Milli kimlik uğrunda qlobal mübarizə: Azərbaycan diasporunun strateji rolu
Ekskluziv
308
16:07, Bu gün

Milli kimlik uğrunda qlobal mübarizə: Azərbaycan diasporunun strateji rolu

Qloballaşma dövründə informasiya sərhədləri böyük ölçüdə aradan qalxsa da, milli kimliklərin qorunması və onların beynəlxalq müstəvidə düzgün təqdim olunması daha mürəkkəb və strateji xarakter alıb. Müasir beynəlxalq münasibətlər sistemində diaspor artıq yalnız mədəni və mənəvi bağların qoruyucusu kimi çıxış etmir, eyni zamanda ictimai diplomatiyanın, informasiya siyasətinin və milli maraqların müdafiəsində əsas subyektlərdən birinə çevrilib.

Moderator.az mövzunun siyasi və strateji aspektlərini daha geniş dəyərləndirmək məqsədilə millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadənin fikirlərini öyrənib.

Deputat qeyd edib ki, dünya azərbaycanlılarının koordinasiyalı və məqsədyönlü fəaliyyəti həm milli kimliyin qorunması, həm də beynəlxalq informasiya mühitində obyektiv mövqenin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır:

 "Azərbaycandan kənarda çox sayda həmvətənlərimiz yaşayır və onların yaşadıqları ölkələrdə cəmiyyətə uğurla inteqrasiya olunması, öz layiqli mövqelərini tutması ilə bağlı xəbərlər hər zaman sevindiricidir. Arzumuz həmin şəxslərin yaşadıqları ölkələrin layiqli vətəndaşları olmaları, qanunlara hörmətlə yanaşmaları, yerli xalqların adət-ənənələrini öyrənərək onlara ehtiram göstərmələridir. Görünən odur ki, bu istəklərlə mövcud reallıq böyük ölçüdə üst-üstə düşür".

Millət vəkili dünya azərbaycanlılarının Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində daha fəal olmalarının vacibliyini vurğulayıb:

"Bu fəaliyyət hər bir diaspor üzvünün şəxsi mövqeyindən və yaşadığı ölkənin yerli şəraitindən asılıdır. Vaxtaşırı müxtəlif ölkələrdə azərbaycanlıların mədəniyyətimizi və tariximizi təbliğ edən tədbirlər keçirməsi, xalqımızın milli xüsusiyyətlərini tanıtması müsbət nümunədir. Xüsusilə Azərbaycanın tarixi hadisələri, o cümlədən keçmiş Qarabağ problemi barədə yaşadıqları ölkələrin ictimaiyyətinin məlumatlandırılması diaspor fəaliyyətinin vacib istiqamətlərindən biridir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə diasporla əlaqələr üçün xüsusi dövlət qurumunun yaradılması bu sahəyə sistemli yanaşmanın əsasını qoyub və həmin qurumun fəaliyyəti daim dövlətin diqqət mərkəzində saxlanılır. Diaspor təşkilatları ilə aidiyyəti dövlət qurumları arasında sıx və davamlı əlaqələrin mövcudluğu diaspor fəaliyyətinin effektivliyini artıran əsas amillərdəndir".

Deputat vurğulayıb ki, Diasporla İş üzrə Dövlət Komitəsi həmvətənlərimizin yaşadıqları ölkələrin daxili işlərinə qarışmadan onlara Azərbaycan mədəniyyəti, tarixi və ölkədə gedən proseslər barədə mütəmadi və açıq məlumatlar təqdim edir:

 "Bu fəaliyyət həm Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə, həm də xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrin nümunəvi vətəndaşları olmaqla yanaşı, Vətənimizi layiqincə təmsil etmələrinə şərait yaradır.

Diaspor fəaliyyəti çoxşaxəli və mürəkkəb prosesdir və onun effektivliyi bir sıra amillərdən asılıdır.

Bu sahədə yalnız azərbaycanlılar deyil, digər milli toplumlar da fəal iştirak edirlər. Onların təcrübəsindən yararlanmaq, qarşılıqlı əməkdaşlıq qurmaq müasir dövrün reallıqları sırasında yer alır.

Beləliklə, diaspor quruculuğu bu gün təkcə tarixi irsin qorunması deyil, eyni zamanda gələcəyin informasiya və kimlik mübarizəsində güclü mövqenin təmin edilməsi deməkdir. Birgə və əlaqəli fəaliyyət, möhkəm təşkilati struktur və müasir kommunikasiya vasitələrindən səmərəli istifadə dünya azərbaycanlılarının beynəlxalq arenada daha təsirli və davamlı şəkildə təmsil olunmasına geniş imkanlar yaradır.

Sonda isə, fürsətdən istifadə edib, xaricdə yaşayan bütün həmvətənlərimizə uğurlar arzulayır və qarşıdan gələn Novruz bayramlarını təbrik edirəm".


Pərvin Şakirqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda hazırlanıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər