Vətən müharibəsindən sonra start götürən Ermənistanın sürətli silahlandırılması prosesi davam edir. Bugünlərdə Ermənistanın Cənubi Koreyadan tank almaq imkanlarını nəzərdən keçirdiyi məlum olub. Görünən odur ki, İrəvan ABŞ, Fransa və Hindistanın ardınca, Cənubi Koreyadan da müasir texnikalar almaqla öz hücum imkanlarını maksimum səviyyəyə qaldırmaq istəyir. Lakin həm Ermənistanın, həm də ona bu texnikaları almaq üçün milyonlar ayıran dövlətlərin anlamadığı bir həqiqət var. Onlar hələ də başa düşmür ki, məsələ texnukada, raket və tankların sayında deyil. Məsələ insan faktorundadır.
Azərbaycan 44 günlük Vətən müharibəsində ona görə qalib gəlmədi ki, onun texnikası Ermənistanın hərbi texnikasından daha güclü, daha mükəmməl idi. Azərbaycan ona görə qalib gəldi ki, onun hər bir hərbçisi qəlbində və köksündə, qanında və genetikasında ulu babalarının qəhrəmanlıq ruhunu daşıyırdı. Onlar vətənlərinə olan sonsuz sevgi və sədaqəti düşmənə qarşı ən dəhşətli silaha – nifrət və cəsarətə çevirə bildilər. Məhz bunun sayəsində Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində Şuşa kimi strateji şəhəri heç bir texnikanın iştirakı olmadan, sadəcə yüngül silahlarla düşməndən təmizləməyi bacardı. Bu fakt bir daha sübut etdi ki, müharibəni texnika deyil, mübariz əsgər ruhu qazanır. Erməni toplumunda, erməni əsgərindən çatışmayan məhz budur və heç bir texnika, heç bir raket bu boşluğu kompensasiya edə, doldura bilməz.
Odur ki, Ermənistana verilən istənilən hərbi texnika bəribaşdan itirilmiş hesab oluna bilər və 44 günlük Vətən müharibəsində ordumuzun məhv etdiyi, hərbi qənimət kimi ələ keçirdiyi düşmən texnikalarının uzun kalonları bunun ən böyük isbatıdır.
Seymur ƏLİYEV