XVI əsrin sonunda Gəncə-Qarabağ əyalətində mövcud olan vəqflərin ən önəmlisi «Şeyx Nizami vəqfi» hesab edilirdi. XVI əsrin sonunda Gəncə şəhəri Osmanlı hakimiyyətinə tabe edildikdən sonra «Şeyx Nizami vəqfi»nin də gəlirləri qeydiyyata alınmışdır. "Şeyx Nizami vəqfi" haqqında ilk məlumat türk tarixçisi Fəxrəddin Kırzıoğlu tərəfindən verilib. Fəxrəddin Kırzıoğlu 1979-cu ildə Ankara Universitetinin Ədəbiyyat fakültəsi tərəfindən nəşr edilən «Araşdırma» jurnalında çap etdirib.
1593-cü il...Osmanlı vilayət tahrir dəftərlərində adı çəkilən Gəncə-Qarabağ sancağının ulus və oymaqları» adlı məqaləsini dərc etdirərək elmi ictimayyətin diqqətini yeni bir sənədə yönəldir. Müəllif adı çəkilən məqalədə, XVI əsrin sonunda Osmanlı dövləti tərəfindən Cənubi Qafqazda (əsasən Azərbaycan ərazisi) tətbiq edilən idarə sistemi, əhalinin sosial-iqtisadi vəziyyəti və Gəncə-Qarabağ əyalətində mövcud olan vəqflərin(əsasən «Şeyx Nizami vəqfi» haqında) iqtisadi imkanları haqqında geniş məlumat verib.
Moderator.az AMEA, Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Cavid Qasımov Nizami vəqfi haqqında çox maraqlı qeydlərini oxuculara təqdim edir:
«Şeyx Nizami vəqfi» haqqında Azərbaycanın elmi mühitinə ilk məlumat mərhum akademik Həmid Araslı tərəfin-dən verilmişdir. Akademik Həmid Araslı 1983-cü ildə «Ədəbiyyat və incəsənət» qəzetində «Nizami vəqfi haqqında yeni sənəd» adlı məqaləsini nəşr etdirərək, Azərbaycanda Nizami Gəncəvi irsinin araşdırılmasına çox qiymətli tövhə vermişdir.
1984-cü ildə «Ədəbiyyat və incəsənət» qəzetində Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı Husaməddin Məmmədov və mərhum akademik Ziya Bünyadovun birlikdə hazırladıqları «Nizami vəqfi haqqında sənədə dair» adlı məqalə nəşr edildi. Məqalədə, «Şeyx Nizami vəqfi» haqqında ümumi məlumatlarla yanaşı, onun osmanlıca yazılmış mətni də Azərbaycan dilinə tərcümə edilərək verilmişdi.
«Gəncə-Qarabağ əyalətinin icmal dəftəri»nin məlumatlarına görə «Şeyx Nizami vəqfi»nin büdcəsi təkcə, Atabəy Qızıl Arslan tərəfindən verilən Həmdünyan(Osmanlı qaynaqlarında həmçini İlə kimi də qeyd olunur) kəndinin torpaqlarının gəlirləri əsasında formalaşmırdı. Gəlirlərinin artmasına əhali tərəfindən qəbrin ziyarətgaha çevrilməsi, hökmdarlar, tacirlər, sənətkarlar və cəmiyyətin digər təbəqələrinə mənsub olan varlı adamların öz əmlaklarının hamısını və ya bir hissəsini vəqf etməsi çox ciddi təsir göstərmişdir. «Gəncə-Qarabağ əyalətinin icmal dəftəri»nə əsasən Osmanlı hakimiyyəti illərində aşağıdakıların gəlirlərinin birbaşa «Şeyx Nizami vəqfi»nə verildiyini görürük.
1. Həmdünyan kəndinin gəlirlərinin bir hissəsi
2. Adı bilinməyən ikinci bir kəndin gəlirləri
3. Torpaq ərazisi (məzra)
4. Bir bağ
5. Bir bostan
6. Mal-qara saxlanılan ərazi
7. Gəncə qalasında iki nalbənd dükanı
8. Gəncə qalasında bir qəssab dükanı
9. Gəncə qalasında bir çörək dükanı
10. Gəncə qalasındakı bir imarətin iki hücrəsi
«Gəncə-Qarabağ əyalətinin icmal dəftəri»ndə «Şeyx Nizami vəqfi»nin illik gəlirinin 17 min 480 ağça (gümüş pul)olduğu qeyd olunur. Əldə olunan vəsait bir hissəsi aşağıdakılara sərf olunurdu.
1. Tevliyyət- yəni vəqfin idarə edilməsi işlərinə
2. Cibayət-yəni vəqfin gəlirlərini toplanması işlərinə
3. Taamiyyə-yəni ərzağın alınmasına
4. Qurban kəsilməsinə
5. Fərraşın maaşının ödənməsinə
6. Türbədarın maaşının ödənməsinə
7. Şah Abbas məscidindəki müəllimlərin maaşının ödənməsinə
8. Şeyx Nizaminin türbəsinin təmir olunmasına
9. Şeyx Nizaminin türbəsinin işıqlandırılmasına
10. Yoxsullar və yolçular üçün yemək hazırlanmasına
11. Mədrəsə tələbələrinin ehtiyaclarının ödənməsinə