverişli iqlim şəraiti olmuşdur. Yeni əmək alətləri yaratmış insanlar əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuşlar.
Mezolit dövründə ox və kaman ixtira edilmişdir. Bu silahın köməyi ilə insanlar heyvanları daha uzaq məsafədən ovlaya bilirdilər. Mezolit dövründə ilk əkinçilik vərdişləri də yaranırdı. Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı, məşğuliyyəti Qobustan abidələri (“Öküzlər”, “Ana Zağa”, “Firuz” və s.) əsasında öyrənilmişdir. Burada insanlar təxminən e.ə. 12-ci minillikdən yaşamışlar. Qobustanda insanlar ovçuluq, balıqçılıq və yığıcılıqla, zaman keçdikcə isə maldarlıq və əkinçiliklə məşğul olmuşlar [12].
E.ə. VIII-VI minillikləri əhatə edən yeni daş dövrü – Neolit adlanır. Bu dövrdə insanlar daha hər şeyi təbiətdən hazır şəkildə almır, özləri istehsal edirdilər. Yəni insanlar təbiətdən asılılıqdan azad olmuş, özlərinə lazım olan məhsulların istehsalına başlamışlar. İnsanların məşğuliyyət sahələri içərisində maldarlıq və əkinçilik əsas yer tuturdu. Bu dövrdə istehsal təsərrüfatının formalaşması başa çatmışdır. Azərbaycan ərazisində bu dövrə aid Gəncə yaxınlığında Gillidağ, Qazaxda Damcılı mağarası, Qobustanda "Ovçular zağası", "Anazağa" və "Firuz" düşərgələri kimi abidələr öyrənilmişdir. Təbriz yaxınlığında yerləşən Yanıqtəpə (kiçik təpə) və Urmiya gölünün cənubundakı Hacı Firuz abidələrinin alt təbəqələri də neolit dövrünə aiddir. Bu dövrün abidələrindən biri də Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, Babək rayonunun eyni adlı kəndi ərazisində tədqiq olunmuş I Kültəpədir. [12].
E.ə. VI minillikdən Azərbaycanda eneolit (mis-daş dövrü) başlanıb. Bu dövr e.ə. IV minilliyə qədər davam edib. Bu dövr daş dövrünün başqa mərhələlərindən fərqlənir. Çünki qədim insanlar bu dövrdə daş məmulatı ilə yanaşı metaldan da istifadə ediblər. ilk vaxtlar misdən soyuq döymə üsulu ilə müxtəlif əşyalar hazırlayırdılar. Zaman keçdikcə əmək vərdişləri artır, təkmilləşir və qədim insanlar mis külçələrini əvvəlcə ocaqda qızdırmaq, sonra isə əritməklə ibtidai metalişləmənin sirlərinə bələd oldular.
Azərbaycanda bu dövrün yaşayış məskənləri Gəncə-Qazax, Mil-Qarabağ, Muğan-Naxçıvan bölgələrində, Urmiya gölü ətrafında və Təbriz yaxınlığında öyrənilib. Eneolit dövründə bizə məlum olan ev heyvanlarının, demək olar, hamısı əhilləşdirilib. E.ə. V minilliyin axırlarında Azərbaycanda ilk dəfə atın əhilləşdirilməsinə başlanılıb. Cəlilabad rayonunda qədim Əliköməktəpə yaşayış yerindən əhilləşdirilmiş at sümükləri tapılıb [7].
E.ə. IV minilliyin sonlarından başlayaraq Eneolit dövrü Tunc dövrü ilə əvəz olunub. Azərbaycanda bu dövr e.ə. II minilliyin sonlarına qədər davam edib. Tuncun meydana gəlməsi İbtidai cəmiyyətin tələbatından doğmuşdu. Azərbaycanda mis yataqlarının olması metalişləmə və metallurgiyanın inkişafına şərait yaratmışdı. Təmiz misdən hazırlanan alətlər kövrək olduğu üçün davamsız idi və tez xarab olurdu. Ona görə də qədim sənətkarlar misin tərkibinə müxtəlif qatışıqlar, məsələn, mərgümüş, sürmə, nikel, daha sonralar qalay qataraq daha möhkəm metal-tunc əldə etdilər. Əmək alətlərinin, silahların, məişət və bəzək əşyalarının çoxu tuncdan hazırlandığından bu dövr Tunc dövrü adlanır.
Tunc dövrü İbtidai icma quruluşunun inkişaf tarixində çox mühüm yer tutur. Erkən tunc dövründə Azərbaycanda I ictimai əmək bölgüsü baş verib, əkinçilik maldarlıqdan ayrılıb, ağır zəhmət tələb edən kişi əməyi (xış əkinçiliyi, maldarlıq, metalişləmə) irəli keçib, anaxaqanlığı ataxaqanlığı (patriarxat) ilə əvəz olunub. Təsərrüfatın yeni sahələri meydana gəlib, əmək bərabərsizliyi və sosial bərabərsizlik yaranıb. Tunc dövründə Azərbaycanda böyük mədəni-etnik birliklər – böyük tayfalar və tayfa birləşmələri meydana gəlib [5].
İnsanlar inkişaf etdikcə onların həyatı ictimailəşir, sürü icmasının yerinə qəbilə, daha sonra tayfa quruluşları gəlir, insanların nitqi, dili, dini baxışları təkmilləşir. İlk insanların təfəkkür və nitqinin inkişafı iki mərhələyə bölünür: birinci mərhələ arxantrop və paleantroplar, ikinci mərhələ Homo Sapiens dövrü ilə şərtlənir. Ən qədim insanların nitqi başqa canlılarda olduğu kimi kiçik qışqırtılardan ibarət olub [10, s.34]. Tədricən vahid dil, “ulu dil” [4, s.17] nəzəriyyəsi ilkin olaraq vahid bir dilin olduğunu, dünya xalqlarının dillərinin bu ulu dildən yarandığını nəzərdə tutur. Ulu dil e.ə. XII minilliyə qədər formalaşmış, həmin vaxtdan isə müxtəlif protodillərə bölünməyə başlamışdır. Bu, əsasən ibtidai icma quruluşunun dağılması, köçlərin, miqrasiyaların artması ilə bağlı olmuşdur [10, s.36]. Məhz e.ə. XII minillikdə ulu dilin parçalanması ilə müasir dil ailələrinin əsasını qoymuş ilk qədim dillər, protohindavropa, protosami, prototürk dilləri yarandı [4, s.17].
Hələ XVIII əsrdə müxtəlif ölkələrin alimləri tərəfindən “ulu dil”, vahid dil mənbəyi haqqında fikirlər səslənirdi. Lakin ulu dilə dair bitkin nəzəriyyəni XIX əsr alman alimi Avqust Şleyxer işləyib hazırladı. Onun fikrinə görə, bütün dillər hindavropa ulu dilindən, protodilindən meydana gəlib [4, s.24-26]. Hər kəs qəbul edir ki, dünyanın bütün xalqları kimi, dilləri də bir kökdəndir. E.ə. XII minillikdə protodillərin parçalanması başladı, XII-VI minilliklərdə dil ailələri yarandı.
Bu vaxt ən iri dil ailələri- Hind-avropa (german, kelt, roman, İran, yunan, slavyan və sair), sami (akkad, assur, babil, yəhudi, ərəb və sair), Şumer-Hurri-Altay (türk, moğol və sair) və sairləri formalaşdı [9, s.35-36]. Prototürk dilinin parçalanması e.ə. VIII-VII minilliklərdə türkün ilk vətənində, Ön Asiyada (indiki Azərbaycan, Şərqi Türkiyə, İran, İraq, Gürcüstan və sair) baş verdi [1, s.83].
