“ABŞ müharibə ocağını Hörmüzdən uzaqlaşdırıb Aralıq dənizinə keçirəcəkdir ki Türkiyə tranzitinin qarşısını alsın və ya ona nəzarəti ələ keçirsin...”
Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün budəfəki söhbətimizdə bir daha ABŞ və İran arasında hələlik atəşkəs mərhələsində olan qarşıdurmanın müxtəlif aspektlərindən bəhs etdik.
-Bəzi, siyasi icmalçılar iddia edir ki, ABŞ onsuz da İranla son müharibədə bütün istədiklərinə nail olubş Siz necə düşünürüsüz? Bundan sonra hər şey əksinə gedə bilərmi, yəni ABŞ-la İranın yaxınlaşması baş verə bilərmi?
-Bilirsiz, ABŞ-ın bütün istəklərinə nail olması haqda deyilənlərdə müəyyən qədər həqiqət var. Əslində Amerika son müharibədə bütün yox, əsas istəklərinə nail olub. Bu müharibənin iqtisadi aspektlərinə fikir versək, görərik ki, Yaxın Şərq regionundakı İslam ölkələri arasında onsuz da kövrək olan birliyə son qoyuldu. Yəni bu savaşdakı ABŞ-ın iqtisadi məqsədi ilk növbədə Səudiyyə Ərəbistanı ətrafında birləşməyə başlayan İslam ölkələrini bir-birinə qarşı qoymaq idi. 13 ölkədə onun bazalarının dağıdılması, İranı hərbi-mənəvi baxımdan qalib çıxartsa da, ortada qalmış bu ölkələr gələcəkdə bir-birini qıracaqlar. Nəticədə ABŞ-a lazım olan baş verir- neftin qiyməti qalxdıqca qalxır. Amerikada neftin barelinin hasilatının xərci 30-40 dollar arasındadır. Hasil olmuş hər barelin bazara çıxarılması xərcini 10 dolardan hesablasaq(artıq da ola bilər), görərik ki, ABŞ neftini satmaq üçün ən azı neftin qiyməti 80 dollardan aşağı olmamalıdır ki, bu ölkə qazana bilsin. Tramp ABŞ-da külli miqdarda yığılmış neftin effektli satışına nəyin bahasına olursa-olsun şərait yaratmalıdır ki, ölkə iqtisadi resessiyaya uğramasın...
Bildiyimizə görə, bunun bir yolu var, gün-gündən ucuzlaşan neftin qiymətini artırmaq üçün ABŞ müharibə etməlidir ki, dünya neftinin logistikasını dəyişsin. ABŞ-İran müharibəsinin iqtisadi mahiyyəti elə budur...
-Bəs İsrail burada ABŞ üçün əsas hansı rolu oynayır?
-İsrail ABŞ-ın Yaxın Şərqdə vuran əlidir. Yəni əslində “konon de şeya”sıdır, qurbanlıq qüvvəsidir. Kimsə düşünür ki, İsrail ABŞ-ı idarə edir, əlbəttə ki, yanılır...
-Konkret olaraq İran müharibəsi ABŞ-a nə verir?
-Bayaq dediyim kimi, bu müharibədə əsas məqsəd İslam birliyini dağıtmaq və İranın, həmçinin Körfəzdəki müsəlman ərəb ölkələrinin Hörmüz boğazı vasitəsi ilə Avropaya və Çinə gedən neftin qarşısını almaqdır. Baxın, Hörmüz işləməyəndən sonra neftin qiyməti iki dəfə qalxıb və logistikasını dəyişdirib ABŞ-a yönəldib. ABŞ-İran müharibəsinin mahiyyəti neftin qiymətinin qalxması və Avropa İttifaqının iqtisadiyyatını heç etmək, bu İttifaqı tamlığı ilə ABŞ-dan asılı vəziyyətə salmaqdır. Amerika prezidenti analitik mərkəzlərinin neftin qiymətinin qaldırması ilə bağlı layihələrini tamlığı ilə İranla etdiyi müharibənin nəticəsində istədiyi həddə çatdırmış və Aİ-nı lüt qoymuşdur...
-Onda belə çıxır ki, Tramp Hörmüz boğazının açılmasında maraqlı deyil...
-Bu, həqiqətən belədir. Hörmüz boğazında ABŞ istədiyinə nail olub və neftin qiymətini istədiyi həddə çatdırıb...
-Bəs İran? Axı onunda neftinin ixracının qarşısı alınıb?
-Nə olsun ki, alınıb. Bu gün sata bilmir sabah satacaq. Neft sərvətdir və bu sərvət qaldıqca qiymətdən düşmür, əksinə dəyəri artır. İran neft satışının logistikasını dəyişir. İndi yerüstü borulara üstünlük veriləcək...
-Sizin sözlərinizdən belə nəticəyə gəlmək olur ki, Rusiya nefti Türkiyə və digər ölkələrdən keçən köhnə neft kəmərləri vasitəsi ilə Avropaya daşınmalıdır ki, Aİ-ni düşəcəyi iqtisadi böhrandan qurtarsın?
-Təkcə Rusiya nefti deyil, Azərbaycan, Qazaxıstan, Türkmənistan və s. ölkələr də bu tranzitlərdən istifadə edəcəklər. Belə bir həqiqət də ortaya çıxır ki, Rusiya –Avropa neft kəmərinin işləməsi üçün (“Dostluq”) Aİ əlini müharibə aparan Ukraynadan çəkməlidir ki, bu kəmər işləsin. Yəni Aİ 2014-cü ildəki kimi Ukraynanı sülhə çağırmalıdır. Bu tezliklə belə olacaq, ancaq ABŞ bu müharibəni dayandırmayacaq, əksinə, daha da genişləndirəcək...
Odur ki, bu və digər səbəblərdən Türkiyənin tranzit imkanları artır, ancaq ABŞ-ın bunun tərəfdarı deyil. Neftin Türkiyə vasitəsi ilə Avropaya getməsi neftin qiymətini aşağı salır və odur ki, ABŞ Türkiyəyə qarşı aqressiv mövqe tutacaq. Və çox güman ki, Türkiyənin qarşısını almaq üçün İsrailin əliylə Yunanıstanı bu ölkəyə qarşı qaldıracaq. Yunanıstanın silahlanması elə bununla bağlıdır. ABŞ müharibə ocağını Hörmüzdən uzaqlaşdırıb Aralıq dənizinə keçirəcəkdir ki Türkiyə tranzitinin qarşısını alsın və ya ona nəzarəti ələ keçirsin...
-Bəs o halda İsrailin vəziyyəti necə olacaq?
-Çox pis. ABŞ-a İran lazımdır. İsraili də, istədiyi ərəb ölkələrini də İrandan asılı vəziyyətə salmağa belə, razıdır ki, bu ölkənin durumunu və onunla münasibətləri ötən əsrin 60-ci illəri çərçivəsinə salsın. Belə olmasa, ABŞ-ın fövqəl dövlət statusunu itirəcək. Bunu mən demirəm, ABŞ-ın görkəmli siyasi analitikləri deyir...
-Siz necə düşünürsüz, doğrudan da bəzi siyasi şərhçilərinin dediyi kimi, ABŞ bir sıra əsas məqsədlərinə çatsa da, əslində müharibəni uduzub?
-Əlbəttə ki, yox! ABŞ-ın yaratdığı idarə olunan xaosun mahiyyətini anlamaq lazımdır ki, kimisə qalib adlandırasan. ABŞ ölkələri dağıdır ki, onları yenidən öz bildiyi kimi tiksin və nəticədə özündən asılı vəziyyətə salsın... Trampım nyuproteksionist siyasətinə inanmaq və ona arxalanmaq axmaqlıqdır. Bu ölkənin bir marağı var, əvvəl ABŞ, sonra qalanları...
-Siz İrana qarşı Amerikanın bu cür mövqeyini nə ilə izah edə bilərsiniz?
-Yadınızdan çıxmasın, bu şapap-şurupda ABŞ-a İran lazımdır. Onun təbii sərvətlərinə nəzarət etmək, onu müttəfiqinə çevirmək məqsədi güdür. Elə bilməyin, İrana ABŞ lazım deyil. Bəlkə də İran ABŞ-la yaxınlaşmanı daha çox istəyir, çünki onun inkişafının açarı sanksiyaların götürülməsidir. Ağlı başında olan hər hansı bir iranlı siyasətçi bunu anlayır və müharibədən çıxmağın yollarını axtarır...
-İranla ABŞ-ın sülhə gedəcəyinə inanırsız ?
-Başqa yolları da yoxdur. Hələlik vəziyyətin belə qalmasında ABŞ-ın iqtisadi marağı var və ABŞ-İran qarşıdurması indi Lütvəli Abdullayevlə Bəşir Səfərovun məşhur səhnəcikdə bir-biri ilə dırnaqaraası “vuruşması”nı xatırladır: “Vur-Vurum!”
Həqiqət isə başqadır. ABŞ fövqəl dövlət kimi qalmaq və iqtisadi vəziyyətin daha da yaxşılaşdırmaq istəyir. Bi səbəbdən Hömüz boğazının İranın tam təsiri altında qalmasının marağındadır. Proqnoz isə belədir: Yaxın Şərq regionunda nə davamlı sülh, nə də davamlı müharibə olmayacaq...