Rahiblərin çantasından 110 kiloqram narkotik çıxdı
Dünya
487
16:13, Bu gün

Rahiblərin çantasından 110 kiloqram narkotik çıxdı

Şri-Lankada paytaxt Kolombo hava limanında inanılmaz hadisə yaşanıb.

Moderator.az xəbər verir ki, çantalarında ümumilikdə 110 kiloqram marixuana daşıyan 22 buddist rahib gömrük əməkdaşları tərəfindən saxlanılıb. 

Gömrük rəsmilərinin verdiyi məlumata görə, şənbə günü ölkəyə gələn rahiblərin hər birinin çantasında xüsusi düzəldilmiş gizli bölmələr aşkarlanıb. Hər çantadan narkotikin çox güclü növü hesab olunan "Kush"dan təxminən 5 kiloqram tapılıb.

"Xeyriyyə paketi" adı ilə narkotik qaçaqmalçılığı

Əksəriyyəti tələbələrdən ibarət olan rahiblərin adı açıqlanmayan bir sponsorun maliyyə dəstəyi ilə Taylandda 4 günlük tətildən qayıtdıqları məlum olub. İstintaq çərçivəsində səfəri təşkil etdiyi düşünülən 23-cü bir rahib isə şəhər kənarında polis tərəfindən saxlanılıb. Polis sözçüsünün verdiyi məlumata görə, qrupa rəhbərlik edən həmin rahib digərlərini çantaların içindəki bağlamaların "iaşə və ianə" olduğuna inandırıb. Onlara bildirilib ki, hava limanında bağlamaları təhvil almaq üçün xüsusi avtomobil gözləyəcək.

Mülki geyimdə tətil fotoları ortaya çıxdı

Şri-Lanka Polis Narkotik Bürosu müxtəlif məbədlərdən olan rahiblərin telefonlarını araşdırarkən maraqlı faktlarla rastlaşıb. Belə ki, rahiblərin tətil zamanı dini geyimlərini çıxararaq mülki paltarlarda əyləndiklərini əks etdirən foto və videolar aşkarlanıb.

Bazar günü məhkəmə qarşısına çıxarılan 22 rahib istintaq müddətində 7 günlük həbs edilib. Narkotik maddənin məktəb ləvazimatları və konfetlərin arasında gizlədilməsi rahiblərin nə daşıdıqlarından həqiqətən xəbərsiz olduqları ehtimalını da gündəmə gətirib.

Qeyd edək ki, bu hadisə Şri-Lanka tarixində bir qrup rahibin narkotik qaçaqmalçılığı şübhəsi ilə kütləvi şəkildə saxlanıldığı ilk hadisə kimi qeydə alınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər