Estoniya mümkün müharibə zamanı düşməni sərhədlərinə çatana qədər vurmaq üçün uzaqmənzilli raketlər və pilotsuz təyyarələr almaq niyyətindədir. Bu barədə “Defence One” nəşrinə müsahibəsində Estoniya Dövlət Müdafiə İnvestisiya Mərkəzinin rəhbəri Maqnus-Valdemar Saar bildirib. O, qeyd edib ki, məqsəd düşmən qüvvələri cəbhə xəttinə çatmamış sıradan çıxarmaqdır:
“İndiki vaxtda siz sadəcə olaraq tank əleyhinə silahlarla və ya buna bənzər bir şeylə yaxın döyüşdə döyüşə bilməzsiniz. Biz daha dərinə getməliyik. Düşmən qüvvələri cəbhə xəttinə çatmamış onları sıradan çıxarmalıyıq”.
Göründüyü kimi, Estoniya dövləti mümkün müharibə zamanı düşəmən qüvvələrini sərhədə yaxınlaşmamış məhv etməyi hərbi baxımdan prioritet məsələlərdən biri hesab edir. Hansı ki, NATO üzvü olan Estoniyanın bu gün sadəcə nəzəriyyə kimi irəli sürdüyü ideya, Azərbaycan Ordusu tərəfindən illər öncə praktikada yüksək səviyyədə reallaşdırılıb. Həm 2016-cı ilin aprel döyüşlərində, həm 2020-ci ilin Vətən müharibəsində, həm də 2023-cü ilin lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin əsas qüvvələri ilə yanaşı, onlara köməyə gələn ehtiyat qüvvələri cəbhə xəttinə çatmamış məhv etib. Bunun üçün müasir raket sistemləri ilə yanaşı, həm də PUA-lardan bacarıqla istifadə edən hərbçilərimiz, düşmən qüvvələrin birləşməsinə imkan verməyib, bu yolla qələbənin qısa müddətdə reallaşmasını təmin ediblər.
Estoniyanın bu gün gündəmə gətirdiyi məlum taktikanın Silahlı Qüvvələrimiz tərəfindən bir neçə il öncə əməli baxımdan uğurla gerçəkləşməsi Azərbaycanın yüksək hərbi inkişafının göstəricisi sayıla bilər. Bu fakt bir daha sübut edir ki, Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazılan digər uğurları da dünya dövlətləri tərəfindən hələ uzun illər öyrəniləcək, Silahlı Qüvvələrimiz tarixin yaddaşında çoxsaylı ilklərin pioneri kimi yer alacaq.
Seymur ƏLİYEV