Tariximiz nədən başlayır?.. – Akif Nağıdan Azərbaycan tarixinə fərqli baxış...
2699
29 Feb 2024 | 15:51

Tariximiz nədən başlayır?.. – Akif Nağıdan Azərbaycan tarixinə fərqli baxış...

“Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəziyyətini... xələflərə bildirir,... tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törənə bilən fəsadları keçmişin libasında insanların ibrət nəzərinə çatdırır...”- A.Bakıxanov
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
Tariximiz nədən başlayır?
 
Azərbaycan tarixi AKİF NAĞININ təqdimatında
 
I mövzu
 
Ön söz
 
Tarix elminin məzmununu tarixi proses təşkil edir. Tarix elminin bünövrəsində faktların toplanması, sistemləşdirilməsi və ümumiləşdirilməsi durur. Azərbaycan tarixi dünya tarixinin ayrılmaz hissəsidir. “Azərbaycan tarixi” fənninin predmeti qədimdən bu günə qədərki tariximizin dövlətçilik, iqtisadi-siyasi inkişaf, mədəniyyət və digər aspektlərinin öyrənilməsi,tədrisi və təbliğindən ibarətdir. Görkəmli Azərbaycan tarixçilərinin davamçısı A.Bakıxanov “Gülüstani-İrəm” əsərində göstərir: “Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəziyyətini... xələflərə bildirir,... tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törənə bilən fəsadları keçmişin libasında insanların ibrət nəzərinə çatdırır... Tarix elmi dünyanın təcrübəsini bizə çatdırır... Hər bir ölkənin tarixi orada yaşayan xalq üçün faydalıdır.” [1, s. 6]. Milli tarixçimiz tarix elminin mahiyyətini bu cür təqdim edir. Qərbin böyük filosofu Hegel də məsələyə aydınlıq gətirir. Onun fikrinə görə, tarix yalnız dövlətin yaranması ilə başlayır və “həqiqi” dövlət quruluşunun bərqərar olması ilə “başa çatır” [5, s.271]. O, tarixin dövləti olan xalqlara aid olduğunu vurğulayırdı: “Dövlət quruluşu olmayan xalqın (millətin) heç bir tarixi yoxdur [4, s.366]. Hegel onu da qeyd edir ki, tarix təsadüfi hadisələrin toplusu deyil, ağlın hökmran olduğu bir sahədir. [4, s.370]. İki mütəfəkkirin fikri ilə tarix elmi haqqında aydın təsəvvür yaratmağa çalışdıq. Tarix ağlın məqsədyönlü fəaliyyətinin məhsuludur.
Azərbaycan tarixinin tədrisinin ən ümdə vəzifələri tələbə-gənclərə Vətənimizin tarixi keçmişi haqqında dərin biliklər vermək, onlara tariximizin mürəkkəb və ziddiyyətli dövrlərindən baş açmağı öyrətmək, onlarda tarixi təfəkkürü formalaşdırmaq, cəmiyyətdə baş verən hadisələri obyektiv qiymətləndirmək bacarığı aşılamaqdan ibarətdir [3, s.10]. 
 
 
Azərbaycan tarixi üzrə mənbələr iki hissəyə – arxeoloji və yazılı qaynaqlara bölünür. Arxeoloji qaynaqlara qazıntılar zamanı yeraltı mədəni təbəqələrdən, qəbir abidələrindən, qədim yaşayış məskənlərindən aşkar edilmiş müxtəlif əmək alətləri, sadə silah növləri, məişət və bəzək əşyaları, dini təsəvvürləri ifadə edən heykəlciklər, göz muncuqları və s. əşyalar aiddir. 
 
 
Azərbaycan tarixinin qaynaqları sırasında əsas yeri yazılı mənbələr tutur. Məlumdur ki, yazı hələ e.ə. V minillikdə yaranmışdır. Ən qədim yazı növləri piktoqrafiya və mixi yazı növləridir. Piktoqrafiya - şəkil, qrafos - yazı, yəni "şəkli işarələrlə yazı" mənası verir və bu yazı növündən qədim İkiçayarasında (Mesopotamiyada) istifadə olunmuşdur. Mixi yazılardan daha çox Ön Asiyanın və Orta Şərqin ən qədim dövlətlərində - Şumerdə, Akkadda, Misirdə, Babildə və sair yerlərdə istifadə olunmuşdur. Məhz həmin ölkələrin mixi yazılarında Azərbaycan tarixinin ən qədim dövrü haqqında müəyyən məlumatlar verilir. Bu baxımdan ən önəmli qaynaqlar e.ə. III-I minilliklərdə mövcud olmuş Şumer, Akkad, Assuriya (Aşşur) və Urartu dövlətlərinə aid mixi yazılardır.
 
 
Şumer, Akkad və Assuriya İkiçayarasında ardıcıl mövcud olmuş dövlətlərdir və coğrafi baxımdan onlar hamısı Azərbaycan ərazilərinin (Cənubi Azərbaycanın Urmiya gölü hövzəsi) qonşuluğunda mövcud olduğundan qədim Azərbaycanda yaşayan tayfalarla sıx iqtisadi-ticarət, siyasi və mədəni əlaqələrdə olmuşlar. Bütün bu əlaqələr haqında qədim Şumer, Akkad və Assuriya qaynaqlarında məlumatlar əks olunub. 
 
E.ə. X əsrdən – y.e. III əsrinə qədərki dövrə aid Azərbaycan tarixi barədə ən qiymətli məlumatlar antik yunan və latın yazılı mənbələrində saxlanılmışdır. 
 
 
Antik dövrdə qədim yunan, Roma tarixçiləri, coğrafiyaçıları Herodot, Strabon, Ptolemey, Arrian, Ammian Marsellin, Tassit və başqaları Şərq aləminə həsr etdikləri əsərlərdə qədim Azərbaycanın coğrafiyası, əhalisi, əhalinin məşğuliyyəti, etnik tərkibi, burada baş verən siyasi hadisələr və s. barədə məlumatlar vermişlər. 
 
 
III-X əsrlər Azərbaycan tarixinin yazılı mənbələri daha da genişlənmişdir. Bu dövrdə Azərbaycan tarixinə aid müfəssəl məlumatlar Bizans, qədim Alban, ərəb və digər mənbələrdə verilir.
 
 
Qədim Alban mənbələrindən ən qiymətlisi alban tarixçisi Musa Kalankatlının “Alban tarixi” əsəridir. Musa Kalankatlı VII əsrin sonu – VIII əsrin əvvəllərində yaşamış, “Alban tarixi”nin I və II kitablarını yazmışdır. Əsərin III və IV kitabları isə onun tələbələri tərəfindən kitaba əlavə edilmişdir. “Alban tarixi”ndə Azərbaycan ərazilərində İncil tarixindən X əsrin sonuna qədərki dövrdə baş verən hadisələr haqqında məlumatlar verilir.
 
 
XI-XVIII əsrə aid ərəb, fars və türkdilli qaynaqlarda Azərbaycan tarixinə aid qiymətli məlumatlar əks olunmuşdur. Azərbaycan tarixçilərindən Həmdullah Qəzvini, Fəzlullah Rəşidəddin, Rəşid Bakuvi, Məhəmməd Naxçıvani, Həsən bəy Rumlu, İsgəndər bəy Münşi və digərlərinin əsərlərini qeyd edə bilərik.
 
Bu dövrə aid yazılı mənbələrinin bir qismini avropalı müəlliflərin əsərləri təşkil edir. 
 
 
XIX əsr Azərbaycan tarixinin öyrənilməsində “Qarabağnamələr”in böyük əhəmiyyəti vardır. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”, Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağ tarixi” (1847), Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair”, Mirmehdi Xəzaninin “Kitabi – tarixi Qarabağ”, Mirzə Rəhim Fənanın “Tarixi-cədidi (yeni) Qarabağ”, Məhəmməd Baharlının “Əhvalati – Qarabağ”, Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” əsərləri Qarabağ və ümumən Azərbaycan tarixinin öyrənilməsində çox qiymətli mənbələrdir.
 