E.ə. XII minillikdə sami, hind-avropa və digər tayfalardan (onlar da Ön Asiyada formalaşmışdılar) ayrılan prototürklər böyük kütlələrlə köç ediblər. Onların bir qismi, ilkin vətəndə, Ön Asiyada qalıb, digərləri əsasən iki istiqamətdə, qərbə, Balkanlara, şərqə, bu günkü Çin sərhədlərinə qədər hərəkət edib. Bu köçlərin nəticəsidir ki, türklərin qərb və şərq vətənlərində xeyli oxşar toponim və etnonimlər vardır. Məsələn, Amur çayının bir qolu Kür, digəri Urmu adlanır; Mehri bölgəsində Nüvədi kəndi yaxınlığında Sələnc çayı, Orta Asiyada Selenqa çayı vardır; Çinin uyğurlar yaşayan Kaşqar bölgəsində Azıx kəndi, Azərbaycanın Xocavənd bölgəsində Azıx mağarası var [4, s.190]. Altay sözünün özü də türklərin Ön Asiyadan gətirdiyi Aratta sözünün dəyişmiş formasıdır. Bu sözün Alatey forması da mövcuddur. Hamısı da eyni mənanı, “dağ” mənasını verir. Türklərin ilk vətəni, beşiyi Altay, Orta Asiya deyil, Ön Asiya, Azərbaycandır. Onların bir hissəsi Ön Asiyanı tərk etmiş, müəyyən vaxtdan sonra, məsələn e.ə. VIII-VII əsrlərdə sak, skif, kimmerlər kimi geri dönmüşlər [4, s.58]. XX əsr ingilis arxeoloqu Lloyd Seton faktlara söykənərək, belə bir fikir bildirir ki, Turanlılar, türklər 10-12 min il bundan əvvəl Dəclə-Fərat çayları hövzəsində, İkiçayarasında məskən salıb, dünya sivilizasiyasına öz töhfələrini verdi, qədim bir mədəniyyətin əsasını qoydular [11, s.16].
Beləliklə, Azərbaycanda ən qədim dövrlərdən başlayaraq insanın yaranması və formalaşması prosesi gedib, burada dünyanın ən qədim insan yaşayışı məskənləri olub, əcdadlarımız qədim dünyanın bütün mərhələlərini keçərək, dövlətəqədərki dövrü başa vurub. Ölkəmizdə dövlətin yaranması üçün bütün ilkin şərtlər, vahid ərazi, mərkəzi yaşayış məntəqələri, iqtisadi və hərbi güc, idarəetmə qabiliyyəti, ümumi təmas, danışıq vasitəsi, prototürk (protoazərbaycan) dili, eyni dini-ideoloji təsəvvürlər formalaşıb.
Ədəbiyyat:
1. Azərbaycan tarixi, I cild. (Z. Bünyadovun və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik. Bakı, “Azərbaycan Dövlət Nəşriyyatı”, 1994.
2. Azərbaycan tarixi. Yeddi cilddə, I cild. Bakı, “Elm”, 1998.
3. Göyüşov R.B., Martınov A.İ. SSRİ arxeologiyası. Bakı, “Maarif”, 1990.
4. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, “Təhsil”, 2003.
5. Archeology viii. Republic of Azerbaijan.- iranicaonline.org/articles/archeology-viii-northern-azerbaijan-republic-of-azerbaijan-1.
6. Yolanda Fernandez-Jalvo, Peter Ditchfield, Rainer Grün, Wendy Lees, Maxime Aubert. Appendix: Dating Mehhods Applied to Azokh Cave Sites.- link.springer.com/charter/10.1007/978-3-319-24924-7_16.
7. Археология Азербайджана.- wreferat.baza-referat.ru/ Археология_Азербайджана.
8. Гусейнов М.М.- Древний палеолит Азербайджана. Баку, «Элм», 1985.
9. История Древнего Востока, т. I. Москва, «Наука», 1983.
10. Редер Д.Г., Черкасова Е.А. История древнего мира. Москва, «Просвещение», 1985.
11. Сетон Л. Реки-близнецы. Москва, «Наука», 1972.
12. Эпоха мезолита и неолита.- web.archive.org/web/20131111152625/ http:www.azerbembassy.org.en/rus/historical02.html.
Akif Nağı, tarix üzrə fəlsəfə doktoru, dosent.