Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü tamam olacaq. Maraqlıdır, Cümhuriyyət dönəmi, Azərbaycanın müstəqilliyinin qorunması uğrunda aparılan mübarizə, rus işğalı və s. kimi məsələlər Azərbaycanın bədii ədəbiyyatında öz əksini qismən də olsa tapıbmı?
Moderator.az-a açıqlama verən görkəmli şair Rüstəm Behrudi bu sahədə vəziyyətin ürəkaçan olmadığını vurğuladı:
“Cümhuriyyət dönəmindəki istiqlal savaşımızın bədii inikası yoxdur. Mən bədii cəhətdən belə bir şey görmədim. O dövrün mübarizləri, görülən işlər, edilən fədakarlıqlarla bağlı zənnimcə, monumental ədəbi nümunə mövcud deyil. Ancaq düşünürəm ki, bundan sonra bu cür nümunələr hökmən olacaq.
Təbii ki, 1920-ci ildən 90-cı illərə qədər bu barədə nə isə yazmaq qeyri-mümkün idi. Lakin müstəqilliyimizdən bu günə qədər hardasa 30 ilə yaxın vaxt keçib. Həmin dövr ədəbi müstəvidə işıqlandırılmayıb. Lakin tarixi tədqiqat baxımından konkret addımlar atılıb. Sevindiricidir ki, bununla bağlı bədii əsərlər olmasa da, bu cür tarixi əsərlər mövcuddur. Nəsiman Yaqublunun, Şirməmməd Hüseynovun Cümhuriyyətlə bağlı apardığı tədqiqatlar çox maraqlıdır və mən bu əsərlərin hamısını oxumuşam. Ancaq bir daha deyirəm ki, Cümhuriyyətlə bağlı bədii nümunələr yoxdur. Ancaq ümid edirəm ki, olacaq”.
Seymur Əliyev