 
Kərim ağa Fateh və Hacı Seyid Əbdul Həmid Şəki xanlığının tarixinə dair əsərlər yaratmışlar. A.A.Bakıxanov “Gülistani-İrəm” əsərində Azərbaycan və Dağıstanın qədim zamanlardan öz dövrünə kimi baş vermiş tarixi hadisələrini şərh etmişdir. 1866-1917-ci illərdə Tiflisdə çap olunan 12 cildlik “Qafqaz Arxeoqrafiya komissiyasının sənədləri” adlı topluda yer alan əhəmiyyətli materiallardan Azərbaycan tarixinin müxtəlif məsələlərinin tədqiqində istifadə olunur [2]. 
 
 
Azərbaycan tarixinin müasir dövrü 1918-ci ildən bu günümüzə qədərki illəri əhatə edir. Bu dövrün öyrənilməsində ən qiymətli mənbələr arxiv sənədləridir. Azərbaycanın müasir tarixinə aid ən əhəmiyyətli sənədlər Azərbaycanda və qonşu ölkələrin – Türkiyənin, Rusiyanın, Gürcüstanın, İranın və sair ölkələrin arxivlərində saxlanılır. Azərbaycanın müasir tarixinin öyrənilməsində statistik toplulardan, qəzet, jurnal materiallarından və sair nəşr olunmuş mənbələrdən istifadə olunmuşdur.
 
Deyilənləri nəzərə alaraq, Azərbaycan tarixini aşağıdakı dövr və mərhələlərə bölürük:
 
1) Dövlətçiliyin ilkin dövrü.
a) Giriş. Dövlətəqədərki mərhələ və ibtidai insan münasibətlərinin formalaşması.
b) Azərbaycan dövlətinin yaranması və inkişafı (e.ə. III-II minilliklər).
 
2) Klassik dövlətçilik dövrü (e.ə. I minillik- y.e. III əsri).
a) Azərbaycan dövləti Manna, Mada (Maday), Sak-skif, Əhəməni sülalələrinin hakimiyyəti illərində (e.ə. X-IV əsrlər).
b) Adərbayqan və Arran sülalələrinin hakimiyyəti (e.ə. IV- y.e. III əsrləri).
 
3) Nisbi müstəqillik və müstəqilliyin bərpa olunması dövrü (III-XII əsrlər).
a) Azərbaycan xalqının Sasani və Ərəb işğalına qarşı mübarizəsi.
b) Azərbaycanın müstəqilliyinin bərpa olunması, yeni sülalələrin hakimiyyətə gəlməsi (IX-XII əsrlər).
 
4) Azərbaycan dövlətinin imperiya dövrü (XII-XVIII əsrlər).
a) Eldənizlər sülaləsinin yüksəlişi və süqutu.
b) Moğolların işğalçı yürüşləri və Hülakülər sülaləsinin hakimiyyəti.
c) Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti.
d) Səfəvilər sülaləsinin hakimiyyəti.
 
5) Siyasi pərakəndəlik dövrü (XVIII əsrin ikinci yarısı-XX əsrin əvvəli).
a) Azərbaycan xanlıqları.
b) Azərbaycanın bölünməsi. Rusiya işğalı və işğala qarşı mübarizə.
 
6) Müasir dövlətçilik dövrü.
a) Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər).
b) Azərbaycan və Sovet imperiyası.
Dövlət müstəqilliyinin bərpa edilməsi və möhkəmləndirilməsi.
 
Ədəbiyyat:
 
1. Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı, Minarə, 2000 (Elmlər Akademiyası nəşriyyatı, 1951. Təkrar nəşr (düzəlişsiz).
2. Əliyarlı S. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, “Çıraq”, 2007.
3. Qəniyev H. Azərbaycan tarixi (ən qədim zamanlardan- XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik.  Bakı, “Elm və Təhsil”, 2019.
4. Гегель Г.В.Ф. Философия духа// Энсиклопедия филосовских наук. Том 3, Москва, «Мысль», 1977.
5. Гулыга А.В. Немецкая классическая философия. Moskva, «Айрис-Пресс», 2001.
 
Akif Nağı, tarix üzrə fəlsəfə doktoru, dosent. 
 
Link kopyalandı!
Son xəbərlər