Yazar
İlham İsmayıl
Bütün yazılar
ekskluziv
2833
30 Nov 2024 | 21:13

Xruşşovun xatırlatdığı “keçi müdrüklüyü” və “Oreşnik” raketi...

“Oreşnik” atışından sonra atom silahından istifadə edəcəyi hədələri ilə Rusiya prezidenti bəlkə də “Karib böhranı-2”-ni fərqli formada təkrarlamağı düşünür, amma gedişatdan hiss olunur ki, alınmır. O zaman Xruşşov Kubadan , Birləşmiş Ştatlar da Türkiyədən nüvə silahlarını geri çəkməklə sülhü saxlamışdılar. SSRİ rəhbərliyini imperiyanı zəiflətməkdə hər zaman tənqid edən, qınayan Putin Xruşşovun bu addımını da zəiflik kimi dəyərləndirib tarixin gedişini Rusiya imperiyasının əleyhinə çevirdiyi qənaətində olduğunu yeri düşdükcə səsləndirib. Putinə görə əgər silahlar Kubada qalsaydı, ABŞ sındırılacaq və SSRİ-yə güzəştə gedəcəkdi. Ukrayna müharibəsində yaranan indiki situasiyada Kreml lideri “Oreşnik”i Dneprə atmaqla  geri çəkilmədiyini, “Karib böhranı-2” oyununu başlayıb, bu dəfəki böhrandan yalnız Rusiyanın qalib çıxacağını hesablayır.
 
Amma, Dneprə atılan raketdən sonra “kollektiv Qərb” dediyi ölkələr Putinin “ Oreşnik” uydurmasına inanmadılar. Hətta, Böyük Britaniyadan “ istərsə bu gecə belə savaşa hazırıq” mesajı gəldi. Putinin hədəsini ciddiyə alan olmadı, heç bir lider ona zəng etmədi, baxmayaraq ki, Astanada mediaya açıqlamasında “bilirəm ki, bir çox dövlət başçıları mənimlə danışmaq istəyirlər” kimi arzularını dilə gətirdi. Bir sözlə “ Karib böhranı-2” alınmadı. 
 
Son baş verənlərdən sonra bu nəticəyə gəlmək olar ki, Vladimir Putin informasiya blitskrigini həyata keçirə bilmədi və Qərbi nüvə müharibəsi ilə qorxuda bilmədi. Dneprdə ballistik raketin istifadəsindən cəmi bir neçə gün sonra nəhayət aydın oldu ki, Kremlin hesablamaları iflasa uğrayıb. Ukraynanın Rusiya Federasiyasına qarşı Britaniya və Amerika raketlərindən istifadə etməsi (ən azı indiyə qədər) dünya və Ukrayna üçün heç bir nüvə təhlükəsi yaratmır.
 
Ukraynanın Qərb tərəfdaşları Dneprə raket zərbəsinin Ukraynaya hərbi-texniki dəstəyin daha da gücləndirilməsi üçün kifayət qədər səbəb olduğunu açıqlayıblar. Ukrayna kəşfiyyatının və Qərbin xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatlara görə bütün dünyaya nümayiş etdirilən Oreshnik və ya Kedr raketi (Oreşnik əslində Kedr raketinin eksperimental variantıdır) yalnız 2 nüsxədə buraxılmış bir prototip oldu. Bu cür raketlərin seriyalı istehsalının başlamasına hələ çox vaxt var. Bu vaxta qədər Rusiya-Ukrayna müharibəsi başa çata bilər. Ukrayna MN Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanov jurnalistlər qarşısında maraqlı açıqlama ilə çıxış edib: “Raket eksperimentaldır. Biz dəqiq bilirik ki, oktyabrın 2-dən prototiplər hazırlanmalı idi. Bəlkə də bir az daha çox şey etdilər, amma inanın ki, bu bir prototipdir. Hələ ki, kütləvi istehsal deyil, şükürlər olsun”. 
 
1962-ci il “Karib böhranı”ndan sonra hesabat verən Nikita Xruşşovun maraqlı açıqlamasını Rusiya rəhbərliyinə xatırlatmaq yerinə düşərdi. Xruşşov: “Deyirlər əgər biz güzəştə getməsəydik, bəlkə Amerika daha çox güzəşt edəcəkdi? Bəlkə də belə olardı. Amma uşaq nağılına bənzəyən kimi ola bilərdi ki, iki keçi uçurum qarşısındakı dirək üzərində qarşılaşır. Onlar keçi müdrüklüyü göstərdilər və ikisi də uçuruma düşdü. Bax, məsələ bundadır”.  Xruşşov demək istəyib ki,“Keçi müdrüklüyü” toqquşmaqdır və nəticəsi uçurumdur. Tanrı uçuruma düşmək istəyənin “müdrüklüyündən” qorusun.
 
İlham İsmayıl
Link kopyalandı!
Son xəbərlər