Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Aİ-nin Çinin yüksəlişindən qorxmadığını bildirib və həmçinin Pekini sülh və təhlükəsizlik də daxil olmaqla daha çox məsuliyyət götürməyə çağırıb.
Bu barədə Avropa diplomatiyasının başçısı ertələnmiş Çin səfərində çıxış etməli olduğu nitqi öz bloqunda dərc edərək yazıb.
“Biz Çinin yüksəlişindən qorxmuruq. Bununla belə, biz bilirik ki, sabahkı dünyanın tarixi də Çinin öz gücündən necə istifadə etməsindən asılı olacaq”.
O bildirib ki, dünya fövqəladə iqlim vəziyyətinə və koronavirus pandemiyasının nəticələrinə qarşı durmalıdır. Aİ diplomatiyasının rəhbəri hesab edir ki, Çin sülh və təhlükəsizlik də daxil olmaqla daha çox məsuliyyət götürməlidir.
“Çin və Aİ arasında güclü iqtisadi əlaqələr var”, - diplomat yazıb. Bununla belə, Aİ və Çin arasında azaldılmalı olan natarazlıq var. Borelin qeyd etdiyi kimi, Aİ açıq sistemin saxlanmasında maraqlıdır və ədalətsiz hərəkətlərdən qorunmaq üçün tədbirlər görməkdən çəkinməyəcək.
Avropanın baş diplomatı etiraf edir ki, Aİ kobalt, manqan və maqnezium kimi müəyyən xammallara görə Çindən “həddindən artıq” asılıdır. Eyni zamanda, o əlavə edib ki, həyati vacib maraqlar mövzusu olduqda Aİ asılılıqdan tez qurtula bilər.
“Biz “vahid Çin” siyasətinə prinsipial olaraq sadiq qalırıq. Biz onu şübhə altına almaq üçün heç bir səbəb görmürük... Bununla belə, status-kvonu güc yolu ilə dəyişdirmək cəhdi qəbuledilməz olacaq”.
Aİ diplomatı həmçinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı Çinə “dost məsləhəti” verib və bildirib ki, Pekin münaqişənin siyasi həllinə kömək etməsə, “Aİ-nin Çinlə etimad münasibətlərini davam etdirməsi son dərəcə çətin, hətta qeyri-mümkün olacaq”.
Borel insan haqları məsələsinə də toxunaraq, Aİ ilə Çin arasında bu mövzuda “dərin və ciddi” fikir ayrılıqlarının olduğunu xatırladıb.
Qeyd edək ki, Aİ-nin xarici siyasət idarəsinin başçısı koronavirusa yoluxduğundan Çinin paytaxtı Pekinə səfərini ertələyib.