Sırf iqtisadi tələblərlə, o cümlədən qazın qiymətinin aşağı salınması və maaşların artırılması ilə başlayan etirazlar Almatı şəhərini bürüdükcə yeni müstəviyə keçdi.
Avropa.info xəbər verir ki, bu barədə “Anadolu”nun müxbirinə Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekulı məlumat verib.
Diplomat qeyd edib ki, Qazaxıstanın bir çox şəhərlərində aksiyalar dinc xarakter daşısa da, ölkənin ən böyük şəhəri Almatıda etirazçılardan bəziləri qanundan kənara çıxıb, təxribatlar təşkil ediblər.
Onun sözlərinə görə, aksiya iştirakçılarından bəzilərinin səsləndirdiyi tələblər ekstremist xarakter daşıyır.
“Qazaxıstan prezidentinin dediyi kimi, son hadisələrdə həm daxili, həm də xarici qüvvələrin izlərini görmək olar. Prezident bunu açıq şəkildə göstərdi”, - deyə səfir bildirib.
Diplomatik nümayəndəliyin rəhbəri qeyd edib ki, Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları dinc şəraitdə davam edir, buna baxmayaraq, bir sıra yaşayış məntəqələrində miqyası vandalizm həddinə çatan hadisələr baş verib.
“Təhlükəsizlik qüvvələrinə hücumlar var, təhlükəsizlik qüvvələri arasında itkilər var. Almatıda vandalizm faktları olub. Almatı şəhərinin akimat binasında yanğın təşkil edilib, KİV-ə hücum edilib. Daxili İşlər Nazirliyi, Milli Qvardiyanın bölmələri və hərbçilər Almatıda təxribatçıları dağıtmaq üçün tədbirlər görür. Bu şəxslərə qarşı gözyaşardıcı qazdan da istifadə olunur”, - diplomat bildirib.
Saparbekuly xatırladıb ki, bütün Qazaxıstanda fövqəladə vəziyyət elan edilib.
Səfir Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatından və türkiyəli sosial şəbəkə istifadəçilərinin Qazaxıstanda baş verənlərə reaksiyasından məmnunluğunu ifadə edib.
Saparbekuli əmin olduğunu bildirib ki, Qazaxıstanda sabitliyi xalqın sağlam düşüncəsi sayəsində bərpa etmək olar.