Elxan Şahinoğlu: “Putin bu generalları cəzalandıracaq...”
“Ukrayna Rusiya ərazisinə müdaxilə etməklə, Putinin imicinə böyük zərbə vurdu”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib ki, Putin öz imicini qismən də olsun bərpa etmək üçün Ukrayna ordusunu Rusiya ərazisindən mümkün qədər qısa zamanda çıxarmağa çalışacaq:
“Putin əlindən gələni edəcək ki, Ukrayna ordusunu öz ərazisindən çxıarsın. Lakin Ukrayna xeyli uğuru təmin edib. Ukrayna Putinin imicinə zərbə vurmaqla yanaşı, xeyli əsir götürüb. Hansı ki, gələcəkdə onları ukraynalı əsirlərlə dəyişə biləcəklər. Əgər Ukrayna ordusu Rusiya əraziisndə möhkəmlənə bilsə, bu, gələcək danışıqlarda Kiyevin mövqeyini xeyli möhkəmləndirəcək.
Kurskda baş verənlə göstərdi ki, Rusiya sərhədləri etibarlı şəkildə qorunmur. Putin yəqin ki, buna görə generalları cəzalandıracaq. Lakin bu gün üçün əsas məqsəd Ukrayna ordusunu Rusiya ərazisindən çıxarmaqdır.
Ukrayna göstərdi ki, əgər Rusiya onun ərazisini işğal edirsə, onun da Rusiya ərazisinə müdaxilə etmək hüququ var.
Baş verənlər Rusiyanın imicinə ona görə böyük zərbə oldu ki, İkinci Dünya müharibəsindən bugünə qədər Rusiya ərazi itkisinə məruz qalmayıb. Rusiya Ukrayna ordusunu öz ərazisindən çıxarmaq üçün aparacağı mübarizədə böyük itkilər verəcək. Yəqin ki, proseslər hələ uzun müddət bu şəkildə - aktiv hərbi qarşıdurma şəklində davam edəcək. Çünki real sülh üçün hələ ki, heç bir perspektiv görünmür”.
Seymur ƏLİYEV