Bu gün ibtidai təhsilimizdə vəziyyət ürəkaçan deyil. İbtidai sinif müəllimləri repetitorluğa, əlavə hazırlıqlara həddindən artıq meyl edir, nəticədə, tədris prosesi kölgədə qalır. Bu hal sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanır. İbtidai sinif müəllimlərinin repetitorluq sevdası azyaşlı şagirdlərə qarşı bəzən laqeyd münasibətin də yaranmasına səbəb olur. Çünki tamamilə repetitorluq fəaliyyətinə fokuslanmış bəzi ibtidai sinif müəllimləri şagirdləri də məhz bu rakursdan qiymətləndirir və onların bu xidmətindən istifadə etməyən şagird vəvalideynlərə ikili münasibət sərgiləyirlər. Bu isə azyaşlı şagird psixologiyasına birbaşa ağır zərbə vurmuş olur.
“5-6 repetitor bir məktəbi əvəz edə bilməz”
Professor, Əməkdar elm xadimi Şahlar Əsgərov Moderator.az-a açıqlamasında təkcə ibtidai təhsildə deyil, ümumən, təhsilin bütün sahələrinə repetirorluğun vurduğu ziyanlardan söz açıb:
“İbtidai təhsil orta və ali təhsildən daha vacibdir. İbtidai təhsildə uşaq bir növ dünyaya göz açır, beyni formalaşır, yaddaş əmələ gəlir. Bu yaddaşı nə qədər sağlam etsək, millət də bir o qədər sağlam olacaq. İbtidai təhsilə bu cür laqeyd münasibət ümumi təhsilə ağır zərbədir.
Ümumilikdə, repetitorluq millətə arxadan vurulmuş bıçaq yarasıdır. Müəllim evdə dərs deyə bilər, amma, uşaqlarda vətənpərvərlik hissləri formalaşdıra bilməyəcək. Məktəb kompleks bir yerdir. 5-6 repetitor bir məktəbi əvəz edə bilməz”.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri məsələnin həqiqətən də çox ciddi problem olduğunu, lakin bir o qədər də kölgədə qaldığını bildirib:
“Təəssüf ki, bu cür ciddi və fəsadları ölçülə bilinməyəcək bir problem həm cəmiyyət, həm də medianın diqqətindən kənarda qalıb. Bu gün biz təhsilimizin inkişafını istəyiriksə, öncə və təcili surətdə ibtidai təhsilə nəzər yetirməliyik. İbtidai siniflərdə bu gün nə yaşanır, azyaşlı şagirdlər hansı bilinməyən və görünməyən şüuraltı zərbələri alırlar – bunlardan xəbərsizik. Təhsil sahəsində yaşanan neqativ hallar arasında bu problem sanki yox kimidir! Xeyr, bəlkə də ən ciddi problemlərdən biri elə budur! Azyaşlı uşağın həssaslığı, psixoloji durumu, hissiyyat duyumu daha kövrəkdir. Onu istənilən an, çox asanlıqla əzmək olar. Amma bizim pedaqogikanı, onun təməl və müqəddəs prinsiplərini, psixoloji aspektlərini bilməyən bir çox ibtidai sinif müəllimləri asanlıqla azyaşlını əzməklə məşğuldurlar. Bu gün ibtidai sinif müəllimlərinə nəzarət xüsusilə artırılmalıdır. Onlarda aşırı dərəcədə inkişaf edən repetitorluq sevdasına mütləq qarşı çıxılmalıdır. Doğrudur, bu yaş qrupunda elə uşaqlar ola bilər ki, onlarda fokuslanma, mövzuların mənimsənilməsi, qavrama kimi məsələlərdə gerilik yaranar və elə azyaşlılarla müəllimin əlavə saat götürərək işləməsi vacibdir. Hətta bu işinin müqabilində müəllimin valideyndən aldığı əlavə ödənişi da anlamaq olar. Lakin bu gün bir çox ibtidai sinif müəllimləri düşünür ki, sinifdə nə qədər şagird varsa, hamısı onun yanına əlavə hazırlığa gəlməyə borcludur! Onlar 6-8 yaş aralığındakı uşağa, eləcə də onun valideyninə asanlıqla təlqin etmək imkanına malikdirlər. Şagirdlə işləmək psixologiyasını bilməyən bir çox belə “müəllimlər” burada xüsusi “məharət” göstərərək azyaşlının həm özünə, həm də valideyninə psixoloji təsir göstərib, onları repetirorluq xidmətinə inandırırlar. Bir sözlə, təhsilimizin xilasının ilkin düsturu bu gün ibtidai siniflərdə nəzarəti gücləndirməkdir!”