Ukraynanın Kursk istiqamətində həyata keçirdiyi hücumların gözlənildiyindən də effektiv alınması, hərbi-siyasi ekspertlərin son günlər müzakirə etdiyi əsas məsələlərdən biridir. Mütəxəssisləri düşündürən əsas məsələlərdən biri isə rus ordusunun Ukraynanın həmləsi qarşılığında sərgilədiyi çarəsizlik və böyük itkilərdir.
Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, rus qoşunlarının Ukrayna ordusuna müqavimət göstərə bilməməsinə səbəb onların sadəcə sayca az olması olmayıb. Rusların müdafiəni təşkil edə bilməməsinin əsas səbəbi, Kursk istiqamətində cəmləşən rus əsgərlərinin heç bir döyüş təcrübəsinə malik olmayan çağırışçılardan ibarət olması olub. Məhz bu amil – döyüş təcrübəsinin yoxluğu yüngül silahlarla silahlanan rus hərbçilərinə təcrübəli Ukrayna ordusu ilə döyüşdə uğur qazanmağa imkan verməyib. Bu səbəbdən də onların bir hissəsi elə ilk həmlədə öldürülüb, bir qismi isə əsir götürülüb.
ABŞ hərbi nəşri iddia edir ki, köməyə gedən rus hərbi birəşmələrinin bir çoxunun pusquya salınaraq darmadağın edilməsi də, Rusiyanın cəbhənin bu istiqamətini qeyri-peşəkarların ümidinə buraxdığını göstərir.
Seymur ƏLİYEV