“İranı nüvə silahı yaratmaqda ittiham etməyə haqqı olan ən sonuncu dövlət İsraildir...”-MÜSAHİBƏ
Ekskluziv
208
16:10, Bu gün

“İranı nüvə silahı yaratmaqda ittiham etməyə haqqı olan ən sonuncu dövlət İsraildir...”-MÜSAHİBƏ

“Çünki İsrail özü dünyada nüvə silahının yayılmaması haqqında müqaviləyə imza atmayan dörd dövlətdən biridir: Hindistan, Pakistan, Şimali Koreya və İsrail...”
 
“Ümumilikdə götürəndə İran savaşı cinayətkar bir prosesdir. Tramp başda olmaqla hamısı cinayətlərə bulaşıblar. ABŞ və İsrail açıq şəkildə cinayətkar mövqelər tutublar...”
 
“Amerika bu xaosu yaratmaqla regionda İsrailin vasitəsilə bütün məqsədlərinə nail olmağa və buradakı dövlətlərin hamısını birbaşa öz tabeliyinə almağa çalışır...”
 
“O deyir ki, müsəlman aləmində dövlətlər yox, tayfa ittifaqları formalaşmalıdır...”
 
AMİP-in fəxri lideri Etibar Məmmədov son günlər Moderator.az əməkdaşı ilə növbəti telefon söhbətində İran və ətrafındakı savaş prosesi ilə bağlı maraqlı və fərqli fikirlər səsləndirib:
 
-Etibar bəy, İrana qarşı ABŞ-İsrail cütlüyünün artıq 5-ci gündür apardığı və yüzlərlə dinc insanın qətli ilə müşayiət olunan savaşı necə dəyərləndirirsiniz? 
 
-Əslində bu müharibə gözlənilən idi. İran ilə ABŞ və İsrail arasında olan münasibətlər kontekstindən baxanda, bu, gözlənilən bir hadisə idi. Ancaq savaşın bu şəkildə aparılması heç cür doğru deyil. Yəni müharibənin özünün də qayda-qanunları var və bu qaydalardan kənara çıxmaq çox ağır nəticələr doğura bilər. Məsələn, bir dövlətin rəhbərinin öldürülməsini məqsəd qoymaq - müharibə məqsədi ola bilməz.  Yaxud da başqa bir ölkənin siyasi quruluşunu dəyişməyi məqsəd qoymaq müharibə məqsədi ola bilməz. Ancaq Amerika və İsrail bunları edir...  
 
Onu da vurğulamaq gərəkdir ki, ABŞ və İsrail tərəfindən İran rejiminin, molla rejiminin cinayətkar adlandırılmasına baxmayaraq, hər iki dövlət bu rejimə qarşı cinayətkar yolla vuruşur və bunun nəticəsində də ətraf dövlətlər hamısı məcburən bu müharibəyə cəlb olunur. Elə savaşın birinci günündən göründü ki, ABŞ da, İsrail də heç bir müharibə qanununa riayət etmək fikrində deyillər. Elə ilk gündə İranda məktəbin vurulması və 100-dən çox azyaşlı uşağın öldürülməsi də bunu göstərir. Və bu günədək istər ABŞ, istərsə də İsrail bu faktiki terror hadisəsini boynuna almır. Ancaq bu bir müharibə cinayətidir. Amerika və İsrail tərəfindən... Ona görə də vəziyyət çox pisdir... 
 
-Bütün bunların fonunda İran dövlətçiliyinin və hakimiyyətinin gələcək taleyini necə görürsünüz?
 
-Hesab edirəm ki, sadəcə raket və aviasiya zərbələri ilə İranda sistemin, rejimin dəyişməsini gözləmək o qədər də inandırıcı görünmür. Əsas məsələ isə İranın daxilində nə olacağıdır. Bu rejimin fiziki yolla məhv edilməsinin nəticəsində nələr baş verəcək? Ölkə daxilində hansı parçalanmalar olacaq? Həmin parçalanmalardan sonra hansı qüvvələr hakimiyyətə gəlməyə cəhd edəcəklər? Bunlar hamısı sual altında məsələlərdir və bundan ən çox əziyyət çəkən birinci İran xalqı olacaq. İkincisi isə ətrafdakı dövlətlər, o cümlədən də Azərbaycan...
 
