Jurnalistikada peşəkarlıq meyarlarının, etik kodekslərin daha da inkişafı kimi irəli sürülən əsas məsələlərdən biridə müxtəlif sahələr üzrə ixtisaslaşmanın aparılmasıdır. Xarici ölkə mediasında bu prosesə çoxdan start verilib. Bir çox tanınmış qəzet, jurnal, informasiya agentliklərinin müxtəlif sahələr üzrə ixtisaslaşmış jurnalistləri həm də o istiqamətdə ən ciddi ekspertlərdən hesab edilirlər. Təkcə qardaş Türkiyə mediasında siyasət, iqtisadiyyat, idman və s. sahələrlə bağlı ixtisaslaşmış tanınmış qələm adamları var.
Bizdə isə siyasət, idman sahələrini çıxmaq şərtilə digər istiqamətlərdə vəziyyət o qədər də ürəkaçan deyil. Təhsil məsələləri ilə bağlı materialları işləyən, bu sahədə istisaslaşmış jurnalistlərimiz demək olar ki, yoxdur. Bu amil elm və təhsilin kütləviləşməsinə, təbliğinə də müəyyən mənada əngəl yaradıb.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Azərbaycan Mətbuat Şurasının sədr müavini Vüqar Əliyev Moderator.az-a elm təhsil sahəsində ixtisaslaşmanın vacibliyi ilə bağlı açıqlamasında maraqlı detallara toxunub. V.Əliyev elm sahəsi üzrə ixtisalaşmanın dünya təcrübəsində rolunu qeyd edərək, ölkəmizdə də bu sahəyə yüksək maraq olacağını bildirib:
“Bu ixtisaslaşmaya kifayət qədər müraciət də olacaq”
“Jurnalistika fakültələri üçün elmi jurnalistika üzrə yeni ixtisasın yaradılmasından daha çox, magistraturada yeni ixtisasın açılmasına ehtiyac var. Dünya təcrübəsinə nəzər salsaq, elm sahəsini özünə prioritet götürən kifayət qədər TV kanalı var. Elmi-populyar üslubda xüsusi jurnallar dərc edilir, mobil tətbiqlər yaradılır. Bu formatı ölkəmizə gətirmək üçün, təbii ki, kadr lazımdır. Kadr hazırlığını isə məhz ixtisaslaşma ilə həyata keçirə bilərik. Mənə elə gəlir ki, bu ixtisaslaşmaya kifayət qədər müraciət də olacaq”.
“Mövzu ilə bağlı lazımı qurumlara dəfələrlə müraciət etmişik”
V.Əliyev jurnalistika fakültəsinə bəzi ixtisasların əlavə olunması ilə bağlı lazımı qurumlara müraciət etdiklərini bildirib:
“Hazırda jurnalistika fakültələrində ictimaiyyətlə əlaqələr, PR-la bağlı yeni ixtisasların yaradılmasına ehtiyac var. Məncə, biz bu sahədə hətta gecikmək üzrəyik. Mövzu ilə bağlı lazımı qurumlara dəfələrlə müraciət etmişik. Bu ixtisaslar üzrə qəbul keçiriləcəyinə ümid edirik. Çünki müasir dövrdə bizə ictimaiyyətlə əlaqədar ali təhsilli professional kadrlar lazımdır. Bu ixtisas üzrə baza, kadr var sadəcə ixtisas yoxdur. İxtisas olsa bu sahədə olan boşluqları böyük mənada aradan qaldıra bilərik”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, MŞ idarəheyətinin üzvü Müşfiq Ələsgərli redaksiyalarda maddi və kadr azlığı məsələlərinə toxunaraq ixtisaslaşma zamanı məhz bu amillərin əngəl yaratdığını qeyd edib:
“Jurnalistlərin ixtisaslaşmasının daha yaxşı effekt verməsi beynəlxalq təcrübədə də öz əksini tapır. İqtisadiyyat, mədəniyyət, idman və s. sahələr üzrə ixtisaslaşmış kadrların olması, daha dolğun, etibarlı materialların yaradılmasına gətirib çıxarır. Bu baxımdan, jurnalistlər arasında ixtisaslaşmanın aparılması təbliğ edilir. Hazırda Azərbaycanda redaksiyalarda hər sahə üzrə xüsusi ştatın ayrılması arzuedilən olsa da praktiki baxımdan real görünmür. Redaksiyaların həm büdcələri zəifdir, həm də kadr çatışmazlığı özünü göstərir. Nəticədə hər sahə üzrə bir əməkdaş ayırmaq çətin məsələyə çevrilir. Ən azından, ayrıca sahələr üzrə olmasa da, siyasət, mədəniyyət, sosial məsələlər kimi müəyyən istiqamətlər üzrə ixtisaslaşma özünü göstərməlidir”.
"Jurnalistlərə müxtəlif istiqamətlər üzrə təlimlər keçirirlər"
M.Ələsgərli açıqlamasında mövcud boşluğu aradan qaldırmaq üçün jurnalistlərin ayrı-ayrı təşkilatlar tərəfindən təlimlərə cəlb edildiyini qeyd vurğulayıb:
“Yaranmış boşluğu aradan qaldırmaq üçün Media İnkişafı üzrə Dövlət Agentliyi, Azərbaycan Mətbuat Şurası və s. kimi qurumlar, təşkilatlar tərəfindən jurnalistlərə müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir. Bu məsələdə Media Agentliyi son illərdə daha intensiv işlər görür. Belə seminarların keçirilməsi, həm jurnalistlərin öz sahələri üzrə insanlarla əlaqələrini formalaşmasına, həm də öz istiqamətləri üzrə bilik və bacarıqlarını formalaşdırmasına kömək edir."