Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
315
17:17, Bu gün

“Qarabağı işğal edən “KQB"-"QRU" şəbəkəsinin iqtidara dönməsini istəmiriksə, ermənilərə nifrət aşılamağı durduraq...”

 
“Çünki bizlərə son 30-35 illik ağrı acıları məhz Paşinyana rəqib olan Rusiyapərəst, revanşist və irqçi qüvvələr yaşadıb. Yəqin ki, heç kəs gələcək nəsillərimizin də eyni faciələri yaşamasını istəməz...”
 
"Həm Azərbaycan, həm də Ermənistan toplumları xoşbəxt, dinc, demokratik gələcəkləri naminə öz nifrət potensiallarını bir-birlərinə qarşı yox, onları əsrlərlə işğal altında saxlayıb müstəmləkə kimi əzmiş və bu gün də həmin işğalı, müstəmləkəçiliyi ciddi-cəhdlə davam etdirməyə çalışan Rusiya və onun ən murdar silahı olan korrupsiyaya qarşı yönəltməlidir..."
 
“Bilirəm, bu, xeyli çətindir, fəqət mümkündür.  Özü də bəhs edilən işğalın nəticələrini öz taleyində yaşamışlardan biri olan bu sətirlərin müəllifinin də qəlbində məqamı gələndə qeyri-iradi belə hisslər oyanır. Amma gələcəyimiz naminə belə davranmalıyıq...”
 
“Hərçənd, Azərbaycan-Ermənistan Sülh Sazişinin 7 noyabr seçkilərindən sonra məhz Rusiyanın himayəsi altında imzalanacağı versiyasını da irəli sürənlər var. Bu da çox güman ki, yalnız Robert Köçəryanlar, Karapetyanların seçkilərdə qalib gələcəyi halda baş tuta bilər...”
 
“...Tədricən anladım ki, ermənilərlə azərbaycanlılar nə qədər çox bir-birlərinə nifrət edərlərsə, bu bir o qədər Rusiya imperiyasının əlinə oynayır. Çünki əslində hər iki torplumun, ölkənin əsas düşməni məhz odur...”
 
-FİKİR SAVAŞI...-
 
Bu günlər dünyada, xüsusən də Azərbaycanın qonşuluğundakı ölkələr və regionda gələcəyimiz üçün çox həlledici, eyni zamanda təhlükəli hadisə və proseslər baş verir. Fərd, ailə, qrup, tayfa, klan, dövlət və koalisiyalar miqyasında nəfs, maraq, ssenari və planların şiddətli toqquşmaları gedir. Kim nə deyir-desin, belə durumlarda da hər bir insanın baxış, düşüncə, istək, niyyət, maraq və gerçək davranışlarının nəinki ölkə, region və dünya miqyasında da hadisə və proseslərə təsiri var...
 
Qonşumuz İranla ABŞ və İsrail arasında davam edən hədsiz təhlükəli qanlı münaqişə, həmçinin məsafəcə uzaq olsa da, gələcəyimizə böyük təsir göstərməkdə olan və 5-ci ildir ki, səngiməyən Rusiya-Ukrayna savaşından əlavə Azərbaycan üçün ən önəmli proseslərdən biri qonşu Ermənistanda iyunun 7-də keçiriləcək seçkilərə hazırlıqdır...
 
Məlum olduğu kimi, Avropada - Macarıstanda  Orban kimi bir proksi-qüvvəsini itirməkdə olan işğalçı Rusiya diktatoru Putin ciddi-cəhdlə sözügedən seçkilər vasitəsilə Paşinyan hakimiyyətini yıxmaq və yenidən Köçəryan-Karapetyan—Sərkisyan-Sarukyan tipli tərəfdarlarını, başqa sözlə, hələ sovet dövründə Qarabağdan körüklənmiş Ermənistan-Azərbaycan münaqişəsinin aparıcı qüvvəsi olan “KQB”-“FSB”-“QRU” agentura şəbəkəsini iqtidara qaytarmağa çalışır. Bunun üçün o, Azərbaycanın nəinki dövlət, hökumət qurumlarından, eləcə də hər bir vətəndaşımızın, xüsusən də siyasətçi, deputat, siyasi şərhçi, analitik, jurnalist, ziyalı və s. hesab edilənlərin, eləcə də qaçqınlar, köçkünlər və Qarabağ qazilərin düşüncə, söz, çıxış və davranışlarından da yararlanmağa cəhd göstərir. Moskvadan Azərbaycana gediş-gəlişlərin fəallaşması, həmçinin müxtəlif xarici platformalarda, o cümlədən bu günlərdə Türkiyədəki Antalya Diplomatiya Forumundakı cürbəcür səviyyələrdə görüşlərin təşkili həm də bu niyyətllərlə bağlıdır. Hazırda Moskva xalqımıza məlum 25 dekabr sərnişin təyyarəsi qəzasını unutdurmağa, onu törədənləri cəzalandırmamaqla, yalnız 5-10 milyon təzminat ödəməklə gözümüzə kül üfürməyə və yenidən nifrət potensialımızı Ermənistana doğru yönəltməyə cəhd göstərir...  
 
Belə bir şəraitdə Putin rejiminin Paşinyan hakimiyyətinə  və onun komandasının seçkilərdəki uğurlarına mənfi təsir kimi istifadə edə biləcəyi ən uğurlu vasitələrdən biri Azərbaycan cəmiyyətində Ermənistana, erməni toplumuna qarşı nifrətin yenidən körüklənməsi ola bilər. Bunun üçün isə ölkəmizdəki Rusiya agenturası və “5-ci kalon”unun telekanal, sayt və sosial şəbəkələrdə fəallaşacağı gözlənilir. Bunun artıq ştrixləri görünməkdədir. Paralel olaraq qarşılıqlı nifrəti yenidən gücləndirmək üçün Ermənistanda KİV və  sosial şəbəkələrdə eyni kampaniya qızışdırıla bilər... 
 
Təbii ki, Ermənistanda olduğu kimi Azərbaycanda da, ən azı, 1988-2023-cü illərdəki döyüş və qətliamlar yaddaşlarından silə bilməyən və qarşılıqlı dözümsüzlük nümayiş etdirən insanların da müxtəlif platformalarda nifrət dolu  fikirləri, şüarları yazması, səsləndirməsi də mümkündür. Və Rusiyaya bağlı şəbəkələr də həmin virtual savaşı maksimum qızışdıra bilər...
 
Bəs Azərbaycan və Ermənistan toplumları arasında qarşılıqlı nifrət püskürmələrinin seçki kampaniyalarına təsiri nədən ibarətdir? Söhbət ondadır ki, məsələn, Azərbaycan toplumu tərəfdən nifrət kampaniyası gücləndiriləcəyi təqdirdə Ermənistan toplumundakı qeyd edilən aktiv kəsimlər də heç bir göstəriş gözləmədən buna adekvat reaksiya verəcək. Və yaxud əksinə. Ancaq çox güman ki, Kreml bu qarşıdurmanı Azərbaycan tərəfdən başlatmağa çalışacaq. Çünki belə durum Ermənistan toplumunda Azərbaycana münasibətdə kəskin adekvat reaksiya yaratmaqla paralel Qarabağın azad edilməsindən bəri Azərbaycan, həmçinin Türkiyə ilə sülhə, münasibətlərin bərpa edilməsi istiqamətində nəinki çağırışlar edən, həm də real işlər görən hazırkı Baş nazir Nikola Paşinyan və onun komandasına qarşı da bir qismdə nifrət, xeylisində də ən azı şübhə yaradacaq ki, bu da onları parlament seçkilərində Azərbaycan və Türkiyə ilə sülhə çalışmayan, əksinə, Qarabağdan köçmüş ermənilərin geri qaytarılmasını vəd edən, hətta 1991-2023-cü ildə işğal altında olmuş torpaqların yenidən hərb yoluyla işğal ediləcəyinə işarə edən qüvvələrin namizədlərinə səs verməyə  təhrik edəcək. Rusiya tərəfdarları dərhal belə fikirlər yayacaqlar ki, baxın, görürsüz, Paşinyanın “Qarabağı güzəştə getdiyi, bu gün də referendum keçirərək Müstəqillik Aktından ərazi iddialarını da çıxarmağa  və ardınca sülh sazişi imzalamağa çalışdığı Azərbaycanda biz ermənilərə necə nifrətlə yanaşırlar- belələri ilə sülhə getmək olar? Bunlar sabah gəlib İrəvanı da alacaqlar"... Sözsüz ki, bu gediş, təbliğat və psixoloji təzyiqlər Ermənistandakı rusiyapərəst, revanşist qüvvələrin seçkilərdə səs üstünlüyü qazanmalarına yetərincə təsir göstərəcək. Və nəticədə öncə dediyimiz kimi, İrəvanda “KQB”-“FSB”-“QRU” agentura və korrupsiya şəbəkəsinin iqtidara qayıtması təhlükəsi yaranacaq. Sözsüz ki, bu, Azərbaycanın milli(!) dövlət(!) maraqlarına heç cür uyğun deyil. Çünki bu, əvvəla, illərdir üzərində işlənilən və 8 avqust Vaşinqton paraflanmasından sonra Sülh Sazişinin bir addımlığında olan sülh gedişlərini bəlkə də on illərlə ləngidəcək. Hələlik Ermənistanın və yenidən gizli-açıq formada onun arxasında duracaq Rusiyanın hərbi-siyasi baxımdan zəifliyi səbəbindən Azərbaycana qarşı genişmiqyaslı hücum təşkil edilməsə də, ən azı sərhədlərdə müxtəlif təxribatlar törədilməklə atəşkəs pozuntuları baş verəcək, erməni diversantların qruplarla işğaldan azad edılmiş ərazilərimizə sızdırılması cəhdləri olacaq. Bütün bunlar, təbii ki, həmin torpaqların məskunlaşdırılması prosesinin daha da gecikməsinə səbəb olacaq. Və o da aydındır ki, Rusiyanın ayaqda qalacağı təqdirdə Ermənistandakı irqçi, “Böyük Ermənistan” xəstəsi olan revanşistlər, erməni xalqını sevdikləri üçün yox, hakimiyyət müddətlərini uzatmaq üçün özlərinin gücləndiyi, Azərbaycanın qismən zəiflədiyi məqamda yenidən hücum edərək keçmiş Dağlıq Qarabağ və ətraf bölgələrimizi işğal etməyə də çalışacaqlar.  Bütün bunları kimlərsə istəyə bilər Azərbaycanda? Sözsüz ki, yalnız ruhən, cismən, siyasi və maddi baxımdan Moskvaya bağlı daxili düşmən qüvvələr... 
 
Hərçənd, Azərbaycan-Ermənistan Sülh Sazişinin 7 noyabr seçkilərindən sonra məhz Rusiyanın himayəsi altında imzalanacağı versiyasını da irəli sürənlər var. Bu da çox güman ki, yalnız Robert Köçəryanlar, Karapetyanların seçkilərdə qalib gələcəyi halda baş tuta bilər. Çünki heç Paşinyan özü də Moskvanın patronajlığıyla belə bir sazişin bağlanmasını istəməz və buna Qərb də imkan verməz. Bəs Rusiya kölələrinin imza atdığı sülhə etibar etmək olarmı? Əsla yox. Onlar Kremlin əmri ilə istənilən an təxribata və hətta genişmiyaslı savaşa başlamağa hazır olacaqlar. Özü də axı revanşist rusiyapərəstlər İrəvanda hakimiyyətə gələcəkləri təqdirdə söz verdikləri kimi ən azı Qarabağdan köçmüş ermənilərin geri qaytarılmasına nail olmalıdırlar. Və təbii ki, yenə də Rusiyanın himayəsi altında... Bu isə yaxın gələcəkdə Qarabağda yenidən separatçılığın başlanması demək olmayacaqmı?..
 
Belə düşünürəm ki, deyilənləri nəzərə alaraq hər bir Azərbaycan vətəndaşının, xüsusən həmin  Rusiyanın təhriki və dəstəyi ilə Ermənistan və öz ərazimizdəki xəstə düşüncəli ermənilər vasitəsilə törədilmiş müharibə nəticəsində 36-38 ildir ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş, öz ata-ana, qardaş-bacılarını, qohumlarını, dostlarını itirmiş, özləri, yaxud əzizləri yaralanmış, ömürlük əlil olmuş, yaxud erməni əsirliyində işgəncələrə məruz qalmış insanlarımızın ən azı qarşıdakı 40-50 gün müddətində səbirlərini basaraq ermənilər haqqında nifrət dolu fikirlər, şüarlar yazmaqdan, səsləndirməkdən çəkinməsi yaxşıdır...
 
Bilirəm, bu, xeyli çətindir, fəqət mümkündür.  Özü də bəhs edilən işğalın nəticələrini öz taleyində yaşamışlardan biri olan bu sətirlərin müəllifinin də qəlbində məqamı gələndə qeyri-iradi belə hisslər oyanır. Amma  özümüzün, övlad və nəvə-nəticələrimizin, dövlətimizin gələcəyi, həmçinin regionda sülh, sabitlik, rifah, demokratiya və s. naminə səbrimizi basmalıyıq.  Və bunu bir növ Azərbaycan və Türkiyə ilə sülhə can atan Paşinyan və onun komandasına dəstək kimi anlamalıyıq. Çünki bizlərə son 30-35 illik ağrı acıları məhz ona rəqib olan Rusiyapərəst, revanşist və irqçi qüvvələr yaşadıb. Yəqin ki, heç kəs gələcək nəsillərimizin də eyni faciələri yaşamasını istəməz...
 
Düzünü deyim ki, hələ 1990-cı illərdə gənc yaşlarında ikən Rusiya-erməni işğalı nəticəsində öz yurd-yuvasını itirmiş,  yetərincə ağrı-acılar yaşamış bəndənizin də qəlbi ilk növbədə erməni toplumuna qarşı nifrətlə dolu idi. Ancaq onu da anlayırdım ki, erməniləri bizimlə münaqişəyə təhrik edən bir yandan onlardan xeylisinin 100 ilə yaxın müddətdə müxtəlif imperiyalar(Rusiya, Britaniya, Fransa) tərəfindən qəlblərinə həkk olunmuş “Böyük Ermənistan”, türkə düşmənçilik xəstəliyidirsə, 1918-1920-ci illərdən bəri burada rol oynayan əsas qüvvə Rusiya imperiyası olub. Elə o illərdə bu fikri əks etdirən “Qladiator savaşı” adlı böyük bir yazı yazmışdım. Söhbət Kremlin ermənilərlə bizi qədim dövrlərdəki kimi kölə qladiatorlar kimi savaşdırmasından gedirdi. Və sonrakı onilliklərdə tədricən anladım ki, ermənilərlə azərbaycanlılar nə qədər çox bir-birlərinə nifrət edərlərsə, bu bir o qədər Rusiya imperiyasının əlinə oynayır. Çünki əslində hər iki torplumun, ölkənin əsas düşməni məhz odur. Və bizlər bir-birimizə nifrət etdikcə Moskvanın düşmənçiliyini unutmuş oluruq. Və əks halda, yəni Azərbaycanla Ermənistanın aralarında baş vermişləri unudaraq barışığa, sülhə gəlməsi Rusiyanın iki ölkəni daim nəzarət və təzyiq altında saxlamaq rıçaqını əlindən çıxaracaq. Onu da əlavə edim çi, burada söhbət rus xalqından yox, onun özünü də əsirlərdir köləlik zülmü altında saxlayan Rusiya avtoritar-totalitar imperiya idarəçiliyindən gedir...
 
Hər iki xalq artıq aydın şəkildə dərk etməlidir ki, bu gün əsil düşmənləri bir-birləri yox, onları XIX əsrin sonu XX əsrin əvvəllərindən bir-birləri ilə(həmçinin ermənilərlə Anadolu(Osmanlı) türklərini) düşmən edən, savaşdıran Kreml şovinistləri, eləcə də onun elə Çar, Sovet dövrlərindən xərçəng şişi kimi içimizdə yetişdirdiyi “5-ci kalonu” -  “KQB”-“FSB”-“QRU” –korrupsiya, qohumbazlıq, tayfabazlıq, klanbazlıq şəbəkəsidir. Odur ki, həm Azərbaycan, həm də Ermənistan toplumları xoşbəxt, dinc, demokratik gələcəkləri naminə öz nifrət potensiallarını bir-birlərinə qarşı yox, onları əsrlərlə işğal altında saxlayıb müstəmləkə kimi əzmiş və bu gün də həmin işğalı, müstəmləkəçiliyi ciddi-cəhdlə davam etdirməyə çalışan Rusiya və onun ən murdar silahı olan korrupsiyaya qarşı yönəltməlidir...
 
Sultan Laçın     
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər