SSRİ-nin Xalq artisti, məşhur estrada müğənnisi Alla Puqaçovanın Rusiyaya mümkün səfəri ilə bağlı yeni məlumat yayılıb.
Moderator.az osnmedia.ru-ya istinadən xəbər verir ki, prodüser Sergey Dvortsov sənətçinin aprelin 15-də, doğum günündə ölkəyə qayıtmağı planlaşdırdığını bildirib.
Onun sözlərinə görə, bu səfər yalnız şəxsi səbəblərlə məhdudlaşmır. Puqaçovanın Rusiyada aktivləri və yaradıcılıq fəaliyyəti ilə bağlı bəzi məsələləri həll etməyi düşündüyü qeyd olunur. Prodüser bu məlumatın etibarlı mənbədən əldə edildiyini vurğulayıb.
Xatırladaq ki, müğənni sonuncu dəfə 2023-cü ilin mayında Rusiyaya səfər edərək modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak etmişdi.
Bundan əvvəl isə "Puqaçova baharı" layihəsinin prodüseri Andrey Krasnobayev Moskvada Puqaçovaya həsr olunan ənənəvi fan festivalının ictimaiyyət nümayəndələrinin şikayətlərindən sonra ləğv edildiyini açıqlamışdı.