Cənubi Koreyada ticarət meydançalarını bürüyən təşviş yerli "KOSPI" indeksinin 2008-ci ilin payızından bəri ən kəskin gündəlik düşməsinə səbəb olub.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat verib.
Məlumata görə, indeks 12%-dən çox dəyər itirib.
Agentliyin qeyd etdiyi kimi, son bir ildə dünyada ən yaxşı göstəricilər nümayiş etdirən Koreya səhm bazarı ardıcıl iki gün çöküb. Daha əvvəl süni intellekt bumu sayəsində 50% yüksələn "KOSPI" indeksi martın 3-də 6 165.15 bənd təşkil edib, martın 4-də isə bağlanışa qədər 5 090.79-a düşüb. Materialın müəllifləri vurğulayırlar ki, süni intellekt sahəsindəki uğurlar fonunda sürətlənmənin eyforiyası yox dərəcəsinə qədər azalır, borca götürülmüş vəsaitlərdən istifadə edilməklə əməliyyatların məcburi satışı isə, ehtimal ki, itkiləri sürətləndirəcək. Müəlliflər, həmçinin qeyd edirlər ki, İranın Hörmüz boğazını bağlaması və bununla əlaqəli neft qiymətlərinin artması fonunda investorlar öz investisiyalarını yenidən nəzərdən keçirirlər.
Qeyd edək ki, Seul dünyada səkkizinci ən böyük neft istehlakçısıdır və Hörmüz boğazı vasitəsilə tədarük edilən karbohidrogenlərin əsas alıcısıdır. Ötən gün Asiya da daxil olmaqla, bir çox dünya birjaları Yaxın Şərqdən gələn xəbərlər fonunda dəyər itirib.