Çinlə artan ziddiyyətlər fonunda ABŞ “Şərq nəhəngi” ilə müharibə ssenarisini məşq etməkdə davam edir.
Moderator.az ABŞ hərbi mənbələrinə istinadən xəbər verir ki, Pentaqon qoşunları belə bir müharibəyə hazırlamaq üçün onların Hind-Sakit okean məkanında təlimlər keçməsini zəruri hesab edir. Bu məqsədlə də ABŞ ordusu cəngəlliklərdə ağır hərbi təlimlərə start verib. Təlimlər zamanı cəngəllik şəraitində hərbi əməliyyatlar aparmaq, müxtəlif tələlər, kustar üsulla partlayıcılar hazırlamaq, qayalıqları və çayları keçmək, pusqular qurmaq v.s. kimi hərəkətlər məşq edilib.
Təlimləri müşahidə edən ABŞ hərbi ekspertləri hesab edir ki, amerikan ordusunun son 20 ildə İraq, Əfqanıstan, Suriya kimi səhralıq ərazilərdə ölkələrdə antiterror tədbirləri həyata keçirməsi ordunun cəngəllik şəraitində döyüş qabiliyyətini xeyli dərəcədə zəiflədib. Bu səbəbdən də nöqsan və çatışmazlıqları aradan qaldırmaq üçün cəngəlliklərdə keçirilən hərtbi təlimlərin yaxın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Ekspertlər hesab edir ki, ordunun “səhradan cəngəlliyə” dönüşü vacibdir və bu təlimlər cəngəlliklərdə baş verəcək mümkün hərbi əməliyyatlara hazırlıq baxımından həyati əhəmiyyət kəsb edir.
Seymur ƏLİYEV