Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir?
Ekskluziv
391
21:37, Bu gün

Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir?

Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində diplomatik təmaslar son dövrlərdə daha intensiv xarakter almaqdadır. Bu istiqamətdə hökumətlərarası komissiyalar və işçi qruplar səviyyəsində aparılan görüşlər normallaşma gündəliyinin irəliləməsinə xidmət edir. Xüsusilə sərhədlərin müəyyənləşdirilməsi və hüquqi çərçivənin formalaşdırılması istiqamətində texniki müzakirələr ön plana çıxır. Bu proses regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, atılan addımlar sülh gündəliyinin praktiki mərhələyə keçidini göstərən əsas göstəricilərdən biridir.

Maraqlıdır, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri iki ölkə arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiya–demarkasiyası və iqtisadi əlaqələrin qurulması baxımından hansı nəticələr doğura bilər və bu proses regionda siyasi dinamikanı necə dəyişə bilər?

Mövzu ilə bağlı Moderator.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd etdi ki, bu, sülh prosesi istiqamətində atılmış çox mühüm və əhəmiyyətli addımlardan biridir:

"Bu səfər Azərbaycanın sülh gündəminə sadiqliyini, onun prinsipial mövqeyini və bu konsepsiyadan kənara çıxmadığını bir daha nümayiş etdirir. Məlum olduğu kimi, Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanla birgə fəaliyyət göstərən hökumətlərarası komissiyanın tərkibində delimitasiya və demarkasiya proseslərinə məsul tərəfdir. Bu görüşlər həm sərhədlərin tam dəqiqləşdirilməsi və müəyyənləşdirilməsi, həm də gələcək sülh müqaviləsinin yekun mətni üzərində işlərin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ermənistanda iyun ayında keçiriləcək seçkilərdən sonra sülh prosesinin daha da sürətlənəcəyi və nəticə etibarilə uğurla yekunlaşacağı ehtimal edilir. Belə ki, seçkilərdən sonra Ermənistan rəhbərliyinin prioritet istiqamətlərindən biri sülh müqaviləsinin imzalanması ola bilər. Bu mərhələyə qədər isə delimitasiya və demarkasiya prosesi öz axarı ilə davam edəcək, hökumətlərarası komissiya çərçivəsində işlər daha da intensivləşdiriləcək".

Deputat bildirdi ki, artıq həm Ermənistan, həm də Azərbaycan rəsmiləri arasında qarşılıqlı səfərlər həyata keçirilir:

"Bundan əvvəl Qəbələdə Ermənistan və Azərbaycan ictimaiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü baş tutmuşdur. Qəbələ bu baxımdan dialoq və diplomatik təmasların mühüm mərkəzlərindən birinə çevrilməkdədir. Bu gün isə Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri həyata keçirilir. Bu proses həm də regionda sülhə qarşı çıxan, qarşıdurma yaratmağa çalışan qüvvələrə açıq mesajdır ki, Azərbaycan və Ermənistan arasında formalaşan müsbət atmosferin pozulmasına imkan verilməyəcək.

Eyni zamanda, müxtəlif xarici və daxili radikal dairələrin, o cümlədən Ermənistan daxilində destruktiv mövqedə dayanan qüvvələrin sülh prosesinə zərər vurmaq cəhdləri müşahidə olunur. Lakin bu cəhdlər nəticəsiz qalacaq. Son dövrlərdə baş verən bəzi insidentlər, o cümlədən Azərbaycan və Türkiyə bayraqlarının yandırılması kimi hadisələr də göstərir ki, bu cür radikal addımlar heç bir nəticə verməyəcək, əksinə, yalnız regionda sabitliyə zərər vuran tərəflərə mənfi təsir göstərəcək. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini təmin etmişdir və sülh gündəliyini qətiyyətlə irəli aparır. Bu proses beynəlxalq ictimaiyyət tərəfindən də müşahidə olunur və müsbət qiymətləndirilir.

Əminliklə demək olar ki, Ermənistan seçkilərindən sonra sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımlar atıla bilər. Nəticə etibarilə diplomatik münasibətlərin bərpası, səfirliklərin açılması və region ölkələri arasında normallaşma prosesinin dərinləşməsi mümkün olacaq. Azərbaycanın mövqeyi konstruktivdir və bu prosesin pozulmasına yönəlmiş hər hansı cəhdlər regiona yalnız ziyan vurur".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər