“Deyirlər ki, Ermənistan və Azərbaycanda NATO bazaları yerləşdiriləcək...”
Ekskluziv
2530
15 Apr 2026 | 14:50

“Deyirlər ki, Ermənistan və Azərbaycanda NATO bazaları yerləşdiriləcək...”

“Bakıya gəlmiş Mixail Qaluzinin bu mövzularda da Azərbaycana sətiraltı mesaj və xəbərdarlıqları ola bilər...”
 
“Moskva üçün üçüncü vacib məsələ artıq  8 aya yaxındır ki, “Tramp yolu”-“TRİPP” adlanmış Zəngəzur yolu ilə bağlıdır...”
 
“Fikrimcə, Rusiya XİN rəhbərinin müavini, yəni Sergey Lavrovun Mixail Qaluzinin Bakıya növbəti gözlənilməz səfərinin əsas məqsədlərindən biri Azərbaycan və Rusiya arasındakı münasibətlərdə yaranmış, gərginlik deməyək, sərinliyi aradan qaldırmaqdır. Çünki hazırda sanksiyalar altında olan Rusiyanın bu regionda da bir nəfəsliyə ehtiyacı var.”
 
Bu fikri Moderator.az-a açıqlamasında siyasət üzrə fəlsəfə doktoru, beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı dilə gətirib.
 
“İkincisi, düşünürəm ki, Qaluzin səfəri çərçivəsində Azərbaycan-İran məsələlərində Rusiyanın humanitar yardımlarının koordinasiyasını müzakirə edəcək. Onsuz da o gəldi-gəlmədi,  Azərbaycan həm özü İrana humanitar yardımlar təşkil edir, həm də Rusiyanın eyni ünvanlı yardımlarının öz ərazisindən daşınmasına şərait yaradır. Görünür, bununla yanaşı, İranla bağlı Kremlə vacib olan digər məsələ və istəklər də müzakirə edilə bilər”- deyə davamında siyasətşünas alim bildirib. 
Analitik hesab edir ki,  Moskva üçün üçüncü vacib məsələ artıq  8 aya yaxındır ki, “Tramp yolu”-“TRİPP” adlanmış Zəngəzur yolu ilə bağlıdır: 
 
“Şimal qonşumuz cənub qonşumuzla birgə ciddi şəkildə səy göstərirlər ki, bu yolda, bu dəhlizdə Amerikanın iştirakı olmasın. Onu da nəzərə alaq ki, bu səfər Paşinyanın Moskvada Putinlə xeyli gərgin keçən son görüşündən sonra baş verir və orada da Zəngəzur yolu məsələsi müzakirə edilib...” 
 
“Dördüncü məsələ isə ABŞ-Azərbaycan münasibətləri ilə bağlı ola bilər. Çünki  Kreml bu məsələni daim diqqətdə saxlayır və son zamanlar Amrikanın regiondakı fəaliyyəti xeyli güclənib və xüsusilə Gürcüstanla gizli danışıqları da diqqət çəkir. Ona görə də Putin çalışır ki, regionda, o cümlədən Azərbaycanda və Ermənistanda Vaşinqtonun təsiri mümkün qədər azalsın”- siyasi şərhçi belə deyib.  
 
“Ümumiyyətlə, son günlər Rusiyanın telekanal və saytlarında çıxış edən siyasətçi və politoloqlar Cənubi Qafqaz regionu barədə  Moskva üçün ciddi təhlükə daşıyan “həyəcanlı” söz-söhbətlər səsləndirirlər. Məsələn, deyirlər ki, guya yaxın müddətdə Ermənistan və Azərbaycanda NATO bazalarının yerləşdiriləcəyi gözlənilir. Hətta bəzi Duma üzvləri belə fikirlər səsbləndirirlər ki, Rusiyanın ən böyük səhvi Qarabağın Azərbaycan tərəfindən qaytarılmasına şərait yaratması olub. Odur ki, Bakıya gəlmiş Mixail Qaluzinin bu mövzularda da Azərbaycana sətiraltı mesaj və xəbərdarlıqları ola bilər”, - deyə Teymur Qasımlı vurğulayıb. 
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər