Bir söz deyəcəm, qınayacaqlar ki, Heydər yenə başladı qaşınmayan yerdən qan çıxarmaga. Buna baxmayaraq kim nə deyir-desin, məni narahat edən bir məsələyə münasibət bildirməyi özümə borc bilirəm.
Dünən Azərbaycan Yazıçılar Birliyində keçirilən bir
tədbirə getmişdim. Binanın
üçüncü
mərtəbəsinin
foyesində divardan asılmış şəkillərə baxdım. Divardan Azərbaycan ədəbiyyatının irili-xırdalı bütün nümayəndələrinin
şəkilləri asılmışdı. Bircə Hüseyn Caviddən başqa. Halbuki şəkilləri foyenin
dörd tərəfini bəzəyən həmin şairlərin, yazıçıların hamısı zamanında ona “Cavid əfəndi” deyə müraciət edirdilər və həqiqətən
də bu müraciətlərində çox səmimi idilər.
Cavid əfəndinin böyüklüyünü nəinki ətrafina
toplaşanlar, hətta düşmənləri belə etiraf ediblər. Heç uzağa getməyək. Sovet
hakimiyyətinin bu görkəmli şairə münasibəti hər kəsə bəllidir. Sözügedən rejim
onu ailəlikcə repressiyaya
uğradıb, necə deyərlər, bu nəcib soyu yer üzündən sildi; oğlu Ərtoğrul baxımsızlıqdan vərəmlədilərək
öldürüldü, şair ailəsinin yeganə sağ qalan nümayəndəsi- qızı Turan xanımın ailə
qurmasına belə imkan verilmədi. Hüseyn Cavid qoxusu yer üzündən kəsilsin deyə.
Amma şairə qarşı bu qədər qəddar münasibət bəsləyən sovet hakimiyyəti belə
Cavid dühasını inkar edə bilmədi. Adı dərslik kitablarımızı bəzədi. Sovet
ideologiyasına tərs gələn şeirləri bizlərə əzbərlədildi.
Bəs, indi nə baş verib ki, ona bu cür soyuq münasibət
bəslənilir? Özü də hətta Yazıçılar Birliyi adlı qurumun binasında. Yoxsa, Cavid əfəndinin günahı
övladının hansısa hakimiyyət kürsüsündə millətin halal tikəsinə göz dikməməsi,
korrupsiyaya bulaşmamasıdır? Doğrudanmı bu ölkədə şəklinin hansısa binanın
kirli divarını bəzəməsi, adının tarixə düşməsi üçün ya özün, ya övladın mütləq
haram yeməlidir? Kimsə bu sualıma cavab verəcəkmi, Cavid əfəndidən
verib ala bilmədiyiniz nədir axı, deyin biz də bilək də...