Ümumilikdə götürəndə İran savaşı cinayətkar bir prosesdir. Tramp başda olmaqla hamısı cinayətlərə bulaşıblar. ABŞ və İsrail açıq şəkildə cinayətkar mövqelər tutublar. İranı nüvə silahı yaratmaqda ittiham etməyə haqqı olan ən sonuncu dövlət İsraildir. Çünki İsrail özü dünyada nüvə silahının yayılmaması haqqında müqaviləyə imza atmayan dörd dövlətdən biridir: Hindistan, Pakistan, Şimali Koreya və İsrail. Yəni İsrail özünün nüvə silahını yaratmağa iddialı olduğunu o müqaviləyə imza atmamaqla rəsmi olaraq bildirir və eyni zamanda başqa bir dövləti nüvə silahı yaratmaqda ittiham edir. Bu özü böyük bir absurddur və onu göstərir ki, İrana qarşı ittihamların bir siyasi dayağı yoxdur. Həmçinin guya İranın nüvə silahı yaratmasının qarşısını almaq üçün bu boyda geniş miqyasda hərbi əməliyyat apararaq mülki əhalinin yaşadığı binaları, xəstəxanaları, məktəbləri və s. bombalamağın heç bir zərurəti yoxdur. Aşkar edilmiş nüvə obyektlərinin vurulub sıradan çıxarılması ilə bu məsələlər həll edilə bilər və bunun qarşısı alına bilərdi. Ancaq göründüyü kimi, Amerikanın məqsədi yalnız nüvə silahının yaradılmasının qarşısını almaq yox, eyni zamanda oradakı rejimi dəyişdirməkdir. Fikrimcə, onların strateji məqsədi İran və ətrafında xaos yaratmaqdır. İranda xaosun yaradılması isə çox böyük təhlükədir. Və bu, ilk növbədə qonşular üçün, xüsusən də Azərbaycan dövləti üçün ciddi təhdiddir... 
 
-İranda və ətrafında xaos yaratmaqla ABŞ və İsrail nəyə nail olmaq istəyir? 
 
-Amerika bu xaosu yaratmaqla regionda İsrailin vasitəsilə bütün məqsədlərinə nail olmağa və buradakı dövlətlərin hamısını birbaşa öz tabeliyinə almağa çalışır. Bilirik ki, 2003-cü ildəki hücumdan sonra İraqda yaradılmış xaos nəticəsində təxminən 10 il ərzində 1 milyondan çox insan öldü. Və bu günədək hələ də İraq dövlət kimi oturuşa bilmir. Suriyada eyni ssenari, Liviyada da eyni ssenari... 
 
-Belə nəticəyə gəlmək olarmı ki, bu cinayətkar proses təkcə İrana qarşı yox, bütövlükdə müsəlman-türk dünyasına qarşı yönəldilib? 
 
-Bəli belə demək olar. Və özləri də açıq şəkildə bildirirlər ki, növbədə Türkiyədir. Yəni İrandan sonra qarışdırılmaq, xaos yaratmaq məqsədi güdülən əsas hədəf Türkiyədir. Hələ 2003-cü ildə Bakıda görüşdüyüm ABŞ-ın o zamankı müdafiə naziri Donald Ramsfeldin müşaviri olan polkovnik Duqlas Makqregor da o günlərdə bu istiqamətdə səsləndirdiyi fikirləri bu gün də dilə gətirir. O deyir ki, müsəlman aləmində dövlətlər yox, tayfa ittifaqları formalaşmalıdır...
Bütün bu deyilənləri nəzərə alaraq Azərbaycan dövlət və cəmiyyət olaraq gözlənilən proseslərə ciddi şəkildə hazır olmalıdır...
 
Sultan Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər