Ukraynada bir müddət bundan öncə səngiyən hakimiyyət-müxalifət qarşıdurması son günlər mahiyyət etibarlə yeni mərhələyə qədəm qoyub. Geniş xalq kütlələrinin dəstəyi ilə hərəkətə keçən müxalif qüvvələr Ukraynanın bir çox şəhərində dövlət idarələrini ələ keçirərək faktiki olaraq mərkəzi hakimiyyətin bu bölgələrdəki nəzarətinə son qoyub. Ekspertlər isə hesab edir ki, Ukraynadakı mübarizənin taleyi daha çox Kiyevdə baş verən qarşıdurma sonucunda bəlli olacaq ki, bu da ya Yanukoviçin, ya da demokratik qüvvələrin ciddi məğlubiyyəti ilə nəticələnəcək.
Ukrayna olaylarında prinsipial əhəmiyyət kəsb edən amillərdən biri də ordu faktorudur ki, hələ də bu faktorun hakimiyyətdən və ya xalqdan yana olduğu bəlli deyil. Ukraynanın Müdafiə Nazirliyi Kiyev ətrafındakı desant birliklərinin mərkəzə gətirilməsi ilə bağlı göstəriş verildiyini elan etsə də, ordu birliklərinin xalqa qarşı zor tətbiq edəcəyi inandırıcı görünmür. Əksinə, bəzi siyasilər hesab edir ki, ordunun etirazçılarla həmrəylik nümayiş etdirməsi mümkündür ki, bu da Yanukoviçin sonu deməkdir.
Son günlər reallaşan qarşıdurmalar nəticəsində həm etirazçılar, həm də güc orqanları tərəfindən onlarla insanın ölməsi faktına diqqət çəkən bəzi siyasilər hesab edir ki, ilkin dönəmlərdən fərqli olaraq proses dönməz xarakter alıb və dinamik surətdə inkişaf edəcək. Yanukoviç hakimiyyətinin yaxın günlərdə iflas edəcəyi ilə bağlı ehtimalları gücləndrən amillərdən biri də Qərbin Kiyev hakimiyyətindən aşkar şəkildə üz döndərməsidir. Belə ki, qarşıdurmalar zamanı yaşanan insan itkilərinə görə, birmənalı şəkildə mərkəzi hakimiyyəti ittiham edən Qərb, etirazçılardan yana mövqe sərgiləməklə müxalif qüvvələrə həm də mənəvi-psixoloji baxımdan dəstək verir ki, bu da indiki halda maddi dəstəkdən heç də az əhəmiyyətli deyil.
Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbər politoloq Ərəstun Oruclu hesab edir ki, hələlik proseslərin gələcək inkişafı ilə bağlı qəti proqnoz vermək çətin olsa da, mənzərə və konturların kifayət qədər aydınlaşdığı inkaredilməzdir. Politoloqun sözlərinə görə, Qərbin sərgilədiyi mövqe, xüsusilə də Ukrayna məmurlarına qarşı sanksiyalar tətbiq etməsi Kiyev hakimiyyətinə kifayət qədər ciddi xəbərdarlıq hesab edilə bilər: “Mən deməzdim ki, Ukraynada proseslər həlledici nöqtəyə çatıb. Lakin bu bir həqqətdir ki, konturlar aydınlaşmağa başlayıb. Bir tərəfdə Ukrayna hakimiyyəti çalışır ki, Maydanla zor yolu ilə davransın, digər tərəfdən isə müəyyən addımlar atıb dayanmağa məcbur olur. Bu məsələdə sona qədər gedə bilmir. Əlbəttə ki, bu qətiyyətsizliyin çox ciddi səbəbləri mövcuddur. Birincisi, odur ki, beynəlxalq aləmdə, demokratik ölkələrdə Ukrayna məmurlarına qarşı sanksiyalar tətbiq edilməyə başlanılıb. Bu, Ukrayna hakimiyyətinə çox ciddi mesajdır. Digər tərəfdən, Ukrayna hakimiyyətinin bəzi dairələri Rusiya tərəfindən Maydanı zor gücü ilə dağıtmağa və lazım olarsa, yüzlərlə insanı öldürməyə sövq edilir. Bu isə Yanukoviç hökumətini faktiki olaraq pat vəziyyətinə qoyur”.
Politoloqun qənaətincə, Yanukoviç hakimiyyəti sürətlə öz güc və nüfuzunu itirməkdədir ki, bu da Rusiyada ciddi təlaş və narahatlıqla müşahidə edilir. Ə.Oruclunun fikrncə, məhz bu narahatlığın nəticəsidir ki, Rusiya telekanallarında rus ordusunun Ukraynaya yeridilməsi ilə bağlı fikirlər səslənməkdədir: “Son günlər müşahidə olunan budur ki, Ukrayna prezidenti öz hakimiyyətini itirə-itirə gedir. Hətta iş o yerə çatıb ki, Rusiya telekanallarında Ukrayna ilə bağlı açıq təbliğat gedir. Bildirilir ki, Rusiya qardaş xalqa kömək etməlidir. Ukraynaya sülhməramlı qüvvələr yeridilməli, proseslər üzərində Ukrayna hakimiyyətinin nəzarətinin təmin edilməsinə nail olunmalıdır. Lakin Rusiyanın nə deməsindən asılı olmayaraq, müşahidə edilən odur ki, Ukraynada hakimiyyət tədricən çökməyə doğru gedir. Zənnimcə, yaxın bir sutka ərzində, bəlkə də bir qədər də tez situasiya aydınlaşacaq”.
Ekspertin sözlərinə görə, rus ordusunun Ukraynaya yeridilməsi ilə bağlı fikirlər son vaxtlar müəyyən akuallıq qazansa da, belə bir olayın baş verəcəyi istisnadır. Ə.Oruclu hesab edir ki, indiki məqamda rus ordusunun bu ölkəyə müdaxiləsi yolunda bir sıra maneələr var ki, bunlardan da biri Ukrayna ordusudur. Ekspertin qənaətincə, Rusiya belə bir müdaxilə etmək üçün yalnız Yanukoviç hakimiyyətinin deyil, həm də Ukrayna ordusunun rəyini nəzərə almalıdır: “Rusiyanın Ukraynaya ordu yeridəcəyini güman eləmirəm. Düşünmürəm ki, Rusiya belə bir ağrılı addım ata. Unutmaq olmaz ki, burada Ukrayna ordusu amili də var. Ukrayna ordusunun məlum situasiyada hansı mövqedən çıxış edəcəyi, necə bir davranış sərgiləyəcəyi bəlli deyil. Ukrayna və Rusiya arasında sırf hərbi məsələlərlə bağlı xeyli sayda fikir ayrılıqları olub və bu gün də var. Ukrayna ordusunun rəyini nəzərə almadan belə bir addımın atılması Rusiya üçün arzuedilməz nəticələrə səbəb ola bilər. Yəni Rusiya yalnız günbəgün və bəlkə də saatbasaat zəifləyən Yanukoviç hakimiyyəti ilə anlaşaraq belə bir addım atarsa, o zaman ilk növbədə Ukrayna ordusu ilə üz-üzə gələ bilər. Bu isə bütün dünyada yalnız bir cür qəbul ediləcək: təcavüz və işğal cəhdi kimi”.
Seymur Əliyev