Səməd Vurğun BDU tələbələrinin müstəqil Azərbaycan dövləti qurulması haqda məktubuna niyə cavab vermədi?..
Ekskluziv
1116
18:29, Bu gün

Səməd Vurğun BDU tələbələrinin müstəqil Azərbaycan dövləti qurulması haqda məktubuna niyə cavab vermədi?..

Sual: Siz Səməd Vurğuna yazdığınız anonim məktubda dövlətə böhtan ataraq yazırsınız ki, Azərbaycanın yüzlərlə istedadlı, dahi incəsənət adamları günahsız yerə öldürülüb. Bu antisovet məzmunlu məktubda kimləri nəzərdə tuturdunuz? Cavab: XDİK tərəfindən həbs edilmiş M. Müşfiq, dramaturq Hüseyn Cavid və başqaları...”
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...                                                                                                       
“Filologiya. Rəhimov İsmixan Məmməd oğlu.
 
(Əvvəli burada:)
 
“...İsmixan müəllimin dördüncü istintaqı 30 sentyabr 1948-ci ildə olub. 
 
Müstəntiq əvvəlcə ondan 28 sentyabrda verdiyi ifadəni təsdiq edib-etmədiyini soruşub. O, İ. Rəhimovdan təsdiqləyici cavab aldıqdan sonra Səməd Vurğuna nə səbəbdən və hansı şəraitdə antisovet millətçi məktub yazılması barədə təkrar ətraflı məlumat verməyi tələb edir. 
 
“Cavab: Mən 1942-ci ildə ADU-nun filologiya fakültəsinin Azərbaycan bölməsinə daxil olub orada oxudum. Qeyd edim ki, bu dövrdə qrupumuzun tələbələri arasında millətçi əhval-ruhiyyə yüksək idi. Məsələn, belə əhval-ruhiyyəni özündə əks etdirən epizodlardan biri belə olmuşdu: Həmkarlar təşkilatının  sədri (onun soyadını unutmuşam) səhər yeməyi üçün tələbələrin siyahısını tərtib etmişdi. Bu siyahıda rus, erməni və azərbaycanlı tələbələrin adları var idi. 
İndi Moskvada yaşayan və SSRİ Nazirlər Sovetində tərcüməçi işləyən tələbə yoldaşım İslam İbrahimov  həmkarlar təşkilatına təklif etdi ki, siyahıdan rus uşaqlar çıxarılsın, onların səhər yeməyi azərbaycanlı və erməni tələbələr arasında paylansın.  Bunu  dedikdən sonra o bildirdi ki, Azərbaycan azərbaycanlılara və ermənilərə məxsusdur. Qoy ruslar başqa şəhərlərdə oxusunlar. Azərbaycanlılar başqa şəhərlərdə bunu edə bilməzlər. Tələbələr arasında həm də söhbət gəzirdi ki, Azərbaycanda dövlət dili Azərbaycan dili deyil, rus dilidir. Azərbaycan dilində ali məktəb tələbələri üçün kifayət qədər dərs vəsaiti və proqramı yoxdur. Rus dilini bilməyənlər Azərbaycanın idarə və müəssisələrində məsul iş tapa bilməzlər. Ona görə azərbaycanlı kadrların inkişafı və böyüməsi lazımı qədər baş vermir...  
 
Baxmayaraq ki, 1943-1944-cü tədris ilində mən ADU-dan APİ-yə oxumağa dəyişildim, ancaq ADU-nun filologiya fakültəsinə yenə gedir, orada ədəbi dərnəkdə olan mənimlə bir qrupda oxuyan Elman Ağayev və soyadını unutduğum digər uşaqlarla görüşürdüm.  Dəqiq ayı yadımda deyil, 1943-1944-cü tədris ilində mən ADU-nun binasında filologiya fakültəsinin tələbəsi Elman Ağayevlə görüşdüm. Aramızdakı söhbət zamanı o, mənə müstəqil milli Azərbaycan respublikası yaratmaq üçün millətçi gənclər təşkilatı yaratmağın zəruriliyini bildirdi. Onun fikri ilə tam razılaşdım. Onunla belə millətçi söhbət bir neçə dəfə oldu. Onun ölümündən sonra mən şagird yoldaşım və ADU-da bir yerdə oxuduğum Elman Ağayev, İsrafil İbrahimov kimi antisovet, millətçi dünyagörüşə malik Gülhüseyn Abdullayevlə tez-tez görüşməyə başladım. Dəqiq ayı və günü yadımda deyil, 1943-1944-cü tədris ilində baş tutan görüşlərin birində G.Abdullayev mənim timsalımda özünə həmrəy adam tapdığı üçün mənə birbaşa başqa respublikalardan asılı olmayan müstəqil, milli Azərbaycan Respublikası yaratmaq məqsədilə millətçi gənclər təşkilatı yaratmağı təklif etdi. Mən onun bu təklifi ilə tam razı oldum və yaradacağı təşkilata daxil olmağa söz verdim.  G.Abdullayev mənə söylədi ki, bu təşkilata cəlb edəcəyim başqa yoldaşlarım da var.  O, Aydın və Kamalın adını çəkdi. Sonra məni onlarla tanış etdi. Sonradan mən bu təşkilata Abdullayev Musanı cəlb etdim”. 
 
Beləliklə, səhər saat 11:00-da başlayan istintaq 14:15-də  başa çatıb.
 
Təxminən 10 saatdan sonra, elə həmin gün, yəni 30 sentyabr 19:48-ci ildə, gecə saat 00:00-da istintaqın davamı və ya beşinci  istintaq başlayıb.
 
Dindirmənin əvvəlində  müstəntiq İ.Rəhimovdan Musa Abdullayevi haradan tanıdığını, təşkilata necə cəlb etdiyini ətraflı danışmağı təklif edir. O, M.Abdullayevi 1943-cü ilin əvvəllərindən tanıdığını, onun da ikiillik xarici dil kursunu bitirdiyini, savadlı, təmkinli bir tələbə olduğunu söyləyir...
 
(...)
 
Bu istintaq cəmi yarım saat çəkib, 01 oktyabr gecə birin yarısında başa çatır.
 
05 oktyabr 1948-ci ildə növbəti altıncı istintaq keçirilib.
 
Müstəntiq İ.Rəhimovdan 11 may 1944-cü ildə S.Vurğuna məktub yazmaqda nə məqsəd güddüklərini, onun mahiyyətini geniş tanışmağı təklif edir.
 
Maraqlıdır ki, sual rusca olsa da, cavab Azərbaycan dilindədir. Bu cavabda, ehtimal ki, təqsirləndirilənin psixoloji durumundan irəli gələn çoxlu səhvlər var. Fikir və məntiq ardıcıllığının pozulduğu dərhal görünür. 
 
“Bu məktubu S.Vurğuna Yazıçılar İttifaqında may ayında keçirilən iclasındakı çıxışından sonra Gülhüseyn Abdullayevlə birlikdə mən yazmışam. O zaman biz təşkilatı yaratmışdıq. Səmədin çıxışının məzmunu yadımda deyil. Mən həmin plenumda olmamışam. Lakin onu bilirəm ki, onun çıxışında bizi ona məktub yazmağa vadar edən əhval-ruhiyyə var idi.  Onu deyə bilərəm ki, öz çıxışında S.Vurğun ədəbiyyatımızın lazımı qədər inkişaf etmədiyini qeyd etmişdi ki, biz də bu çıxışdan sonra Səmədin simasında öz həmfikrimizi gördük. Bu məktubu S.Vurğuna yazmaqla biz istəyirdik ki, onunla öz fikirlərimiz haqqında məsləhət edək və onun bu barədə fikirlərini öyrənək. Bu məktubla biz S.Vurğundan təşkilatımıza rəhbərlik ümidi gözləyirdik. Lakin bu barədə S.Vurğun bizə bir cavab vermədi”. 
 
Yazıq S.Vurğun, gecə vaxtı ona çatdırılmış, müəllifi məlum olmayan məktuba necə və kimin vasitəsilə cavab verə bilərdi. Digər tərəfdən, o necə əmin olsun ki, bu NKVD-nin təxribatı deyil? Təəssüf ki, cavabsız suallardır.
Müstəntiq ondan Zeynalov Hacını necə və haradan tanıdığını soruşub. Qısa cavabdan sonra bu istintaq da başa çatıb. 
 
Növbəti istintaq 06 oktyabr 1948-ci ildə səhər saat on birə iyirmi beş dəqiqə işləmiş başlayıb.
 
Müstəntiq ondan Musa Abdullayevi necə və haradan tanıdığını, gizli antisovet təşkilata necə cəlb etdiyini, həmçinin gizli təşkilat üzvü olan Aydın, Kamal, Azər haqqında bildiklərinin hamısını danışmağı tələb edib.  O, M.Abdullayev haqqında geniş məlumat verib, digər şəxsləri yaxşı tanımadığını, onları təşkilata G.Abdullayevin cəlb etdiyini bildirir.
 
Müstəntiq İ.Rəhimovdan təşkilatın mövcud olduğu dövrdə neçə iclas keçirdiklərini, hansı məsələləri müzakirə etdiklərini, Proqram və Nizamnamənin kimin yazdığını, nə qədər üzvlük haqqı yığıldığını, bu vaxt qəbz verib-verilmədiyini soruşur. 
 
O, Proqram və Nizamnamənin hazırlanmasının ona həvalə edildiyini, lakin müəyyən səbəblərdən bunu yerinə yetirə bilmədiyini, hər bir üzvün ayda 50 rubl üzvlük haqqı verdiyini, üzvlük haqqı yığılarkən qəbz verilmədiyini, iclaslarda protokol yazılmadığını, orada siyasi söhbətlər aparıldığını bildirib. Müstəntiq üzvlük haqqı məsələsinə yenidən toxunub onu kimin yığdığını soruşub. 
 
“Cavab: Üzvlük haqqını Hacı Zeynalov yığırdı. Üzvlük haqqı 350-400 rubl yığılırdı. Təşkilat dağılandan sonra o pulu mənimsədilər.” 
 
Ümumiyyətlə, ifadədə bir neçə ziddiyyətli fikirlərə rast gəlmək mümkündür. Müstəntiq ondan neçə dəfə üzvlük haqqı verdiyini, bu barədə haradasa qeyd aparılıb-aparılmadığını soruşduqda o, dəqiq yadında olmadığını, bir və ya iki dəfə 50 rubl verdiyini, verilən pulun H.Zeynalov tərəfindən qeyd-edilib edilmədiyini bilmədiyini söyləyir. 
 
Bundan başqa ondan təşkilatın adının necə olması da soruşulub. O isə təşkilata ad verilmədiyini bildirir. Bununla da istintaq başa çatıb. 
 
Elə həmin gün, 6 oktyabr 1948-ci ildə İsmixan Rəhimova ittiham aktı elan edilib. Bu akta görə İ.Rəhimov Sovet hakimiyyətinə düşmən münasibətdə olan gəncləri ətrafında toplayaraq Sovet hakimiyyətinə qarşı mütəşəkkil millətçi iş aparmaqda ittiham edilirdi.
 
8 oktyabr 1948-ci ildə müstəntiq səhər saat 11:00-da İ.Rəhimova  Azərbaycan SSR cm-nin 72-ci maddəsi ilə ittiham elan edib. 
 
Ondan Azərbaycan dilində “İşin mahiyyəti aydındırmı?”, “Özünü günahkar hesab edirsənmi?” deyə soruşub. O, özünü tam günahkar hesab etdiyini, işin mahiyyətin başa düşdüyünü və ona Azərbaycan dilində izah edildiyini bildirib. İstintaq saat 12:25-də qurtarıb.
 
11 oktyabr 1948-ci ildə istintaq yenidən davam edib.
 
Müstəntiq ondan ilk dəfə nə vaxt, necə antisovet fəaliyyətə başladığını, təşkilatda yeri və rolunun nədən ibarət olması, hansı işləri yerinə yetirməsi, kimləri cəlb etməsi, təşkilatda tanıdığı adamların ad və soyadını, iclasların harada keçirilməsini, Musa Abdullayevin təşkilatda hansı rola malik olmasını, nə işlər görməsini soruşub. O, əvvəlki istintaqda verdiyi cavabları demək olar ki, eyni məzmunda təkrar edib.
 
2 noyabr 1948-ci ildə davam edən istintaqda maraqlı hadisə baş verib. Müstəntiq ondan yenidən əks-inqilabçı antisovet millətçi fəaliyyəti barədə danışmağı tələb edir. O, isə bu barədə əvvəllər danışdığını, dediklərinə əlavəsi olmadığını söyləyir.  
 
Müstəntiq “Sizin antisovet millətçi təşkilatınız necə adlanırdı?” deyə soruşduqda “qəflətən” təşkilatın adı onun yadına düşüb. 
 
“Cavab: Bizim antisovet millətçi gənclər təşkilatının adı “İldırım”, “Molniya” idi”. 
 
Maraqlıdır ki, təqsirləndirilən əvvəlki istintaqda təşkilatlarının adının olmadığını bildirmişdi, indi isə birdən-birə, dərhal təşkiların adını söyləyib.
 
Görünür, əvvəlki istintaqdan keçən iyirmi gün ərzində XDİK-nın istintaq təcridxanasında ona necə cavab verməyi “başa salıblar”. Bu “başa salma”nın sovet istintaq üsulunun nədən ibarət olması isə hər kəsə aydındır. 
 
Müstəntiq İ.Rəhimovdan  hansı iclasda və nə zaman bu adın seçildiyini soruşub. Cavab “xatırlamıram” olur. Bu dəfə ondan təşkilata bu adın kimin seçdiyi barədə danışmaq təklif olunur. Cavab yenə “xatırlamıram” olur. 
 
“Andı hansı iclasda qəbul etmişiniz və kim tərtib etmişdi? Cavab: Mənim tərəfimdən tərtib olunub, G. Abdullayev tərəfindən redaktə olunub. Sual : Andın məzmununu danışın. Cavab: Təxminən belə idi: “Duza, çörəyə and olsun, Anamın qanına, torpaq haqqına and içirəm ki, xalqımızın tam müstəqilliyi, azadlığı uğrunda mübarizə aparacağam, dostlarıma sona qədər sədaqətli olacağam. Əgər tərəfimdən bu and pozularsa, qoy onlar məni lənətləndirib cəzalandırsınlar”. 
 
Sual: Bu andın əsli harada saxlanılır? Cavab: Aydının evində and qəbul edildikdən sonra onun əsli məhv edildi. Sual: Onun qəbul edildiyi iclasda kimlər iştirak edirdi. Cavab: Mən, G.Abdullayev, Kamal, Aydın. Sual: Onun məzmunu ilə razı idinizmi? Cavab: Bəli”. 
 
Bu istintaqdan iki gün sonra 4 noyabr  1948-ci ildə növbəti istintaq aparılıb.
 
...Müstəntiq sonra İ. Rəhimovdan universitetin tələbələri arasında  apardığı antisovet fəaliyyət haqqında, M. Abdullayev, G. Hüseynovla necə tanış olmaları, aralarındakı antisovet söhbətlər və s. haqqında geniş danışmağı tələb edib. O, verilən suala ətraflı cavab verib.  
 
“...Bakı şəhərində tələbə gənclərdən ibarət antisovet millətçi təşkilat yaratmağın zəruriliyindən danışırdıq. Bu təşkilatı yaratmaqla məqsədimiz ayrı, müstəqil Azərbaycan milli  respublikasını yaratmaqdan ibarət idi. Və ona təklif etdim ki, bu təşkilata daxil olsun. O da razılığını bildirdi”. 
 
Müstəntiq ondan M.Abdullayevdən başqa təşkilata kimləri cəlb etdiyini soruşub. O, isə “ başqa heç kim” deyə bildirib. Digər sual hansı iclasda və nə vaxt antisovet millətçi gənclər təşkilatının Proqram və Nizamnaməsinin yazılmasının ona tapşırılması ilə bağlı idi. İ.Rəhimov xatırlamıram cavabını verib. 
 
Müstəntiq yenidən təşkilatın yaranmasının gün, ay və ilini soruşduqda, o gün və ayı xatırlamadığını, il isə 1944-cü il olduğunu bildirib.
Bundan sonra ondan təşkilatın Proqram və Nizamnaməsinin mahiyyətindən daha geniş danışmaq tələb olunub. 
 
“Cavab: Təşkilat mənə bu barədə tapşırıq versə də, ancaq mən onu yerinə yetirmədim. Çünki bunu necə yerinə yetirməyi, tərtib etməyi bilmirdim. Sual: Antisovet yığıncaqlarınızda daha hansı məsələləri müzakirə edirdiniz? Cavab: Növbəti iclasların birində mənə bu təşkilatın andının mətnini yazmaq tapşırıldı. Tezliklə onu tərtib etdim. G.Abdullayev onu redaktə etdi. Sonra onu Aydının evində iclasda oxudum”. 
 
(...)
 
Bundan sonra müstəntiq təqsirləndirilənə qarşı konkret ittiham irəli sürərək ondan özünü günahkar hesab edib-etmədiyini soruşur: “Sual: İndi anladınızmı ki, Siz Sovet hakimiyyətinin əleyhinə antisovet millətçi fəaliyyətlə məşğul olmuşunuz? Cavab: Bəli”.
 
Əvvəlki istintaqda təşkilatın adı, yaranma tarixi ilə bağlı verilən suallar və cavablar təkrar olunduqdan sonra bu istintaq saat 15:00-da qurtarıb. 
 
Ertəsi gün saat 9:30-da istintaq yenidən davam edib.       
 
Müstəntiq bu dəfə ondan təşkilatın üzvləri, o cümlədən digərləri haqqında geniş, ətraflı məlumat verməyi tələb edib. İ.Rəhimov ona məlum olan üzvlərin hamısı haqqında danışdığını, bununla bağlı əlavəsinin olmadığını, başqa adamları tanımadığını bildirir. 
Müstəntiq yenidən təkidlə ona həqiqəti danışmağı, təşkilatın digər üzvləri barədə də danışmağı tələb edib. 
 
(...)
 
Bununla növbəti istintaq başa çatıb. 
 
Bundan on üç gün sonra, 17 noyabr 1948-ci ildə növbəti istintaq həyata keçirilib.                
 
(Davamı var)
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər