“25 il həmin stəkanlarla dünyanı gəzib, bu rəqsi ifa etmişəm”-FOTO
2256
20 Jul 2023 | 12:23

“25 il həmin stəkanlarla dünyanı gəzib, bu rəqsi ifa etmişəm”-FOTO

“Bəziləri deyirdi ki, bu rəqslər köhnəlib, bizə lazım deyil, neynirik oynayırıq”
 
Azərbaycan rəqsləri özündə qədim və zəngin tarixi daşıyır. Eramızdan 2-3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. İllər keçdikcə daha çox rəqslər meydana gəldi. Bəs görəsən bir çox milli rəqslərimizə niyə yeni quruluşlar verilmir? 
 
Mövzu ilə bağlı ustad rəqqasə, əməkdar artist Aliyə Ramazanova Moderator.az-a bildirib ki, köhnə rəqslərimizi unutmaq olmaz. 
“Bizim milli rəqslərimiz, milli incəsənətimizdir. Həmin rəqslər o qədər gözəldir ki, onları nəinki sevmək, onların möhtəşəmliyi sevgidən də artıqdır. Uzun illər qastrol səfərlərində mən və həmkarlarım milli rəqslərimizi təbliğ etmişik. Rəqs sənəti incəsənətin incə və gözəl növü olduğu qədər, həm də hamı tərəfindən başa düşülən beynəlxalq dildir. Hamı rəqs edərək öz hisslərini ifadə edə bilir. İllər öncə oynadığım rəqslər bu gün demək olar ki, yoxdur. O rəqslər asan ərsəyə gəlmirdi. Bəstəkarların mahnılarına rəqslər hazırlayırdılar. Rəssamlar geyimlərimizə baxırdı. “Vağzalı-Mirzeyi”, “İnnabı”, “Tərəkəmə”, “Ovçular”, “Nazlana-nazlana”, “Tirməşal” və s. rəqslərimiz hal-hazırda itib-batıb, ifa olunmur. Hazırda rəqs sənəti ilə məşğul olanlara tövsiyyə edərdim ki, bu rəqslər bizim fonotekamızda var. Heç olmasa ora baxıb, bu rəqsləri yada salsınlar. Dərs deyən müəllimlər var, yutubdan izləyib, bu rəqsləri qursalar heç də pis olmaz. Çünki heyfdir o rəqslər. Bəziləri deyir ki, o köhnə rəqslərdir, bizə lazım deyil! Elə demək olarmı?! 25  il uşaqlarla çalışmışam, həmişə o rəqsləri ifa ediblər, əlavələrimi etmişəm” deyə sənətkar bildirib.
 
Aliyə Ramazanova deyir ki, Əminə Dilbazidən sonra “Vağzalı-Mirzeyi” rəqsi ilə o tanınıb.
“Bilirsiniz ki, hər rəqqasə bir rəqslə tanınır. Əminə Dilbazi “Vağzalı-Mirzeyi” rəqsini oynayanda mən sənətə yeni gəlmişdim. Bu çox çətin rəqs idi. Qarşıma məqsəd qoydum ki, bu rəqsi öyrənəcəm. 20 ildən sonra hamı təqaüdə gedirdi. Əminə Dilbazi dedi ki, bu rəqsi kim ifa edəcək?! Dedim ki, əlbəttə ki, mən. Onlar bilmirdilər ki, mən artıq bu rəqsi öyrənmişəm. 25 il o stəkanlarla bu rəqsi dünyada ifa etmişəm. “Vağzalı-Mirzeyi” mənim ən uğurlu rəqslərimdən biri olub” deyə o bildirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər