Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rusiyaya səfər edərək Prezident Vladimir Putinlə görüşüb, Baykal-Amur magistralı veteranlarının iştirakı ilə keçirilən tədbirdə iştirak edib.
Səfərlə bağlı Moderator.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu son vaxtlar Azərbaycanla Rusiya arasındakı münasibətlərin daha da yaxşılaşdığını bildirib:
“Rusiyanın hərbi hissələrini Qarabağdan çıxarması Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verirdi. Kreml bu məsələdə Bakıya təzyiq edə bilmədi. Əka halda bu tərəfdaşlığa xələl gətirərdi.
Rusiyanın Ermənistanda da mövqeləri zəifləmək üzrədir. Kreml Cənubi Qafqazı tam itirməmək üçün Zəngəzur dəhlizinə nəzarət etmək istəyir. Bakı Moskva ilə tərəfdaşlıq münasibətlərini davam etdirəcək, ancaq dəhlizə Rusiya hərbçilərinin nəzarət etməsi Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu halda Rusiya Orta dəhliz layihəsinin əhəmiyyətli kəsimini nəzarətində saxlayacaq. Bu Rusiyanın həm də Türk xəttini nəzarətdə saxlaması demək olacaq.
Azərbaycan Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməyə və regional layihələrin reallaşmasını sürətləndirməyə hazırdır. Misal üçün Kreml şimal-cənub nəqliyyat dəhlizinin yük daşıma yükünü artırmaq istəyir. Bu dəhliz Azərbaycandan keçir. Azərbaycan bu istiqamətdə üzərinə düşəni etməyə hazırdır, sadəcə Rəşt-Astara dəmirloyunun tikintisi həyata keçirilməlidir. Beləliklə, iki ölkə arasındakı münasibətlərdə yeni dövr başlayır. Biz ərazi bütövlüyümüzü və Qarabağ üzərində suverenliyimizi tam bərpa etdiyimizə görə Rusiya ilə siyasi münasibətlərdə problemləri ortadan qaldırmış olduq. Keçmiş illlərdə Rusiyadakı dairələr separatçılar və Ermənistana dəstək üzərindən Azərbaycana təzyiq edirdi. Bu amillər artıq mövcud deyil”.
Seymur ƏLİYEV