Almaniya kansleri Fridrix Merts ABŞ ilə İran arasında danışıqların uğursuz nəticələnməsinin onun üçün gözlənilməz olmadığını bildirib və bunu onların kifayət qədər hazırlıqlı olmaması ilə izah edib.
Moderator.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə o, Berlində jurnalistlərə bildirib.
"Məndə elə lap əvvəldən bu danışıqların həqiqətən yaxşı hazırlandığına dair heç bir təəssürat yox idi", - Merts tənqidinin hansı tərəfə aid olduğunu dəqiqləşdirmədən qeyd edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Vaşinqton və Tehran arasında çoxsaatlı danışıqlar razılaşma əldə edilmədən başa çatıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında ABŞ blokadasını pozmağa cəhd edəcək bütün İran gəmilərini məhv etməklə hədələmişdi.