Xəbər verdiyimiz kimi, Hindistan ilin sonuna qədər Ermənistana “Akaş-1S”( "Akash-1S") zenit-raket komplekslərini verəcək. Ermənistan həmçinin Fransadan da silah idxalını davam etdirəcək.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov Ermənistanın sürətlə silahlanmasının Cənubi Qafqazda hərbi gərginliyi artırdığını bildirib. O, qeyd edib ki, Ermənistanın silahlandırılmasında maraqlı olan ölkələr var ki, onların da adı hər kəsə məlumdur:
“Əlbəttə ki, Ermənistanın silahlanması regionda yeni hərbi qarşıdurma riskini artırır. Ancaq unutmaq olmaz ki, bu, Ermənistanın suveren qərarı və planı deyil. Bu planın üzərində Qərb, ABŞ, Fransa və Hindistan işləyib. Burada adları çəkilməyən digər dövlətlər də var ki, bunlar da Avropa İttifaqının üzvləridir. Onlar ciddi-cəhdlə Ermənistana köməklik göstərirlər. Onlar faktiki olaraq Ermənistanı müharibəyə sürükləyirlər.
Bu ilin 9-10 may tarixində Prezident İlham Əliyev Şuşada olarkən onlara xəbərdarlıq etdi. Bildirdi ki, əgər siz qırmızı xətləri keçsəniz, biz xəbərdarlıq etmədən bütün təhdidlərin qarşısını alacağıq.
Ermənistan Azərbaycanın mövqeyi haqqında məlumatlıdır. Əgər Ermənistan xarici qüvvələrin fitvasına uysa, ağılsızlıq və iradəsizlik göstərsə, o zaman ağır zərbə və növbəti məğlubiyyətlə qarşılaşacaq”.
Seymur ƏLİYEV