Məlum olduğu kimi, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Xankəndini Azərbaycan ərazisi adlandırıb.
Rusiyanın məlum bəyanatını Azərbaycanın diplomatik uğuru və onun haqlı mövqeyinə beynəlxalq sferada verilən dəstək kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Rusiya XİN-in Xankəndini Azərbaycan ərazisi adlandırmasında qeyri-adi heç nə yoxdur. Ermənistanın belə bunu qəbul etdiyi halda, Rusiyanın başqa mövqe göstərməsi Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edərdi. Rusiyaya qarşı münasibətin nə qədər də birmənalı olmamasına baxmayaraq, Azərbaycan tərəfi olaraq ikili münasibətlərdəki müsbət tendensiyaları nəzərə alaraq hesab etmək olar ki, Rusiyanın mövqeyindəki konstruktivlik Azərbaycan tərəfindən də xoş qarşılanmalıdır.
Rusiyanın bu münasibətini Azərbaycan və Ermənistan arasındakı münaqişənin bitirilməsi üçün həlledici addım hesab edirik. Bəyanata göstəriləcək münasibətin də xoşməramlı olması məqbuldur.
Rusiyanın məlum bəyanatı təbii ki, Azərbaycanın diplomatik uğuru və onun haqlı mövqeyinə beynəlxalq arenada verilən dəstəyin mühüm təzahürüdür. Hesab edirəm ki, regionun gələcəyinə olan ümidləri artırmaqla yanaşı, region ölkələrinin bir-biriləri ilə əməkdaşlığına olan istəklərini də göstərir”.
Seymur ƏLİYEV