Çanaqqalanın Damyeri bölgəsində baş verən və küləyin təsiri ilə böyüyən yanğının söndürülməsi üçün işlər təxminən 20 saatdır davam edir. Ehtiyat tədbiri olaraq doqquz kənd boşaldılıb, evlərə ziyan dəyib.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yanğınla mübarizə üçün 2 659 canlı qüvvə, səkkiz təyyarə, 26 helikopter, 240 su çəni, 71 su tankeri, 328 maşın və tikinti texnikası cəlb olunub.
Kayadere Kurşunlu kəndlərini təhlükə altına alan yanğınla əlaqədar örüşdə olan heyvanlar ərazidən çıxarılıb. Çanaqqala-Çan quru yolu bağlanıb, Çanaqqala boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti dayandırılıb.
Yanğın Radar bazasına çatdığı üçün baza da boşaldılıb.
Yanğınsöndürmə işləri davam edir.